Vəfa Quluzadə: «Rusiya hər vəchlə çalışır ki, regionda sülh olmasın və son addımlar da buna hesablanıb»
Ermənistanın Rusiyanın təkidi ilə Avrasiya Ittifaqına daxil olması regionda yeni situasiya yaradır. Düzdür, Ermənistan bugünə qədər də Rusiyanın regiondakı forpostu sayılsa da, bununla belə dövlət Qərblə olan körpüləri tam yandırmırdı. Amma Avrasiya Ittifaqına üzvlük artıq Qərbin maraq dairəsində olan Cənubi Qafqazda Kremllə maraqların toqquşmasına səbəb olacaq. Bu baxımdan regionun gələcəyi ilə bağlı hansı proseslər cərəyan edə bilər?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Ermənistan hakimiyyətinin atdığı son addımlar iqtidarı çox çətin durumda qoyur. SSRI çökdükdən sonra Rusiyanın Ermənistana heç bir xeyrinin dəymədiyini deyən V.Quluzadə vurğuladı ki, erməni xalqının maraqları Qərbə inteqrasiyanı zəruri edir: “Ermənistanın gələcəyini Ter-Petrosyan 98-ci ildə bəyan etmişdi. O zaman Ermənistanın rəhbəri bildirmişdi ki, Azərbaycanla sülh olmasa, dövlətlərinin gələcəyi yoxdur. Ter-Petrosyan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normalaşdırmasına çalışırdı. Bu siyasətinə görə Rusiya onu hakimiyyətdən uzaqlaşdırdı. 99-cu ildə Köçəryan güzəştli sülhə söz vermişdi. Amma o da mövqeyində sona qədər dayanmadı. Parlamentdə gülələnmə baş verəndən sonra situasiya dəyişdi”.
Ermənistanı güclə Avrasiya Ittifaqına üzv qəbul etdirdiklərini deyən V.Quluzadə düşünmür ki, Yerevanın bu ittifaqa girməsi reginda durumu ciddi formada dəyişməyəcək: “Regiondakı durum dondrulmuş münaqişə vəziyyətidir. Rusiya hər vəchlə çalışır ki, regionda sülh olmasın. Iranı da Ermənistanı da Rusiya təzyiq altında saxlamaq istəyir. Ona görə əslində regionda elə bir dəyişiklik baş verməyib. Rusiya əvvəlki iddialarında qalır və bu iddiaları daha da dərinləşdirir, rəsmiləşdirir. Rusiya regionda bundan artıq heç nəyə qadir deyil. Rusiyanın güclü iqtisadiyyatı olsaydı, keçmiş Sovet Ittifaqı bərpa olunardı”.
Xəyal