Qələbəlik olan yeganə qərargah Milli Şuranın namizədinindir
Bir neçə gündən sonra, daha dəqiq desək sentyabrın 9-da prezidentliyə namizədlərin təsdiqlənməsi üçün son gündür. Yəni namizədlər bu zamana qədər imza vərəqələrini MSK-ya təqdim etməlidir. Əks halda qeydiyyata alınmayacaqlar…
Cəmil Həsənli üçün 45 min imza toplanıldı
Ötən gün namizədliyi təsdiqlənən şəxslərin bir neçəsinin Seçki Qərargahında olduq. Bəri başdan qeyd edək ki, əksəriyyət bu qərargahdan məhrumdur. Zəng edib, qərargaha gəlmək istədiyimizi biləndə hərə bir bəhanəylə söhbətə son qoymağa çalışır.
Namizədlərin seçki qərargahları arasında qələbəliyinə görə birinci yeri Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahı tutur. Seçki Qərargahı Müsavat Pariyasının ofisində yerləşir. Hər gün gərgin iş rejimi, insanların dinamikliyi burada gözə dəyir. Kimi rayonlarla əlaqə yaradır, kimi başının dəstəsi ilə bir kənara çəkilib görüləcək işləri planlaşdırır, kimi isə görülən işlərin yekun hesabatını aparır. Başqa bir qrup isə rayonlardan gələn imza vərəqələrini yoxlamadan keçirir.
Seçki Qərargahının AXCP-dən olan həmsədri, partiyanın Ali Məclisinin sədri Həsən Kərimov deyir ki, dünən günorta saatlarında 45 min imza toplanılıb. Onun sözlərinə görə, axşama qədər rayonlarda toplanılan imza vərəqələri Seçki Qərargahına təqdim olunacaq: “45 min imza toplanıldı. Imzalar toplandıqca Seçki Qərargahına gətirilir və yaradılmış ekspert qrupu sənədləri nəzərdən keçirir. Texniki səhvlər aşkaralanan kimi rayonlarla əlaqə saxlayıb problemi aradan qaldırmağa çalışırlar. Qarşıdakı iki gündə bütün imza vərəqələri yoxlanılıb MSK-ya təqdim olunacaq”.
Həsən Kərimov bizimlə söhbətində onu da qeyd etdi ki, əyalətlərdə kiçik müdaxilələrlə, qanun pozuntularıyla üzləşiblər: “Böyük təzyiqlər olmayıb. Kiçik təzyiqlər isə imza topalmağa maneə yaratmayıb. Əsas odur ki, lazım olan işi nəzərdə tutduğumu zaman çərçivəsində bitirmişik”.
Cəmil Həsənlinin Seçki Qərargahında təkcə Müsavat, AXCP, o cümlədən Milli Şurada təmsil olunan partiyaların üzvləri deyil, sadə vətəndaşlar da gözə dəyir. Onlar qərargaha gəlib Milli Şura üzvlərini tək qoymamağa çalışırlar.
“Yalnız siyasi sifarişlə Ilqar Məmmədovu qeydə almaya bilərlər”
Cəmil Həsənlinin Seçki Qərargahını tərk edib ReAL Vətəndaş Hərəkatının ofisinə üz tutduq. Ismayıl bəy Qutqaşınlı küçəsi 97 ünvanında yerləşən bu qərargahda da insan izdihamı var. Ilqar Məmmədovun namizədliyini irəli sürən hərəkatda hər şeyin axarında getdiyini söyləmək olar. Ən azı dünən günorta saatlarına 38 min imzanın toplanması bunu deməyə əsas verir.
Hərəkatın dəhlizində Ilqar Məmmədovun böyük portreti asılıb. Daha çox kreativ şüarlarla dəstək qazanan ReAL-çılar bir sıra uğurlara da imza atıblar. Məsələn, qərargahda xeyli sayda könüllülər çalışır ki, bunu da ölkə üçün bir yenilik saymaq olar. “Nida”, “Müsbət Dəyişikliklər” və başqa gənclər təşkilatlarının üzvləri fərdi şəkildə dəstəklərini ifadə edirlər. Ofisdən imza vərəqələrini alıb imzatoplama kampaniyasında iştirak edirlər.
Ilqar Məmmədovun seçki qərargahının rəhbəri Azər Qasımlı deyir ki, sentyabrın 8-nə qədər imza vərəqələrini yekunlaşdırmağı planlaşdırıblar: “Əgər sentyabrın 8-də imza vərəqələrini tam doldura bilməsək, 9-da təqdim edəcəyik. Çünki bu vərəqələrin surətini çıxartmaq, onları yoxlamaq, sistemləşdirmək də vaxt aparır”.
Seçki Qərargahının rəhbəri deyir ki, imzatoplama zamanı hər hansı bir müdaxiləylə qarşılaşmayıblar. Ancaq problemlər yenə də var. Onun sözlərinə görə, rayonlarda vətəndaşlardan imza almaq istəyəndə məlum olub ki, bir çoxlarının şxəsiyyət vəsiqələrini icra strukturları yığıb: “Mingəçevirdə, Ismayıllıda, Qazaxda və başqa rayonların kəndlərində vətəndaşlardan imza istəyəndə şəxsiyyət vəsiqələrinin olmadığı üzə çıxdı. Səbəbini soruşduqda isə dedilər ki, icra nümayəndəlikləri alıb. Vətəndaşlara deyiblər ki, onların qeydiyyata alınması üçün bu işlər görülür. Ancaq şəxsiyyət vəsiqələrinin nə vaxt veriləcəyini camaata söyləməyiblər”.
Namizədin qeydiyyata alınması üçün 60 Seçki Dairəsindən ən azı 50 imza toplanmalıdır. ReAL-çılar da bu prinsipə əməl ediblər.
“Mövcud qanunvericiliyin bütün tələblərini yerinə yetiririk. 100 Seçki Dairəsindən imza toplamışıq ki, Ilqar Məmmədovu qeydə almamaq üçün əllərinə fürsət düşməsin. Yalnız siyasi sifarişlə bizim namizədi qeydə almaya bilərlər”, – deyə Azər Qasımlı söyləyir.
Ərəstun Oruclunun Seçki Qərargahı QHT-lərdən birinin ofisidir
“A-13″ hərəkatının namizədi, politoloq Ərəstun Oruclunun Seçki Qərargahı yoxdur. Seçki Qərargahının rəhbəri Zaur Əkbər bizimlə söhbətində bildirdi ki, ofis tutmaq üçün bir neçə ünvana üz tutsalar da buna nail ola bilməyiblər: ”Ofislərini icarəyə verənlər bunu namizədin qərargahı üçün tutacağımızı biləndə imtina etdilər. Ona görə QHT-lərdən birinin ofisində fəaliyyət göstəririk”.
Müəyyən səbəblərdən həmin QHT-nin adını çəkə bilməyəcəyini deyən Zaur Əkbər imzatoplama zamanı müəyyən problemlərlə də üzləşdiklərini söylədi: “Qərargahın üzvləri imzatoplama zamanı üzləşdikləri problemlərdən ən əsası vətəndaşların ya şəxsiyyət vəsiqələrinin vaxtının ötməsi, ya da icra nümayəndəliklərinin gümin vəsiqələri yığması olub”.
Ərəstun Oruclunun namizədliyinin qeydə alınması üçün Seçki Qərargahında hərəkatın üzvləri ilə yanaşı könüllülərdən ibarət qrup da fəaliyyət göstərir.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin Seçki Qərargahı partiyanın ofisidir. Azadlıq prospekti 200 ünvanında yerləşən qərargahın bütün üzvləri rayonlarda imza toplayırlar. Araz Əlizadə “Bizim yol” qəzetinə açıqlamasında hər şeyin qaydasında olduğunu, Seçki Qərargahının 26 üzvünün olduğunu bildirib.
Əhməd Orucla Zahid Orucun işləri qaydasındadır
Azadlıq Partiyasının sədri Əhməd Orucun Seçki Qərargahı partiyanın ofisi və sədrin müavinlərindən birinin evidir. Darısqal bir ofisdə fəaliyyət göstərdiklərini deyən Əhməd Oruc ünvanı bizə söyləyə bilməyəcəyini qeyd etdi: “Ofisimiz balaca, gərgin iş getdiyi üçün ünvanı deyə bilməyəcəyik. Jurnalistləri qəbul etmək üçün yerimiz yoxdur. Ancaq işlər sürətlə gedir. Artıq 40 min imza toplanılıb. 131 nəfər imza vərəqələrini ofisdən götürüblər. Onlara kömək edənlərlə birlikdə Seçki Qərargahında çalışanların sayı 300 nəfərdən çoxdur”.
Əhməd Oruc bizimlə söhbətində onu da qeyd etdi ki, imza vərəqələrinin yoxlanılması prosesi gedir: “Lənkəran, Tovuz, Şabran rayonlarında gecikdirmələr var. Onlar da sabah, yaxud biri gün qərargaha təqdim olunacaq”.
Imzatoplama zamanı problemlərlə qarşılaşdıqlarını deyən partiya sədri bildirir ki, Seçki Qərargahlarının üzvləri arasında həbs edilənləri də olub: “Imzatoplama kampaniyasının ilk günündə Masazırda bir üzvümüz həbs olunaraq Abşeron rayon polis idarəsinə aparıldı. Guya camaatı itaətsizliyə səsləyib. Sakinlərlə üzləşdirildikdən sonra sərbəst buraxıldı. Astarada problemlə qarşılaşdıq, Sumqayıtda imza vərəqələrini oğurlamağa cəhd etdilər. Ancaq bütün bunlara baxmayaraq işimizi görə bilirik”.
Namizədliyini irəli sürdüyünü elan etdikdən sonra Ana Vətən Partiyasından çıxarılan Zahid Orucun da işlərinin yaxşı getdiyini qeyd edə bilərik. Namizədin Seçki Qərargahının rəhbəri Ərəstun Əlioğlu mətbuata açıqlamasında Zahid Orucun təxminən 8 ildir Bakı şəhərinin Səbail rayonunda, Nizami küçəsi 96-da yaşadığını deyir: “Zahid Oruca imza verənlər arasında həmin ünvandakı 76 mənzilli binanın sakinləri də var. Bizim üçün hər bir kəsin imzası dəyərlidir. Burada heç bir ayrı-seçkilik qoymuruq. Amma insana onun qonşuluğunda yaşayanların da mənəvi dəstək verməsi olduqca önəmlidir”.
***
YAP-ın hər bir rayonda ofisi olduğu üçün bir növ hər biri qərargah sayıla bilər. Bu qərargahları gəzmək, üzvləriylə söhbət etmək sadəcə fiziki cəhətdən mümkün deyil. Həm də getsək belə danışmayacaqlar. Birincisi ona görə ki, Ilham Əliyevin imzatoplama kampaniyası bitib, ikincisi isə, danışmaq üçün icazəni Mərkəzi Qərargah verməlidir. Çünki biz bir neçə kərə sözügedən partiyanın qərargahlarında olmuşuq və hər dəfə eyni cavabı eşitmişik: “Mərkəzi Qərargahdan gərək icazə versinlər!”.
Ramin DEKO