Cəmil Həsənli “El” rəhbərliyilə görüşdü

Eldar Namazov: «Seçki kampaniyasında sona qədər birgə olacağımızı bildirdik»

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli sentyabrın 6-da “El” Hərəkatının rəhbərliyi ilə görüşüb. Görüş Milli Şura sədri Rüstəm Ibrahimbəyovun evində baş tutub. Bu barədə “Azadlıq”a məlumat verən “El” Hərəkatının sədri Eldar Namazov deyib ki, görüşün təşəbbüskarı Cəmil Həsənli olub.
“Görüşdə iştirak edənlər uzun illərdi Cəmil müəllimi yaxından tanıyan, onunla müxtəlif sahələrdə əməkdaşlıq edən insanlar idi. Və əslində bu uzun illərdi dostluq və əməkdaşlıq edən insanların söhbəti idi”, – Eldar Namazov əlavə edib.
Görüşdə müzakirə olunan məsələlərə gəlincə, “El” Hərəkatının sədri deyib ki, Milli Şuranın işinin gücləndirilməsi, seçki kampaniyası, rəhbərlik etdiyi təşkilata basqılar müzakirə mövzusu olub: “Cəmil müəllim vahid namizəd elan ediləndən sonra ”El” Hərəkatına qarşı hakimiyyətin basqıları artdı. Çünki Milli Şuranın qorunub saxlanmasında “El”in müəyyən xidməti var. Həmin dövrdə Cəmil müəllimlə görüşüb bu məsələləri müzakirə etmək imkanımız olmadı. Ona görə də bu gün (dünən-red) görüşdük. “El” Hərəkatına qarşı basqıları, Milli Şuranın gücləndirilməsi, seçki kampaniyası ilə bağlı məsələləri müzakirə etdik. Bütün müzakirə olunan məsələlərlə bağlı vahid mövqe sərgilədik. Seçki kampaniyasında sona qədər birgə olacağımızı bildirdik. Görüşün sonunda, Cəmil müəllimə “El”in atributları hədiyyə edildi və xatirə şəkli çəkdirdik”.