“Normal seçki olsa, Əliyev 10 faizdən artıq səs yığa bilməz”

«Bu hakimiyyət yalan və yaltaqlıq, riyakarlıq üzərində qurulub»

Vidadi Mirkamal: «İlham Əliyevin namizədliyinin üçüncü dəfə irəli sürülməsi əslində hakimiyyətin zorla mənimsənilməsi anlamına gəlir»

Milli Şuranın prezidenliyə vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyasının qısa müddətdə başa çatması cəmiyyətin bu quruma olan inam və dəstəyinin göstəricisidir. Seçki günü yaxınlaşdıqca hakimiyyət də öz növbəsində Milli Şura və onun namizədinə qarşı apardığı kampaniyanı genişləndirir. Hazırkı proseslər və gözlənilən nəticələr barədə Milli Şura üzvü, ədliyyə generalı Vidadi Mirkamalın mövqeyi ilə tanış olduq.

– Milli Şura namizədinin imzatoplama kampaniyası qısa müddətdə başa çatdı. Ümumiyyətlə, cəmiyyət Cəmil Həsənlinin namizədliyini necə qarşıladı?
– Cəmil Həsənlinin imzatoplama kampaniyası son iyirmi ildə keçirilən seçkilərdə müxalifət namizədlərinin keçirdiyi imzatoplama kampaniyalarından çox rahat keçdi. Bunun əsas iki səbəbini görürəm. Birincisi, Cəmil Həsənlinin şəxsiyyəti insanlar üçün çox maraqlıdır və Cəmil Həsənlinin namizədliyinə imza qoymaq üçün müraciət olunan insanlar bunu tərəddüdsüz edirdilər. Bu da ilk növbədə onun göstəricisidir ki, Milli Şuranın seçdiyi vahid namizəd çox uğurlu bir namizəddir və xalq tərəfindən dəstəklənir. Ikincisi də, sadəcə olaraq bu insanlar müxalifəti bir arada görmək istəyir və vahid namizədə bu dəstək xalqın müxalifətə etimadının göstəricisidir.

“Ağlı başında olan dövlət başçısı bunu etməli deyildi”

– Prezidentliyə namizədlərin sayı iyirmini ötüb, ancaq hakimiyyət yalnız Milli Şuranın namizədini hədəfə alıb. 400 imza toplamaq iqtidarında olmayan namizədlərin əksəriyyətinin qeydiyyatdan keçəcəyi də gözlənilir. Namizədlərin çoxluğu da əsasən efir vaxtının parçalanmasına hesablanmış bir addım kimi qiymətləndirilir. Hakimiyyətin bu hərəkətini necə qiymətləndirirsiniz?
– Hakimiyyət özü də bilir ki, 2013-cü il seçkiləri əvvəlki seçkilərdən bir sıra cəhətlərinə görə fərqlənir. Birincisi ona görə ki, Ilham Əliyev bəri başdan konstitusiyaya zidd olaraq üçüncü dəfə namizədliyini irəli sürən şəxsdir. Hakimiyyət öz zəif yerini bilir. Ilham Əliyevin namizədliyinin üçüncü dəfə irəli sürülməsi əslində hakimiyyətin zorla mənimsənilməsi anlamına gəlir. Çünki ağlı başında olan dövlət başçısı bunu etməli deyildi. Iqtidar seçkilərdən o qədər qorxur ki, başqa namizədini irəli sürməyə risk etmir. Ikincisi də, hakimiyyət burda suyu bulandırmalıdır. Suyu bulandırmağın da ən klassik yolu namizədlərin sayını çoxaldıb bu seçkilərə demokratik imic vermək ki, guya prezident böyük demokratik seçki nəticəsində seçilib. Daha çox namizəd olanda, Milli Şuranın vahid namizədi seçkilərin saxtalaşdırılmasını əsas gətirəndə yerdə qalan 19-20 namizəd xorla deyəcəklər ki, belə deyil, hakimiyyət çox gözəl demokratik seçki keçirib. Bununla da hakimiyyət dünya ictimaiyyətinə seçkilərin demokratik keçirildiyini nümayiş etdirəcək. Sadəcə olaraq Milli Şurada toplanan radikal müxalifət cığallıq edir və Ilham Əliyevin seçilməsini dəstəkləmir. Ancaq hakimiyyətin bu taktikası artıq köhnəlib. Biz də bunu bəri başdan görürük. Güman etmirəm ki, bu yolla hakimiyyət beynəlxalq gücləri inandıra biləcək. Ona görə Ilham Əliyevin namizədliyini irəli sürməsinə çox təəssüf edirəm. Bunun Azərbaycan dövlətçiliyi, dövlət maraqları üçün çox böyük ziyanı var. Çünki bütün dünya bilir ki, Ilham Əliyevin üçüncü dəfə seçilməsi legitim deyil. Legitim olmamağının nəticələrini Azərbaycan xalqı növbəti beş il ərzində öz üzərində hiss edəcək. Bu mənada hakimiyyətin bu yolla getməsi əslində Azərbaycanın milli dövlətçilik mənafeyinə ziddidir.

“Maaşların cüzi artırılması seçicilərə verilən rüşvətdir”

– Təbliğat-təşviqat kampaniyası hələ başlamasa da, Ilham Əliyevin seçkiyə hesablanmış səfərləri, maaş artımları başlayıb və bununla da namizədlər arasında bərabərlik pozulub. Milli Şura bununla bağlı hansı addım atmaq niyyətindədir?
– Hakimiyyət seçki qanunvericiliyini və konstitusiyanı pozaraq günlərlə, saatlarla öz namizədinin rayonlara səfərlərini, lentkəsmə mərasimlərini, eyni zamanda nitqlərini televiziyalarda verir. Bu mənada artıq seçki qanunvericiliyi pozulub. Digər namizədlərlə müqayisədə Ilham Əliyev bir sıra üstünlüklər əldə edib. Bu da onu deməyə əsas verir ki, artıq hakimiyyət özünün təbliğat kampaniyasına çoxdan başlayıb. Ikincisi, Ilham Əliyevin prezidentliyə namizədliyi elan olunandan sonra insanların dilənçi maaşının cüzi həddə artırılması onun prezidentliyə namizəd kimi seçicilərə verdiyi rüşvətdir. Bu da çox ciddi müzakirə olunmalıdır. Çünki bu, seçki qanunvericiliyinin ciddi şəkildə pozulmasının göstəricisidir. Bununla bağlı Milli Şura monitorinq aparıb, faktları toplayıb beynəlxalq təşkilatlara, eyni zamanda seçkidə marağı olan qüvvələrə etiraz bəyanatını verməlidir. Eyni zamanda bu barədə MSK-ya da məlumat verməlidir. Əlbəttə, MSK-nın buna ciddi reaksiya verəcəyini güman etmirəm. Ancaq hər halda bu, prezident seçkilərində prezidentliyə namizədlərdən birinin üstün hüquqla seçkiyə getməsinin göstəricisidir. Bu da bütün dünya gücləri tərəfindən qeydə alınan bir hadisə olacaq.

“Əhalinin 80 faizi bu hakimiyyətdən narazıdır”

– Hər gün rəsmi mətbuatda müxtəlif sorğuların saxta nəticələri elan olunur və Ilham Əliyevin cəmiyyətdə böyük nüfuzu olduğunu deyilir. Amma istər dövlət başçısının rayonlara səfərlərində, istərsə də YAP rəhbərliyinin keçirdiyi görüşlərdə 30-40 adamdan artıq iştirakçı olmur. Əslində demokratik seçki keçiriləcəyi təqdirdə Milli Şura namizədi ilə Əliyevin səsləri arasında fərq nə qədər olacaq?
– Əhalinin 80 faizi bu hakimiyyətdən narazıdır. Insanlar əyalətlərdə nə gündə yaşayırlar. Əhalinin çoxu Bakıda çörəkpulu qazanmaq üçün günlərlə ac-susuz öz həyatlarını qurmağa çalışır. Bakını çıxmaq şərti ilə ölkənin bütün regionlarında yaşayış üçün minimum şərait yoxdur. Bütün bunlar iqtidarın əleyhinə işləyən faktlardır. Güman edirəm ki, iqtidarın bu oğurluq siyasətindən yararlanan 5-6 faiz əhali var. Bu da onun ətrafıdır, onların qohumlarıdır, iqtidarda olanların süfrəsinin qırağından qidalanan şəxslərdir. Onların da sayı 7-10 faizdən çox olmayacaq. Əgər normal seçkilər keçirilsə, güman edirəm ki, Ilham Əliyevin yığdığı səslərin sayı 7-10 faizdən yuxarı ola bilməz. Milli Şuranın irəli sürdüyü namizəd Azərbaycanda indiyə qədər fədakarlıqla müxalifətçilik edən şəxslərin birliyinin namizədidir. Ola bilsin insanların bəziləri Cəmil Həsənlini tanımasın. Amma onlar Cəmil Həsənliyə bu iqtidarın siyasətindən narazı olduqlarına görə səs verəcəklər. Onlar Azərbaycanda dəyişikliyin tərəfdarıdırlar. O mənada əgər həqiqi demokratik seçkilər keçirilsə, Cəmil Həsənlinin Ilham Əliyevə nisbətən topladığı səslərin faiz göstəricisi 70-in 10-a olacaq. Ancaq hər halda Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi, partiyaların və fədakar insanların onu müdafiə etməsi bir daha bu iqtidara seçkilərin rahat olmayacağını vəd edir. Eyni zamanda iqtidarın həyata keçirdiyi bütün saxtakarlıqlar, seçki nöqsanları aşkara çıxarılacaq. Bu da Ilham Əliyevin prezidentliyinin legitim olmasına çox böyük şübhələr yaradır.

“İqtidarın yürütdüyü siyasət əxlaqa sığmır”

– Bu arada xeyli müddətdir həbsdə yatan şəxslərdən əfv ərizələri, dəstək bəyanatları alınır. Onu da nəzərə almaq lazımdır ki, Milli Şura yarananda onun üzvü Qurban Məmmədov həbs olunub, digər üzvü Gültəkin Hacıbəyliyə qarşı təzyiqlər edilir. Hakimiyyətin bu hərəkəti nə dərəcədə etikdir?
– Azərbaycan iqtidarının apardığı bütün mübarizə metodları, apardığı siyasət etikadan kənar bir siyasətdir. Azərbaycanda birinci növbədə ziyalı təbəqəsi var ki, hakimiyyət onları adi çörəyə möhtac edib. Yəni milyardların axdığı bir ölkədə ziyalıların çörəyə möhtac olması, insanların çörək dalınca qaçması, aclıq çəkməsi, intihar etməsi nə deməkdir. Normal insan hüquqları pozulur, insanlara hörmət edilmir. Məhkəmələr korrupsiyaya qurşanıb. Bütün sistem korrupsiya içindədir. Belə bir şəraitdə insanları bu sistemdən narazı olduğuna, sistemdəki eybəcərlikləri dilə gətirdiyinə görə həbs etmək, sonradan onlara ərizə yazdırmaq 21-ci əsrdə, Avropaya inteqrasiya edən dövlətdə böyük biabırçılıqdır. Bunun ən gözəl yolu o olardı ki, hakimiyyət islahatlara gedəydi, insanların güzəranını yaxşılaşdırardı. Ona görə düşünürəm ki, bu, Heydər Əliyev dövründən qalan düzgün olmayan siyasətdir. Yəni əvvəl əz, sındır, sonra azadlığa burax. Güman edirəm ki, Azərbaycan xalqı bununla barışmayacaq. Ən sadə vətəndaşlara da məlumdur ki, iqtidarın yürütdüyü bu siyasət etikadan kənar, əxlaqa sığmayan bir siyasətdir. Bu iqtidar öz əxlaqını cəmiyyətə verməkdənsə, cəmiyyətdən əxlaq öyrənməlidir. Cəmiyyət bu hakimiyyətdən çox əxlaqlıdır. O mənada düşünmürəm ki, onların atdığı bu addımlar insanları təəccübləndirəcək. Sadəcə olaraq iqtidar birinci növbədə Azərbaycan vətəndaşlarının hüquqlarını təmin etməlidir, əmlak, mülkiyyət hüquqlarını qorumalıdırlar. Ancaq hakimiyyət təmsilçiləri korrupsiya və rüşvətə yuvarlandırıb ölkəyə gələn gəlirlərin əsas hissəsini özlərinin şəxsi ata malı kimi xaricə daşıyır, orda böyük malikanələr alır, Azərbaycana xeyir verməyən biznes qurur və dövlət büdcəsini bu formada talan edir. Özlərinin verdiyi məlumatı araşdırsaq, 2010-2012-ci illərdə büdcənin icrası ilə bağlı məlumatlarda göstərilir ki, dekabr ayında büdcədən 3-4 mlrd manat pul çıxarıblar. Hansı dövlətdə 15-20 gün ərzində bu məbləğ xərclənə bilər. Əlbəttə, bunların hamısı korrupsiyanın və büdcənin talanmasının göstəricisidir. O mənada düşünmürəm ki, bu siyasət iqtidara uğur gətirəcək.

“Milli Şurada hər kəs bu hərəkətlərdən çəkinməlidir”

– Hakimiyyət var gücü ilə çalışır ki, Milli Şurada hər hansı ziddiyyətlərin olduğunu qabartsın. Amma qurumun özündə də bəzən kiçik narazılıqlar olur və bu da hakimiyyətin “əlinə oynayır”. Belə olan halda Milli Şura daxilində hər hansı narazılığın olması nə dərəcədə normaldır?
– Milli Şura böyük bir orqanizmdir. Bu qurumun tərkibində təkcə indiyə qədər hakimiyyətə qarşı duran qüvvələr deyil, eyni zamanda yeni qüvvələr, xeyli liberal qüvvələr də var. Hakimiyyətə loyal münasibət bəsləyən şəxslər də var. Yəni əslində Milli Şura cəmiyyətdə olan ovqatın birliyidir. O mənada ordakı xırda narazılıqlar, xırda hərəkətlər təbii sayılmalıdır. Amma o böyük partiyaların, böyük birliklərin son dövrdə sərgilədiyi siyasət və eyni zamanda onların özlərini guya Milli Şuranın hansısa hərəkətindən incik kimi göstərməsi Milli Şuraya başucalığı gətirmir. Həmin hərəkatlar, partiyalar bu barədə düşünməlidirlər. Son sessiyada “EL” Hərəkatının nümayəndələri iştirak etməyiblər. Onlar bunu guya Milli Şuradan incimələri ilə əsaslandırıblar. Çünki Milli Şura “EL” Hərəkatına olan basqılarla bağlı reaksiya verməyib. Amma bu tam əsassız bir ittihamdır. Sessiyadan bir gün əvvəl bizim Strateji Seçki Mərkəzinin iclasında Eldar Namazov iştirak edib. Orda bu məsələni Eldar Namazov qaldırdı və alqışlandı ki, bəli, buna reaksiya verilməlidir. “EL” Hərəkatının sədr müavini Zəfər Quliyevə bəyanat hazırlamaq həvalə olundu. Zəfər Quliyev də vicdanla o bəyanatı hazırladı və bizə göndərdi. Biz hamımız o bəyanatı qəbul etmişik. “EL” Hərəkatına olan basqılarla bağlı bəyanatın qəbul olunması sessiyanın gündəliyinə də salınmışdı. Ancaq iclas vaxtı məlum oldu ki, “EL” Hərəkatının çox vacib bir yığıncağı var. Əslinə qalanda bu bizə də çox anlaşılan bir şey kimi görünmür. Çünki “EL” Hərəkatına basqıları sessiyadan əvvəl və sonra da müzakirə etmək olardı. Eyni zamanda güman etmirəm ki, Milli Şuranın sessiyası getdiyi vaxtda “EL” Hərəkatının rəhbərləri Şuşa restoranında hansı vacib qərarlar qəbul ediblər. Çıxarsınlar görək o hansı qərarlardır. Bu mənada onlara sual vermək olar ki, əgər Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyov qalsaydı, onda bu hərəkata yol verərdilərmi? Bu sual bir ziyalı kimi məni də narahat edir. Ikincisi də, Liberal partiyanın axırıncı sessiyada iştirak etməməsi sədrlik üstə idi. Yəni iclası kim aparmalıdır. Milli Şura rəhbərləri bəyan edib ki, Lalə Şövkət xanım Liberal Partiyanın lideri kimi qəbul olunub və o hansı zaman gəlsə, o zaman da iclaslardan birinü sədrlik etmək hüququ var. Bununla bağlı onların iclası aparmaq üstündə küsməsi seçki prosesi getdiyi bu ağır məqamda proseslərə çox böyük zərbə vurur. Eyni zamanda düşünmürəm ki, bu addımlar həmin hərəkatlara və partiyalara da başucalığı gətirir. Belə şeylər yolverilməzdir və bunlar ciddi müzakirə olunmalıdır. Bu birlik əgər doğrudan da vahid birlikdirsə, belə hərəkətlərə yol verilməsi həm seçki prosesinə mane olur, həm seçkidə vahid namizədimiz Cəmil Həsənlinin, eyni zamanda böyük mənada Milli Şuranın cəmiyyətdə nüfuzuna xələl gətirir. Milli Şurada hər bir kəs bu hərəkətlərdən çəkinməlidir.

“Bu, məddahlıq, riyakarlıq uğrunda mübarizədir”

– İlham Əliyevin vəkilləri hələ müəyyən edilməyib.  Hakimiyyətdaxili qruplar arasında bununla bağlı müəyyən toqquşmaların olduğu deyilir. Yəni hər bir qrup özünə yaxın şəxsləri vəkil kimi irəli sürmək istəyir. Bu barədə nə demək olar?
– Bunu böyük toqquşma kimi qələmə verməyin. Çünki bu hakimiyyət yalan və yaltaqlıq, riyakarlıq üzərində qurulub. Bu hakimiyyət Heydər Əliyev dönəmindən başlayaraq, 1969-cü ildən bəri ölkədə nə qədər yaltaq, riyakar insanlar varsa, onların üzərində qurulan bir iqtidardır. Indi həmin şəxslərin əlinə fürsət düşüb ki, şaha yarınsınlar, yaltaqlansınlar. O mənada bu yarış əslində seçki uğrunda yarış deyil, yaltaqlıq uğrunda yarışdır. Vəkil siyahısına düşəcək, iqtidarın namizədinin təbliği ilə bağlı prosesdə iştirak edəcək şəxslərin umduğu ancaq maddiyyatdır. Gözləyirlər ki, prosesdə iştirak edib seçkidən sonra Ilham Əliyevdən hər hansı vəzifə alacaqlar, üstünlük əldə edəcəklər. Ona görə bunları seçki prosesinə qarışdırmayın. Bu tam məddahlıq, riyakarlıq uğrunda gedən mübarizədir. Bu da hakimiyyətin təbiətinə xas məsələdir və normal qarşılanır.

Fizzə