Kampaniya Əliyev rejiminə lobbiçilik edənləri də hədəfə alacaq
«Azərbaycan vətəndaşlarına məxsus olan neft-qaz gəlirləri Britaniya parlamentarilərinin susdurulmasına sərf olunur»
“Twitter” sosial şəbəkəsində Əliyev rejimilə əlaqədə olan britaniyalı deputatlara qarşı ifşa kampaniyası başlayıb. Kampaniya çərçivəsində bəzi britaniyalı deputatların Azərbaycandakı rejimlə korrupsiya əlaqələrindən, həmçinin Avropanın neft-qaza görə bu ölkədə baş verən biabırçılıqlara göz yummasından bəhs olunan geniş məqalə hazırlanıb.
“Əliyev rejimi ilə əlaqəsi olan deputatları ifşa etməli” başlıqlı məqaləni təqdim edirik:
***
Britaniyalı deputatlar hələ də Avropa-Azərbaycan Cəmiyyətilə yaxşı əlaqələri qoruyub saxlayırlar. Bu məsələ bir o qədər həyəcan doğurmur. Başqa ölkələrlə münasibətlərin möhkəmlənməsi pis deyil. Ilk baxışdan bu təşkilat da pis təsir bağışlamır. Avropa-Azərbaycan Cəmiyyəti Böyük Britaniyada qeydiyyatdan keçmiş təşkilatdır və missiyası da Azərbaycanı xaricdə daha yaxşı tanıtmaq, Avropa ölkələrilə iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirməkdir. Bu yaxınlarda onlar xeyriyyə məqsədilə – Azərbaycandakı məcburi köçkünlərə yardım üçün futbol oyunu təşkil ediblər.
Bu, sadəcə, biabırçılıqdır. Onlar bu cür tədbirləri ölkənin diktatoru Ilham Əliyevin repressiv rejimilə mübarizə aparanlar üçün təşkil eləmirlər. Dayanın, bunun da səbəbi var. Çünki Avropa-Azərbaycan Cəmiyyəti elə bu repressiv rejimə xidmət edir.
Avropa-Azərbaycan Cəmiyyətini 2008-ci ildə Tale Heydərov yaradıb. Onun atası fövqəladə hallar naziri, Əliyevin idarə etdiyi hakim elitanın əsas üzvlərindən biridir. ABŞ səfirliyinin yazışmalarında Kəmaləddin Heydərov, hətta prezidentin özündən də qüdrətli fiqur kimi təsvir olunurdu. Qeyd olunurdu ki, Heydərovun ölkə daxilində sərvəti prezidentdən də çoxdur.
Əliyev və onun nazirləri son dərəcə korrupsiyalaşmış sistemdən faydalanırlar. Ölkənin təbii sərvətləri sayəsində onlar həddindən artıq zənginləşiblər və bütün dünyada geniş əmlak imperiyası qurublar. Halbuki, Azərbaycanda əhalinin böyük əksəriyyətinin müalicə olunmağa imkanı çatmır, infrastruktur, o cümlədən yollar ölkənin imkanlarıyla müqayisədə çox aşağı səviyyədədir. Ölkənin təbii sərvətlərindən bütün xalq faydalanmalı olduğu halda, gəlirlər bir qrup adamın əlində cəmlənib.
Əliyevə qarşı çıxanlar cəzalandırılır. Hazırda Azərbaycanda 80 nəfərdən çox siyasi məhbus var. Aprel ayında biz Azərbaycanda olanda Bakıətrafı Sulutəpə qəsəbəsində yaşayan Idrak Abbasovla görüşdük. Bu qəsəbədə Ermənistan və Dağlıq Qarabağdan çoxlu saydı qaçqın və məcburi köçkünlər məskunlaşıb. Dövlət Neft Şirkətinin əməkdaşları heç bir xəbərdarlıq edilmədən və kompensasiya ödəmədən onların bir çoxunun evlərini dağıtdığından bu adamlar növbəti dəfə evlərindən zorla didərgin salındılar. Idrak yaşadığı qəsəbədə baş verənləri qələmə alandan sonra onun özü və ailəsi təzyiqlərlə üzləşib. Idrakın valideynləri, qardaşı hücuma məruz qalıb. Idrakın özünə qarşı zorakılıq elə bir həddə olub ki, bu günün özündə də o, qulaqları və böyrəklərindən əziyyət çəkir. Ona görə də yaxşı olardı ki, Avropa-Azərbaycan Cəmiyyəti xeyriyyə oyunlarını Sulutəpə sakinləri üçün təşkil eləsin.
Bu təşkilat Böyük Britaniyada bir sıra siyasi qrupları maliyyələşdirir. Onlar “Azərbaycanın mühafizəkar dostları”nı təsis ediblər və orada Britaniya parlamentinin 25 üzvü təmsil olunur. Bu qurumun missiyası Azərbaycanı Helsinki prinsiplərinə qoşulan demokratik ölkə kimi təbliğ etməkdir. Onlar həmçinin Leyboristlərin lobbi qrupuna 7500 funt-sterlinq ianə veriblər.
Bundan başqa, Avropa-Azərbaycan Cəmiyyəti bütün parlament qruplarına texniki dəstək göstərir. Bunun nəticəsidir ki, onların müzakirə etdikləri məsələlər sırasında Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti mövzusu yoxdur.
Bütün Partiyaların Parlament Qrupunun keçmiş sədri, deputat Mark Fild 2011-ci ildə Avropa-Azərbaycan Cəmiyyətinin Məşvərət Şurasına üzv qəbul olunub və ona illik 6000 funt-sterlinq pul verilib. Bu təşkilat eyni zamanda, Fildin Azərbaycana bir sıra səfərlərini, o cümlədən Heydər Əliyevin məzarı qarşısına əklil qoyduğu səfəri maliyyələşdirib.
Qrupun hazırkı sədri Kristofer Pinçerin Azərbaycana iki səfərinə görə ən azı 6575 funt-sterlinq vəsait alıb. Bunun müqabilində o, Britaniya parlamentində Azərbaycandakı repressiyalarla bağlı tənqidlərin qarşısını almağa çalışıb. Beləliklə, Azərbaycan vətəndaşlarına məxsus olan neft-qaz gəlirləri Britaniya parlamentarilərinin susdurulmasına sərf olunur.
Əlbəttə, nə qədər ki, Azərbaycanın təbii sərvətləri var, Əliyev də avropalı parlamentariləri öz tərəfinə çəkmək üçün geniş imkanlara malikdir. Əvvəl onlar neft, indi də qaz göndərməklə buna nail olurlar. Hətta Avropa Komissiyasının prezidenti Barrozo da bu yaxınlarda Brüsseldə Ilham Əliyevi ölkədəki “demokratik inkişafa” görə təriflədi. Baxmayaraq ki, bu ölkədə baş verən bütün hadisələr oktyabrda keçiriləcək prezident seçkisinin də əvvəlki seçkilər kimi saxtalaşdırılacağını göstərir.
Əliyev Avropaya 2 trilyon kub metr qaz vəd edib.
Elə bir vaxt gəlib çatıb ki, biz deputatlarımızdan Əliyev rejimindən pul almamağı tələb etməliyik. Onlardan tələb etməliyik ki, onlar Azərbaycanda olan 80-dən artıq siyasi məhbus barədə açıq danışsınlar. Biz “Twitter”dən istifadə edərək, britaniyalı parlamentarilərin Avropa-Azərbaycan Cəmiyyətilə biabırçı əlaqələrini ifşa etməliyik.
Siyasət şöbəsi