Prezidentin cənub bölgəsinə səfəri

Bu ölkədə baş verənlərə bəzən ad tapmaq çətinlik yaradır. Bəzən bilmirsən ki, hadisələrə gülüb keçəsən, yoxsa bir tənhalığa çəkilib ağlayasan. Gülməli görünən mənzərlərdə kədər, kədərli görünən məqamlarda gülüş var. Və bütün bu hallar xalqa hörmətsizliyin, xalqı aldatmağın fonunda baş verir.

Oktyabrın 9-da ölkədə prezident seçkiləri olacaq. Məntiqlə yanaşsaq, 3-cü dəfə prezident olmaq eşqinə düşmüş şəxs xalqın problemlərinə diqqət çəkməli, ümumi problemlərin həllinə xidmət edən obyektlərin lentini kəsməlidir.

Ancaq Ilham Əliyevin foto-albomunu hazırlamaqla məşğul olan “Azərbaycan” qəzetinə, bütpərəstliyi tərənnüm edən telekanallara baxanda elə təəssürat yaranır ki, sanki 9 oktyabr prezident seçkiləri yox, Heydər Əliyevin doğum günüdür. 

Adını çəkdiyimiz qəzet Ilham Əliyevin bölgələrə səfərin bütün xırdalığı ilə dərc edir. Qəzetin manşeti “Ilham Əliyev Yardımlıda Heydər Əliyevin abidəsin ziyarət etdi”, “Ilham Əliyev Yardımlıda Heydər Əliyev Mərkəzinin açılşında iştirak etdi”, “Ilham Əliyev Yardımlıda Yeni Azərbaycan partiyasının inzibati binasının açılışında iştirak edib”, “Masallıda ulu öndərin abidəsi ziyarət olundu”, “Prezident Masallıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib, ”Ilham Əliyev  YAP-ın Masallı rayon təşkilatının inzibati binasının açılışın edib” tipli xəbərlərlə zəbt olunub. Astara və Lənkəranda da eyni hallar müşahidə olunur. Reallıq onu göstərir ki, prezident cənub bölgəsinə insanların simpatiyasını qazanmaq üçün yox, ailənin və partiyanın adını əks etdirən yeni binaların açılışına gedib. 

Bu, xalqa hörmətsizlik deyilmi? Axı cənub bölgəsinin insanları abidə, muzey, YAP-ın binasını yeməklə yaşamırlar. Onsuz da bu ölkədə hər gün eyni adamın adın daşıyan muzey, mərkəz, abidənin açılışı olur. Heç olmasa seçki ərəfəsində bu “ənənə”dən əl çəkmək olmazmı? 

Axı, Lənkəran, Yardımlı, Masallı, Astara yalnız şəhər mərkəzindən ibarət deyil.

Niyə ölkə başçısı insanların zülm çəkdiyi, normal yaşaya bilmədiyi kəndlərə də baş çəkmir? O kəndlərə ki, cavanları Rusiyanın çöllərində, qocaları müalicə olunmaq üçün ucuz xidmət göstərən Iran klinikalarında əsir-yesir olub.

Cənub bölgəsinə səfər etmiş prezident, atasının adına olan Mərkəzin lentini deyil, ataları olmayan uşaqlara verilmiş evlərin lentini kəsməliydi.

Bu ölkədə insanların tələbatı YAP-ın dəbdəbəli binalarına deyil, YAP hakimiyyətinin mənimsədiyi milyardlaradı. 

Bu səfərlərdə ən faciəli məqam ondan ibarətdir ki, “Yardımlı şəhərinə içməli su verilmişdir”, “Lənkəran şəhərinə içməli su verilmişdir” tipli xəbərlər verilir. 

Regionun lider dövlətinin, analoqsuz inkişaf edən ölkənin şəhərlərində içməli su yoxdur. 20 ildir hakimiyyəti zəbt etmiş rejim, 20 ildən sonra hansısa rayon mərkəzinə su çəkilməsini inkişaf, qayğı kimi xalqa sırımaqla məşğuldur.  Əgər seçki ili olmasaydı, yəqin ki, içməli su da olmayacaqdı.  

20 ildir daşa-divara milyonlarla pul xərclənib, ancaq rayonlara su çəkilməyib. Bu faktın özü hakimiyyətin xalqa münasibəti baxımından hər şeyi demirmi?

Prezidentin bölgə səfərləri adətən əvvəlcədən öyrədilmiş, Ilham Əliyevin və Heydər Əliyevin şəninə təriflər yağdıran insanların iştirakı ilə baş tutur. Görüntülərdən də məlum olur ki, 600 min üzvü olan partiyanın sədri 20-30 nəfər  insanın qarşısında çıxış edərək “ölkəmiz cənnətdir” şüarını səsləndirir. Cənnətin və inkişafın nə demək olduğunu dərk etməyənlər isə, bu “şüar”ı alqışlamağı özünə borc bilir.

Normal təhsil almış, düşünə bilən, analiz qabiliyyəti olan insanlar isə, təkcə prezidentin bölgə səfərlərini analiz edəndə, bu hakimiyyətin mahiyyətini dərk edə bilir.

Bütün televiziyaları, qəzetləri tərif söyləməyə məcbur edən rejim, öz təbliğatını da təriflədiyi insanların üzərində qurmalıdır.

Amerika filosofu Emerson deyirdi ki, “Qəhrəmanlıqlarından davamlı olaraq danışan qəhrəmanlar, nəhayət, qorxaqları belə bezdirir”.

Görəsən doğurdan bu rejim anlamır ki, yalançı, boğazdan yuxarı təriflə yaltaqları da, qorxaqları da bezdirib?