Saxtalaşdırılacaq seçki nəyisə dəyişə bilərmi?

Son bir neçə gündə bölgələrdə oldum. Bir neçə rayonda, o cümlədən Gəncə şəhərində. Milli Şuranın namizədi Cəmil Həsənlinin səsverməni uda biləcəyinə bir daha əmin oldum. Birincisi, insanlar çox narazıdır – hakimiyyətdən, mövcud vəziyyətdən, özünün və doğmalarının həyatından. Dəyişiklik istəyən və bunu açıq ifadə edə bilən vətəndaşların da sayı xeyli artıb. Onlar hakimiyyət nümayəndəsinə səs verməyəcək və təbii ki, əsas müxalif qüvvələrin, gənclər təşkilatlarının və müstəqil ictimai fəalların birləşdiyi Milli Şuranın namizədinə səs verəcəklər. Cəmil müəllimi kifayət qədər tanıyır, barəsində çox yaxşı fikirlər söyləyirlər. Ilham Əliyev büdcə oğrularının, bu oğurluqdan pay alan çox kiçik azlığın səsini ala bilər. Cəmil müəllimin uğuru üçün isə ciddi səbəb var. Əsas odur ki, yüksək şəxsi keyfiyyətləri ilə yanaşı, hamı onu müxalifətin vahid namizədi kimi qəbul edir. Bu da ona səs verilməsi üçün kifayət qədər ciddi amildir.

Amma problemlər də yox deyil. Qorxu və ümidsizlik hələ hamının canından çıxmayıb. Uzun illərdir ağır repressiyalardan keçmiş cəmiyyətin buzu tam əriməyib. Hakimiyyətdən narazı olan, dəyişiklik istəyən insanların bir qismində seçkinin özünə olan inamsızlıq ən böyük problemdir.  

Seçki ilə nəyisə dəyişmək mümkündürmü? Səslərin sayı yenə də saxtalaşdırılmaycaqmı? Yenə də real nəticəyə baxmadan hakimiyyətin namizədi qalib edilməyəcəkmi? Bu suallar doğrudan da bir çoxlarına hakim kəsilib…

Seçkilərin saxtalaşdırılacağına heç mənim də şübhəm yoxdur. Hətta mənə bu sualı verənlərə söyləyirəm ki, seçkilər artıq saxtalaşdırılır. Türmələr siyasi məhbuslarla doludur, siyasi azadlıqlar tamamilə məhdudlaşdırılıb, sərbəst toplaşma hüququ və digər fundamental haqlar qadağa altındadır. Müxalif namizədə imza verənlər belə təzyiqlə üzləşir. YAP dövlətin bütün resurslarını qanunsuz olaraq öz xeyrinə istifadə edir və rəqiblərə amansızlıq edir. Indiki durum artıq azad seçki keçirməyə imkan vermir və biz seçkiyə çox çətin şəraitdə, çox ağır şərtlər altında gedirik. Hətta onu da bilərək ki, sonda səsvermənin nəticələri də saxtalaşdırılacaq.

Bəs onda bu seçkilər nəyə lazımdır? Biz niyə ona qoşuluruq? Biz niyə uğuru saxtalaşdırılacaq bir namizədə səs verməliyik? Faydası varmı bunun?

Dəyərli həmvətənlər! Ilk baxışdan nəticəsiz və xeyirsiz görünən bu işin, yəni seçkiyə qatılmağın, nəticələri saxtalaşdırılacaq bir namizədə səs verməyin olduqca böyük əhəmiyyəti var. 

Birincisi, biz ən çətin şərtlər altında da real səsvermədə seçkini udmağa əminik və mümkün qədər namizədimizin qələbəsini qorumağa ümidliyik. Işin birinci hissəsi, yəni səsverməni udmaq üzərində dayanaq. Köhnə təcrübələr göstərir ki, seçkini udub, saxtalaşdırılmaları sübut etmək çətin olmur. Ən azı ona görə ki, varlı-hallı iqtidarımız seçkidə qalib gələ bilmir və eyni zamanda gerçək qalib olduğunu da sübut etməyi bacarmır. Hətta nala-mıxa vuran Avropa müşahidəçiləri də demokratik seçkinin olmasını bəyan etmirlər. Sərt deməkdən nə qədər çəkinsələr də, seçkilərin ədalətsiz olduğunu və saxtalaşdırıldığını etiraf edirlər. 

Işin ikinci tərəfinə – namizədimizin qələbəsini qorumağa və qəbul etdirməyə gəldikdə, etiraf edək ki, bunu ancaq xalqın güclü dəstəyi ilə etmək mümkündür. Namizəd özü, siyasi liderlər və siyasi fəallar bunu geniş xalq kütlələrinin dəstəyi olmadan bacara bilməzlər. Xalqın geniş dəstəyi isə vətəndaşların seçkiyə fəal qatılması ilə başlayır. Bütün hallarda, biz əvvəlcə real səsverməni udmalıyıq.

Namizədimizin qələbəsini seçkidən dərhal sonra qəbul etdirmək mümkün olmasa belə, real səsverməni udmaq çox vacibdir. Tutaq ki, nəticələr saxtalaşdırıldı və biz qələbəmizi reallaşdıra bilmədik. Amma bunsuz da həmin qələbənin böyük əhəmiyyəti var. Mən deyərdim ki, bizə hava və su kimi lazımdır. Xalqın proseslərə güclü dəstəyi, meydanlara çıxıb ədaləti bərpa etdirməsi seçkidən dərhal sonra alınmasa da, həmin qələbə elə mənəvi üstünlük gətirəcək ki, məhz bunun üzərində gələcək uğurları qurmaq olar. Bu qələbə onsuz da haqqı olmadığı halda – üçüncü dəfə prezidentliyə iddialı olan Ilham Əliyevə sarsıdıcı zərbə vuracaq, YAP hakimiyyətinin sonunu yaxınlaşdıracaq prosesləri gücləndirəcək.

Bu qələbə ölkədə dəyişiklik üçün böyük sərmayə olacaq. Odur ki, keçmişdə nə olmasına, gələcəkdə nə olacağına baxmayaraq, hər kəs seçkiyə qatılıb səsi ilə ölkənin gələcəyinə öz sərmayəsini qoymalıdır. Hətta qələbənin seçki ilə gerçəkləşəcəyinə inanaraq. Cəmil Həsənliyə verilən hər bir səs bu qədər əhəmiyyətlidir.