Yalçın İmanov: “Məhkəmə-Hüquq Şurasına müraciət hazırlamışıq”
Bakı Ağır Cinayətlər Məhkəməsi və hakim Zeynal Ağayev vəkil Yalçın Imanov barəsində cinayət işi qaldırılmasını tələb edib. “Media forum” saytının bu məsələyə bağlı suallarını “zərərçəkən” vəkil Yalçın Imanov cavablandırır.
– Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev sizə cinayət işinin açılmasını istəyir. Nə olub ki?
– Məlumatlı mənbə Bakı Ağır Cinayətlər Məhkəməsi və hakim Zeynal Ağayevdir. Belə bir qərarın olacağını o elan etmişdi. Qərarla bağlı məlumatım yoxdur. Yəqin ki, qərar qəbul olunanda bir nüsxəsi mənə gələcək. Qərarla tanış olmalıyam, hakimin nəyi əsas gətirərək ona hörmətsizlik etdiyimi dediyini bilməliyəm. Ümumiyyətlə isə belə bir hadisə baş verməyib. Bunu zalda olan vətəndaşlar, KIV əməkdaşları, digər vəkillər təsdiqləyə bilər. Olacaqlara adekvat addımlar atacağıq.
– Məhkəmə zamanı hakim bu fikrini nə ilə əsaslandırdı? “Məhkəməyə qarşı hörmətsizlik” dedikdə nə nəzərdə tutulub?
– Hakim dəfələrlə və heç bir əsas olmadan mənə xəbərdarlıq etdi. Mən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədova suallar verirdim. Ancaq ekspert suallara cavab verə bilmirdi. Mən də sualları davam etdirirdim. Belə olanda hakim gah qalmaqal yaratmağa başladı, gah hakim etikasına zidd, işin obyektiv araşdırılmasına mane olacaq müdaxilələr etdi. Ardınca mənə 4 dəfə xəbərdarlıq etdi. 4-cü xəbərdarlıqda hakimə dedim ki, istəyirsiniz 5-ci xəbərdarlığı edin. Bundan başqa heç nə olmayıb. Güman ki, hakim məhkəməyə hörmətsizlik deyəndə həmin məsələni nəzərdə tutub. Aydındır ki, bu fikrimdə məhkəməyə hörmətsizlik ifadə edəcək heç nə yoxdur.
Hakim Zeynal Ağayevin heç bir əsas olmadan birdən-birə bu cür sərt cəzalandırma metoduna əl atması başqa məsələlərdən xəbər verir, müstəqil vəkillərin təqibi və cəzalandırılması prosesinin tərkib hissəsidir və keyfiyyətli müdafiə imkanlarının daraldılması məqsədinə xidmət edir.
– Azərbaycanda əvvəllər hakimin tələbi ilə vəkilə cinayət işi açılması halları olubmu?
– Bir neçə dəfə belə hadisə olub. Ortalıqda olan vəkil Elçin Namazovla bağlı nümunədir. Onu da Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə təqsirləndirmək üçün müraciət olunmuşdu. Işin istintaqı aparıldı və məhkəmə ona islah işləri cəzası verdi.
– Hakim müraciəti məhkəməyə, ya Baş Prokurorluğa göndərir?
– Təqdimat Baş Prokurorluğa göndərilir. Maddənin istintaqı aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Istintaq Idarəsindədir.
– Ədliyyə Nazirliyi hakimin dediyi ilə razılaşsa, cəzalar nə ola bilər?
– Vəkillikdən uzaqlaşdırılma ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı olmalı, daha sonra bununla bağlı məhkəməyə müraciət olunmalıdır. Məncə, bu situasiyada əsas məsələ Vəkillər Kollegiyasının mövqeyidir. Kollegiya öz vəkilini müdafiə edəcək, ya yox? Vəkillər Kollegiyasının indiyə qədər analoji hadisələrdə tutduğu mövqe ümid vermir.
Mənimlə bağlı məsələnin aydınlaşmasının nə qədər zaman aparacağı hakimdən, onun qərarı hazırlayıb təqdim etməsindən asılıdır. Yəqin ki, yaxın vaxtlarda hər şey aydın olacaq. Biz də baş verən hadisələrə uyğun olaraq müdafiə tədbirləri həyata keçirəcəyik. Biz, həmin məhkəmə prosesində iştirak edən bir qrup vəkil Məhkəmə-Hüquq Şurasına və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət hazırlamışıq. Hakim Zeynal Ağayev barəsində intizam icraatına başlanması xahiş olunur. Hazırda imzalama prosesi gedir. Yaxın günlərdə müraciəti lazımi ünvanlara göndərəcəyik. Hakimin yol verdiyi qanunsuzluqları qeyd etmişik. Növbəti prosesdə məhkəmə heyətinə tam şəkildə etiraz edəcəyik. Bunun üçün kifayət qədər hüquqi əsaslarımız var. Tələbimiz o olacaq ki, Nicat Əliyev və digər təqsirləndirilən şəxslərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində başqa tərkibə verilsin. Çünki Zeynal Ağayevin daim ittiham tərəfini dəstəkləməyi artıq bu işdə yekun məhkəmə qərarının necə olacağını müəyyən edir.