«Məqsədimiz Azərbaycan xalqının normal həyat haqqını özünə qaytarmaqdır»
Cəmil Həsənli: “Neftdən xalqdan başqa bütün işbazlar faydalanır”
Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli “Amerikanın səsi” radiosunda “Sərbəst kürsü” canlı forumunun qonağı olub. Dinləyicilər Cəmil Həsənliyə Milli Şuranın fəaliyyəti, prezidentliyə namizəd kimi onun özünün atacağı addımlar haqda suallar ünvanlayıblar:
– Siz əvvəl namizəd olmaq istəmirdiniz. Niyə? Və hansı hadisədən sonra namizəd olmaq təklifini qəbul etmək qərarına gəldiniz?
– Milli Şura modeli Rüstəm bəyin şəxsiyyəti üzərində qurulmuşdu. Bu, uğurlu bir model idi. Rüstəm Ibrahimbəyov Azərbaycan ziyalı elitasının yüksək pilləsində dayanan bir fikir adamıdır və Milli Şura da doğru olaraq, onun namizədliyinin irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul etmişdi. Lakin məlum prosedur çətinlikləri Rüstəm bəyin namizədliyi üçün əlavə problemlər yaratdı. Nəticədə Milli Şura ciddi bir böhranla qarşılaşdı. Bu halda, həm Rüstəm bəy, həm də Milli Şurada təmsil olunan aparıcı partiyalar bu missiyanı üzərimə götürməyi məndən xahiş etdilər. Baxmayaraq ki, mən əvvəl bu yükü üzərimə götürməkdən imtina etmişdim, yaranmış böhranlı vəziyyəti və qeyd etdiyim rəhbər siyasi xadimlərin xahişlərini nəzərə alaraq, Milli Şuranın yeni namizədi olmağa razılıq verdim.
– Sizin siyasi xəttinizdə Güney Azərbaycan hansı yeri tutur? Bizim hüquqlarımızı müdafiə edən ata dövlətimizi görəcəyikmi?
– Güney sevgisini bizim içimizdə unudulmaz müəllimimiz Əbülfəz bəy yaradıb. Əlbəttə, Güney Azərbaycanla bağlı insan haqları, dil və mədəniyyət haqları, tarixi keçmişə sahiblik haqqı kimi məsələlərdə zəruri addımların atılması vacibdir. Güneyli dostlarımızın müstəqil Azərbaycanda hər hansı ayrı-seçkiliyə məruz qalması ədalət anlayışından çox uzaqdır. Güneyin milli mübarizə tarixilə bağlı bir sıra araşdırmalar aparmışam. Hesab edirəm ki, Güney probleminin müzakirəsi baxımından bu araşdırmalar müəyyən rol oynayıb. Bununla belə, qonşu dövlətlərə münasibətdə beynəlxalq münasibətlərin universal prinsipləri, beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən yanaşılmasının vacib hesab edirəm.
– London səfərinizi kim təşkil edib və səfərinizin məqsədi nədir?
– Dəvət Londonda fəaliyyət göstərən bir cəmiyyətdən gəlib. Məqsəd Azərbaycanda prezident seçkiləri, seçki mühiti, seçki demokratiyası və hazırkı seçki şəraiti ətrafında müzakirələr aparmaqdır. Britaniya parlamentində, Xarici Işlər Nazirliyində, seçki demokratiyası ilə məşğul olan bir sıra təşkilatlarda müzakirələrin keçirilməsi nəzərdə tutulub.
– Məlum olduğu kimi, sizin siyasi baxışlarınız müəyyən qədər anti-Rusiya və anti-Iran yönümlüdür. Prezident seçiləcəyiniz təqdirdə, bu iki ölkə ilə münasibətlərimiz pozula bilərmi? Rusiya və Irana qarşı müvafiq olaraq, Dərbənd və Cənubi Azərbaycana görə ərazi iddiaları irəli sürmək fikriniz varmı?
– Iyirmi ildən çoxdur ki, Azərbaycanın özünün əraziləri işğal altındadır. Ona görə də qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürmək fikrindən uzaq olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Rusiyada iki milyon azərbaycanlı yaşayır. Bunlar qonşu ölkədə iş, çörək və dolanışıq əldə edirlər. Qonşularla və bütövlükdə xarici dövlətlərlə münasibətləri inkişaf müstəvisinə aparan yola üstünlük vermək lazımdır. Azərbaycanın ərazisi və sərhədləri ATƏT prinsipləri, BMT-nin sənədlərilə təsbit olunub. Bunu qoruyub saxlamaq lazımdır. Azərbaycanın pozulmuş ərazi bütövlüyünü bərpa etməyə üstünlük vermək lazımdır, nəinki, qonşu dövlətlərlə münaqişəli vəziyyət yaratmağa. Post-sovet məkanında müasir sərhədlər SSRI dağılandan sonra Ermənistan istisna olmaqla, bütün digər dövlətlər tərəfindən tanınıb. Sovet dövründə bu respublikalar mövcud olduqları ərazilərlə ATƏT-ə və BMT-yə daxil olublar. Buna hörmətlə yanaşmaq lazımdır.
Iranla sərhədlərimiz 1921-ci il Sovet Rusiyası ilə Iran arasında imzalanmış müqavilə ilə tənzimlənir və bu sərhədlər bu gün də qüvvədədir. Hesab edirəm ki, buna da hörmətlə yanaşmaq lazımdır.
– İlqar Məmmədova münasibətiniz necədir?
– Çox yaxşıdır. Ilqar bəy son illərdə Azərbaycan cəmiyyətinin yetirdiyi çox istedadlı adamlardan biridir. Onun həbsi qanunsuzdur və biz dəfələrlə buna münasibətimizi bildirmişik. Ilqarın həbsi yalnız Ismayıllıya gedib hadisə yerində olmasıyla bağlı deyil. Bu daha çox onun Azərbaycan siyasi mühitində iradə nümayiş etdirməsilə bağlıdır. Ilqar bəyin fəaliyyətini yüksək qiymətləndirirəm, ona və ReAL Vətəndaş Hərəkatında təmsil olunan dostlarımıza uğurlar arzulayıram.
– Xalq seçkiyə inanmır və hakimiyyətə narazılıqlarını seçkiyə getməməklə ifadə edirlər. Bu vəziyyətdə qısa müddətdə xalq necə maariflənəcək ki, seçkidə iştirak etsin? Bu sahədə sistemli plan varmı?
– Faktiki bu gün Azərbaycan təkpartiyalı sistemlə idarə olunur. Hesab edirəm ki, on il, yəni, iki dönəm prezident olmaq millətə xidmət etmək üçün böyük imkanlar verir. Eyni şəxsin üçüncü dəfə seçkiyə qatılması geriyə doğru bir addımdır. Sadəcə, Azərbaycanda xalqın hakimiyyəti formalaşdırmaq haqqı əlindən alınıb. Biz millətimizin seçim haqqının özünə qayıtmasına, xalqın öz gücünə inam hissinin bərpa olunmasına çalışacağıq. Xalq daim siyasi proseslərdən uzaqlaşdırıla bilməz. Hakimiyyət qarşısında güc görməlidir. Xalqın haqqına sayqı ilə yanaşmalıdır. Ölkəmizdə seçki yolu ilə hakimiyyətdən getmək ənənəsi formalaşmalıdır.
– Planınızda Azərbaycanın Vahid Gömrük Ittifaqına daxil olması məsələsi varmı? Istəməzdik ki, ölkəmiz müstəqilliyini itirsin və keçmiş zülmkar SSRI bərpa olunsun…
– Mən Milli Şura tərəfindən prezidentliyə namizəd göstərilmişəm və Azərbaycanın xarici siyasət strategiyasıyla bağlı Milli Şuranın həm Memorandumunda, həm də Bəyannaməsində mühüm müddəalar var. Bunlara əməl edilməsi vacibdir. SSRI keçmişin hadisəsidir, onun bərpa olunmaq təhlükəsi yoxdur, Azərbaycanın müstəqilliyi ümumdünya prosesidir və çalışmalıyıq ki, vətəndaşlarımız müstəqilliyin bəhrələrini öz həyatlarında hiss etsinlər.
– Xəzərin neftini demirik, prezident olsanız, dənizin kənarına çəkilən o hasarları nə edəcəksiniz?
– Məqsədimiz ədalətli cəmiyyətin bərqərar edilməsidir. Azərbaycan xalqının pozulmuş hüquqları, normal həyat haqqı bərpa edilməlidir. Xalqın nəinki Xəzərin sahillərindən, Azərbaycan neftindən də pay almaq haqqı özünə qaytarılmalıdır. Ölkənin neftindən Azərbaycan xalqından başqa bütün işbazlar faydalanır. Təəssüf ki, neft gəlirləri artdıqca əhalimiz daha da yoxsullaşır. Bunun sirri açılmalıdır. Bu gün Xəzərin sahəlləri ayrı-ayrı işbazlar tərəfindən Çin səddi kimi hasarlarla əhatə edilib. Hələ Milli Məclisdə Xəzərin sahililə bağlı məsələlər müzakirə ediləndə mən dedim ki, dənizdən 20 metr məsafədə olan sahilin ayrı-ayrı adamlara verilməsi Azərbaycan xalqını dənizin üzünə həsrət qoyacaq. Sosial cəhətdən müdafiə olunmayan, çörək pulu tapmayan adamların dənizdən ödənişli formada istifadə etməsini heç nə ilə izah etmək olmaz.
– Qalib gəlsəniz, aparacağınız aqrar islahatlar nədən ibarət olacaq?
– Aqrar sahə ciddi məsələ kimi Azərbaycan cəmiyyətinin qarşısında dayanır. Təəssüf ki, barlı-bərəkətli Azərbaycan rayonlarının böyük əksəriyyəti son illərdə mərkəzdən verilən dotasiyalar hesabına yaşayır. Ölkəmizdə büdcə daxilolmalarının 92 faizi Bakının, qalan 8 faizi bütün Azərbaycanın payına düşür. Bu o deməkdir ki, Bakıdan kənarda həyat yoxdur. Qanunsuz və nəzarətsiz idxal kənd təsərrüfatının belini qırdı. 25-30 faizlik kreditlərlə kənd təsərrüfatını qaldırmaq mümkün deyil. Bu gün kənd yerlərində demək olar ki, bütün əhali bankların əsarətinə düşüb. Bu, sadəcə soyğunçuluqdur. Dövlətin maliyyə resursları ilə bankları ələ keçirmiş ayrı-ayrı hakim elita üzvləri bir qayda olaraq, belə yüksək kredit faizləri ilə əhalini diz çökdürüb. Buna son qoymaq lazımdır. Azərbaycanın taleyi Kənd Təsərrüfatının dirçəldilməsindən keçir. Əhalimiz zəhmətkeşdir. Zəhmətinin bəhrəsini görməyə ona əlverişli şərait yaradılmalı, torpaqdan səmərəli istifadə haqqı verilməlidir. Təəssüf ki, bu hakimiyyətin kənd təsərrüfatının inkişafında heç bir marağı yoxdur.
– Prezident seçildikdən sonra gənclərin xaricdə təhsilini necə dəstəkləyəcəksiniz? Bununla bağlı planlarınız varmı?
– Xaricdə təhsil Azərbaycanın dünyaya inteqrasiyasının əsas vasitələrindən biridir. Lakin bu, ölkə içində təhsilin unudulması hesabına olmamalıdır. Təxminən ay yarım öncə rəsmən elan olundu ki, ölkəmizin 18 rayon və şəhərlərinin bütün məktəblərində 9-cu sinif şagirdlərinin 46,6 faizi ana dili üzrə buraxılış imtahanlarından qeyri-kafi qiymət alıb. Bu böyük fəlakətdir. Bu təkcə təhsil məsələsi deyil. Ölkədə savadsızlığı stimullaşdırma siyasətinin məntiqi nəticəsidir. Bu cəmiyyətin sabahının hansı səviyyədə olmasının göstəricisidir. Xaricdə təhsilin daha effektli formalarından istifadə edilməlidir. Əhalinin sosial cəhətdən aztəminatlı ailələrinin istedadlı uşaqlarının da bundan faydalanmaq imkanı olmalıdır. 2008-2015-ci illəri əhatə edən, 5 min gəncin xaricdə təhsil alması barədə dövlət proqramı olsa da, çox az gənc bu proqramdan faydalana bilib. Bir qayda olaraq, müxtəlif yoxlamalar adı altında sosial cəhətdən aktiv olan, valideynləri müxalifət düşərgəsində təmsil olunan istedadlı gənclərin bu proqramlardan istifadə imkanları minimuma endirilib. Təhsildə ayrı-seçkiliyi özündə ehtiva edən bu eybəcər yanaşmanı aradan qaldırmaq lazımdır.
– Hakimiyyətə gəlsəniz, yaşlıların, əlillərin təqaüdündə artım, ipoteka şərtlərində yüngülləşmə gözlənilirmi? Imkansız ailələrin səhiyyə problemlərinin həlli üçün dəyişiklik ola bilərmi?
– Azərbaycan xalqı layiqli və ləyaqətli həyat haqqına malikdir. Millətin haqqı ona sədəqə kimi verilməməlidir. Yalnız qeyd etdiyiniz əlil qrupları deyil, bütövlükdə əməkhaqları və təqaüdlər ölkəmizin imkanlarından çox aşağı səviyyədədir. Ötən günlərdə hökumətin müşavirəsində orta təqaüd həddinin 200 dollar olması ilə fəxr etdiklərini bildirdilər. Lakin rəqəmi yüksək göstərmək üçün bunu dollarla elan etdilər. Halbuki, orta təqaüd həddi 120-130 manat həcmindədir. Bir milyon 250 min təqaüdçünün təxminən bir milyonu bu həddə təqaüd alır. Analoqsuz inkişaf edən ölkə üçün bu elə də yaxşı göstərici deyil. Insanlar 30 il, 40 il öz əməyini, sağlamlığını, intellektini ona görə cəmiyyətə verməyib ki, ahıl yaşında 130 manat təqaüd alsın. Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin, dövlət müəssisələrində çalışan çoxsaylı məmur ordusunun əməkhaqqı onların yaşayış xərclərinə uyğun deyil. Müəllim normal əməkhaqqı almasa, ən yaxşı qanunla belə, təhsili inkişaf etdirmək mükün deyil. Azərbaycanda böyük tibb potensialı olduğu halda, gözümüzün qarşısında ölkəmizin səhiyyə sistemi etimadsız bir vəziyyətə düşdü. Bir anlıq düşünün: hansı vəzifəli şəxs öz ölkəsində müayinə olunur, tibbi yardım alır? Hansı vəzifəli şəxsin ailəsində uşaqlar məhz öz ölkəsində dünyaya gəlir? Ölkə səhiyyəsinə etimadsız münasibət ilk növbədə ölkəni idarə edənlərdən gəlir. Azərbaycanda bir çox səhiyyə müəssisələri artıq tibb müəssisəsi kimi deyil, biznes müəssisəsi kimi fəaliyyət göstərir. Bu dəhşətli mənzərədir. Yoxsul təbəqənin kütləvi şəkildə Iranın sərhədyanı şəhərlərinə üz tutması ölkəmizin səhiyyə müəssisələrinin biznes obyektinə çevrilməsilə bağlıdır. Ölkə səhiyyəsinə etimadın bərpa olunması uzun və ağrılı bir proses olacaq. Tibbi sığorta sistemi işləmir, əhali tibb müəssisələrində tətbiq edilən qiymətlərə heyrət edirlər. Qonşu ölkələrə axın bilavasitə bununla bağlıdır. Mən özəl tibb müəssisələrinin əleyhinə deyiləm, lakin cərrahiyyə əməliyyatına ehtiyacı olmayan adamların biznes maraqlarına görə əməliyyat olunduğunu eşitdikdə dəhşətə gəlirəm. Bunun bir çarəsi olmalıdır. Müayinə zamanı Azərbaycanda əməliyyat olunması tövsiyə olunmuş xəstələrin böyük bir hissəsi qonşu ölkələrdə buna ehtiyac olunmadığını eşitdikdə onun bizim səhiyyəyə münasibəti şübhəsiz ki, dəyişəcək, etimadı itəcək.