Seçki təbliğatı aparmaq, qapı-qapı gəzmək, insanlarla söhbət etmək və onları inandırmaq, toplaşmaq, yığıncaqlar keçirmək xeyli çətinləşib. Oğru hakimiyyətimiz təkcə sərvətlərimizi çırpışdırmır, onlar bütün imkan və azadlıqlarımızı sonacan məhdudlaşdırmaq istəyir. Amma dayanmaq olarmı? Bu gün deyiləsi, yazılası başqa mövzular var, yaxud ediləsi və görüləsi başqa işlər ola bilər, amma əsas hədəf seçkidir. Hədəf demokratik kəsimin böyük birliyinin namizədi olan Cəmil Həsənlinin inamla seçkini udmasıdır.
Ona görə də seçkidə iştirak etməyi, səs verməyi faydasız sayanları da seçkiyə gətirməliyik. Yuxarıda yazdığım kimi, bu yöndə işləmək üçün çətinliklər mövcuddur. Amma imkanlar yox da deyil. Axtardıqda, fantaziya etdikdə hakimiyyətin də mane ola bilməyəcəyi üsullar mövcuddur.
Məsələn, ictimai münasibətlərdə olduğunuz insanlardan əlavə, qohumları, qonşuları, tanışları, dostları, həmçinin məktəb, universitet, ordu və iş yoldaşlarını, həmyerliləri, həmkəndliləri fərdi qayda da seçkiyə dəvət etmək, onların ölkəmizin gələcəyi naminə Cəmil Həsənliyə səs verməyə çağırmaq olar. Seçki təbliğatı dövründə gündəm bu mövzu ilə xeyli aktuallaşacaq. Anidən ovqatlar namizədlərə yönələcək. O zaman insanlarla söhbət aparmaq da daha asan olacaq.
Buna qədər bir qalın dəftər götürüb yuxarıda sadaladığımız adamların geniş siyahısını tutmaq olar. Yəni hər kəs özü üçün bir hədəf qrupu müəyyən edə bilər. Seçki təbliğatına start verilən kimi həmin adamlarla görüşməyə başlayırsınız, çox uzaqda olanlarla internet və telefonla əlaqə saxlayırsınız. Təbii ki, üstünlüyü üzbəüz görüşməyə vermək lazımdır, lakin bu hal mümkün olmadıqda kommunikasiyanın başqa üsullarına üz tutursunuz. Hətta başqa üsullar olmadıqda kimlərəsə sadəcə arzunuzu ortaq yaxınlarınızla ismarış edirsiniz. Eyni zamanda adamlardan xahiş edirsiniz ki, onlar da sizin kimi edib, öz yaxınlarını, tanışlarını, qonşu və dostlarını seçkiyə çağırsınlar. Hətta eynən sizin kimi işləyən kiçik bir dəstə də formalaşdıra bilərsiniz.
Sadaladığımız adamlarla görüşmək çətin deyil, çünki onlarla şəxsi əlaqələriniz var. Təxminən bu ona bənzəyir ki, toyuna getdiyiniz və toya çağırdığınız adamları indi seçkiyə çağırırsınız. Demokratik ənənələri olan ölkələrdə də bu üsuldan istifadə edilir – partilər, şənliklər, qonaqlıqlar, şəxsi görüşlər təşkil etməklə. Amma biz sadəcə yerli gerçəkliyi nəzərə alırıq, daha asan üsulla görüşüb söhbətlər edir, tanıdığımız insanları toy və ya başqa məclis əvəzinə birbaşa seçkiyə çağırırıq.
Bu, qanuni və demokratik bir üsuldur. Avtoritarizmə qalib gəlmək üçün siz öz yaxınlarınızı demokratiyaya dəstək verməyə çağırırsınız. Bu günlərdə Moskva şəhərinin mer seçkilərində uğurlu kampaniya aparan Aleksey Navalnı tərəfdarlarına müraciət etmiş və onların edə biləcəyi işlərin siyahısından ibarət sənəd yaymışdı. Baxdım, Navalnı da qohumlara, qonşulara, dostlara və tanışlara müraciət etməyə, onları seçkiyə çağırmağa səsləyib.
Bu qələbə Azərbaycan xalqına çox lazımdır. Çünki bu qələbə onun iradəsinin ifadəsi olacaq. Xalqın fikrini heçə sayan, özünü hakimi-mütləq hesab edən Əliyevlər rejimi görməlidir ki, tiranların bir-bir çökdüyü tarixi zamanda onu istəməyən, hər zaman kükrəyə biləcək bir xalqla üz-üzədir.
Sonda səslərin sayının saxtalaşdırılacağı ehtimalı da bizi həvəsdən salmalı deyil. Seçkilər saxtalaşdırıldıqda xalqın güclü dəstəyi və meydana çıxması ilə ədaləti bərpa etmək, qələbəni qəbul etdirmək mümkündür. Əgər xalqın proseslərə güclü dəstəyi, meydanlara çıxıb ədaləti bərpa etdirməsi seçkidən dərhal sonra mümkünləşməsə belə, seçkidə qələbə elə vacib mənəvi üstünlük gətirəcək ki, məhz onun üzərində gələcək uğurları, faydalı prosesləri qurmaq olar. Bu fikri təkrar-təkrar yazmaqda fayda görürəm. Seçkidə qələbə bütün hallarda ölkədə dəyişiklik üçün böyük sərmayə olacaq.