Müxalifətə qarşı kobud qanun pozuntusu

Dairə seçki komissiyasinin üzvü neytrallığını kənara buraxaraq Siyavuş Novruzovluq edir

Milli Şuranın fəaliyyəti hakimiyyətlə bərabər ona bağlı siyasi dərnəkləri də ciddi narahat edir. Milli Şuraya qarşı etik, siyasi mədəniyyətin cızdığı hədləri keçən davranışlar bəs etməmiş kimi hakimiyyət və onun yanbaşındakılar artıq konkret qanun pozuntuları edərək müxalifətin böyük birliyinə qarşı fəaliyyət göstərirlər.
Bunların bariz nümunələrindən biri “Xalq Cəbhəsi” qəzetinin 3 sentyabr 2013-cü il sayında gedib. Bu qəzet prezidentliyə namizəd Qüdrət Həsənquliyevə məxsusdur, dərc olunan yazı isə “Əli Kərimli hər zaman müxalifətə zərbə vurub” başlığındadır.
Məqalə müsahibə janrındadır, müsahib isə Telman Siyabov adlı şəxsdir.
Siyabov müsahibəsində müxalifətə qarşı böhtan dolu ifadələr işlətməyi ilə barəbər, partiyada siyasi post tutduğunu bildirib eyni zamanda deyir ki, əsas fəaliyyəti Qüdrət Həsənquliyevin təbliğatı ilə məşğul olmaqdır. Sitat: “Ziyalılarla və müxtəlif müvafiq təşkilatlarla görüşlər keçiririk. Bu işlər davamlı olacaq. Biz çalışacağıq ki, prezident seçkilərilə bağlı təbliğat kampaniyası dövründə də keçirdiyimiz görüşlərdə partiyamızın mövqeyini çatdıraq, BAXCP-nin namizədi Qüdrət Həsənquliyevin təbliğatını aparaq”.
Telman Siyabov BAXCP-nin humanitar məsələlər üzrə katibidir, eyni zamanda isə Mərkəzi Seçki Komissiyasının saytı təsdiq edir ki, o (bax: http://www.infocenter.gov.az/v3/terkib.php?dsk=24) 24 saylı Nizami rayon dairə seçki komissiyasının üzvüdür.
Seçki Məcəlləsinin tələblərinə görə, Siyabovun hərəkətləri aşkar qanun pozuntusudur. Belə ki, Məcəllənin 17-ci maddəsində göstərilir ki, komissiya üzvləri fəaliyyətlərində qanuna əsaslanmalıdırlar, seçki subyektlərinə bərabər və qərəzsiz yanaşmalıdırlar, namizədə, seçiciyə və seçki (referendum) kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər; namizədə, siyasi partiyalara, referendum üzrə təşviqat qruplarına, seçiciyə münasibətdə neytral və qərəzsiz olmalıdırlar.
Eləcə də onlar hər hansı bir namizədin, siyasi partiyanın, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər.
Ümidli olmaq nə qədər çətin olsa da, güman edək ki, MSK bu adamın pozucu və qanundan kənar fəaliyyətini nəzərə alıb, onu seçki kimi ümumxalq məsuliyyətli işdən kənarlaşdıracaq.

Natiq