Qürub qeydləri

Bir neçə gün əvvəl Ilham Əliyev Cəlilabadda elə beləcə də dedi: “Indi dünyanın müxtəlif yerlərində yaşanan hadisələri hamımız televizordan görürük, mətbuatdan izləyirik. Görürük ki, dünyanın müxtəlif yerlərində çox çətin proseslər gedir. Haradasa böhran, iqtisadi çətinliklər, sosial narazılıqlar, haradasa qanlı toqquşmalar? Azərbaycan isə bir sabitlik adasıdır”. 

Sabitlik adası! Əslində isə söhbət zahiri sakitlikdən, “sabitlik” kimi qələmə verilən durğunluqdan, bozluq və boşluqdan gedir. Və bu zaman unudulur ki, indi möhtərəmin işarə etdiyi “qanlı toqquşmalar”ın getdiyi ərəb ölkələrinin özü də cəmi bir neçə il əvvələdək öz aləmlərində, allah qoymasa, guya “sabitlik adaları” idilər. Orada on illər boyu bir tayfanın, bir ailənin hakimiyyəti hökm sürürdü, həmin hakimiyyətlər zor və zopa gücünə zahiri sakitlik yaratmışdılar, dinənin dilini, yazanın əlini kəsirdilər. Hər kəs qeyd-şərtsiz bir nəfərin iradəsinə tabe idi. Indi qanın su yerinə axdığı, xaos küləklərinin əsdiyi Suriyada sanki başından bəri anarxiya, başıpozuqluqmu hökm sürürdü? Ya da siz Liviyada hansısa etiraz dalğası haqqında nə vaxt eşitmişdiniz? Bəlkə Misirdə 35 illik Mübarək rejiminin hər günü xaos və etirazlar içində keçmişdi?

Əksinə, son bir neçə ildə inqilabi proseslər meydanına çevirilən bu ölkələr də vaxt vardı öz “sabitlikləri”, “əmin-amanlıqları” ilə fəxr edirdilər. Amma bir daha sübut olundu ki, dəyənəyə söykənən “sabitlik” uzunmüddətli ola bilməz. Heç bir xalqı həmişə zopa altında saxlamaq, öz iradənə zorən tabe etmək mümkün deyil. Gücünü azadlıqlardan, milli iradədən və hüququn üstünlüyündən almayan rejimlərin yaratdığı zahiri sabitliyin sonunda qan, qada, fəlakət, faciə dayanır. Lap 40 il də siz cəmiyyəti qorxu, basqı altında saxlaya, onun haqlarını, istəklərini, tələblərini mənimsəyə, sərvətlərini oğurlaya bilərsiniz və buna görə heç bir müqavimətlə üzləşməsiniz, kənardan hər şey güllük-gülüstanlıqmış kimi görünər, amma heç bir xalq layiq olmadığı şəkildə idarə edilməsinə qiyamətədək dözmür, o hətta ərəb olsa belə! Hətta bizdə əksəriyyətin lağ eləyib güldüyü monqollar da dözməmişdi. 

Tarixin bütün dövrlərinə aid edilməli həqiqət məhz budur. Böyük Fransa Inqilabını yaradan səbəblər “ərəb baharı”nı doğuran səbəblərdən nə ilə fərqlənir? 16-cı Lüdoviqin taxtda oturduğu uzun illər boyu fransız xalqının onu necə sevdiyini, ona necə inandığını, necə qeyd-şərtsiz tabe olduğunu bilməyən varmı? Amma bu, onun gilyotindən qurtulmasına kifayət etmədi. Ayrı-ayrı zamanlarda – Pəhləvinin sonunu gətirən, Çauşeskunun axırına çıxan, Bin Əlinin dövranını döndərən də məhz eyni motivlər idi: aldadıcı xalq sevgisi və uydurma, zahiri sabitlik.  

Fərdlərə aid keyfiyyətlər əslində xalqlara da aiddir. Sevgi, nifrət, qorxu, cəsarət, inam, inamsızlıq, səmimiyyət, saxtalıq. Və insanlarda olduğu kimi, xalqlarda da sevgidən nifrətə, qorxudan cəsarətə, inamdan inamsızlığa (yaxud əksinə!) məsafə bir addımdır. Siz zorən insanların davranışını yönləndirə bilərsiniz, amma onun gerçək hisslərinə sahib ola bilməzsiniz. Xalqlar da belədir – o qorxaraq susa, hərəkətsiz dayana, tabe və təslim ola bilər. Amma bir gün onun içindəki cəsarət duyğusunun partlamasını nə təxmin edə bilərsiniz, nə də idarə. Necə ki, 20 il əvvəl işğalçı tankların qarşısına əliyalın çıxan bir xalqın indi allahın bir JEK müdiri qarşısında belə təpkisiz qalması, boynubükük durması, təslimçi görünməsi bizi heyrətləndirir, bu çevrilməni izah etməyə çətinlik çəkirik. 

Çağdaş dünyada bir ölkənin gerçək sabitlik adası olmasının tək yolu azadlıqların və hüquqların təmin edilməsindən keçir. Şəxsiyyətlərin əvəzedilməzliyi, “xalq ataları”nın “xilaskarlıq” mifləri artıq tarixdə qalır. Çağın diqtə etdiyi bəşəri dəyərlərdən yoxsul, sadəcə, dəyənəyə dayalı sistemlərə günümüzdə yer olmadığı, bunu qəbul etməyən, bunu rədd edənlərin isə özlərini və ölkələrini qan içində boğulmağa apardığı bütün çılpaqlığı ilə ortaya çıxır. 

Bir sözlə, dəyənəklərin qürubuna lap az qalıb!

Bunu da, möhtərəm demiş, “televizordan görürük, mətbuatdan izləyirik”.

Bəs niyə qəbul etmirik?!