Simasız Quldurlar Partiyası yaşadıqca

Qəribədir – qışda açıq dənizdə üzə bilən bir adam yayda çimərlik istirahəti günlərində həyatla vidalaşır. Elə bil Azərbaycanın taleyindəki təzaddır. Müstəqillik əldə etdik ki, daha azad və ədalət içində yaşayaq, ədalətin və haqqın olmadığı bir topluma çevrildik. Ikinci respublikanı bərpa etdik, monarxiya idarəçiliyinə tuş olduq. Sərvətlərimizin yadellilər tərəfindən yağmalanmasından qurtulmasına ümidli idik, özümüzünkülər düşməndən betər etdilər. 

Sirus Təbrizlinin vəfatında gördüyüm tale təzadının üzərinə Azərbaycanın bu təzadlarını niyə əlavə edirəm? Çünki Sirus Təbrizli bu təzadların bitməsini görməli idi. Azərbaycan xalqı indi bu təzadların bitməsini gözləyir. Çoxları bunu gözləyir. Çoxları bunu görəcək – şübhə yoxdur…

Sirus Təbrizli də bunların bitməsini görməli idi. Çünki həm müstəqillik hərəkatının qəhrəmanlarından idi və həm də bütün bu təzadların səbəbi olan rejimin qurucularından biri idi. Təzadın ən böyüyü isə o idi ki, quruculuğunda iştirak etdiyi indiki siyasi rejimin mutant vəhşilikləri onun özünü də sarsıtmışdı. Ona görə də əvvəlcə rəsmi adını verdiyi bir partiyaya Simasız Quldurlar Partiyası adı qoymuşdu. Bundan çox uzağa gedə bilmirdi, fəqət elə bu sözlə də çox uzağa getmişdi.

Amma çox yaşamalı və Simasız Quldurlar Partiyasının sonunu da görməli idi. Çünki Simasız Quldurlar Partiyası elə bir addır ki, burada bir mövqe də ifadə olunub – bu ad həm də həmin partiyanın sonunu arzu etməkdir. 

Simasız Quldurlar Partiyasının sonu Azərbaycanın təzadlardan qurtulmasıdır. Hər kəsin yırtıcı bir idarəçilikdən xilas olması deməkdir. Heç kəs bu ölkədə uğur qazanmaq üçün xalqının əleyhinə getməyə məcbur olmalı deyil. Xalqının əleyhinə getməmək hər kəsin borcudur. Amma bu ölkədə heç kəs belə bir sınaq qarşısında qalmalı da deyil. Kimsə ölkəsinin əleyhinə, başqasının ziyanına addım atmağa zorlanmamalıdır. Çünki insanları buna zorlamaq simasızlıq və quldurluq etməkdir. 

Simasız Quldurlar Partiyası yaşadıqca simasızlıq və quldurluq mutant çevrilmələri ilə ən böyük iyrənclikləri bizim həyatımıza soxur. Onların bir hissəsini yada salaq: yalan, yaltaqlıq, korrupsiya və oğurluq, ədalətsizlik və cinayətkarlıq, saxtakarlıq və riyakarlıq. 

Bunları da Sirus Təbrizli demişdi: “Yollar təzələnib, yaxşı binalar, məktəblər, xəstəxanalar tikilib, iş yerləri açılıb. Bunu görməmək insafsızlıq olar. Ancaq icra başçısı üçün təzə bina tikilir, orada rüşvətxor, milləti saymayan oturursa, o binanın nə xeyri var? O yollar səni məbədə aparmırsa, nə xeyri var?”.

Bunlar hamısı deyil… Simasız Quldurlar Partiyası yaşadıqca Azərbaycan bir qrup quldurun tamahına qurban gedən bədbəxtliklər ölkəsi olaraq qalacaq. Hətta yolları burada həmin layihələrdən böyük pullar oğurlamaq eşqi ilə salırlar. Tikirlər, amma hər kərpicdən qızıl götürürlər. Hər körpüdən varlanmağa yeni yolllar açırlar. Insanlar tikilən xəstəxanalara gəlmir, amma simasız quldurlar bundan da fayda götürürlər. 

Simasız Quldurlar Partiyası yaşadıqca Azərbaycanın sərvəti onu rifahına yox, dərdinə çevrilir. Simasız Quldurlar Partiyası yaşadıqca Azərbaycanda yaşamaq azərbaycanlıların dərdinə dönür. Istər saray tik, istər daxmada yaşa, yaxud da istər mübarizə apar, istərsə də susub öz həyatını yaşa, bütün hallarda quldurluq və simasızlıq arzularınla yaşamağa imkan vermir.