İbrahimbəyovun şikayəti təmin olunmadı

Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı

Fuad Ağayev: «Bununla bağlı BMT-nin Insan Hüquqları Komitəsinə müraciət edəcəyik»

Sentyabrın 6-da Ali Məhkəmədə Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovun Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxıldı.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası avqustun 27-də Rüstəm Ibrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməyib. Onun Rusiya vətəndaşı olduğu, son 10 ildə Azərbaycanda 3 ildən bir az çox yaşadığı əsas gətirilib.
Avqustun 30-da isə Apelyasiya Məhkəməsi Rüstəm Ibrahimbəyovun Mərkəzi Seçki Komissiyasının qərarından şikayətini təmin etməyib.
Hakim Ilqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə kinorejissorun hüquqlarını vəkil Fuad Ağayev qoruyurdu.
Vəkil çıxşında məhkəmənin qərarını qərəzli adlandırıb. Bildirdi ki, Ibrahimbəyovla bağlı MSK-nın gətirdiyi üç əsasın heç biri reallığı əks etdirmir: “MSK Rüstəm bəyin namizədliyini təsdiqləməmək üçün onun başqa ölkə qarşısında öhdəliyini, 10 il müddətində ölkədə yaşamamasını deyir. MSK sorğu əsasında müəyyənləşdirib ki, Rüstəm Ibrahimbəyov 1173 gün ölkədə yaşayıb. Qanunda qeyd edilmir ki, prezidentliyə namizəd son 10 ildə ölkədə yaşamalıdır. Əgər belədirsə, onda Heydər Əliyevin 1998, Ilham Əliyevin 2003-cü illərdə namizədliklərinin irəli sürməsi və prezident seçilmələri buna uyğun deyil. MSK Rüstəm Ibrahimbəyovla bağlı bu qərarı deyəndə, deməli, 1998 və 2003-cü illərdəki seçkilərin nəticələrinin qanunsuz olduğunu qeyd etmiş olur”.
Fuad Ağayev çıxışı zamanı onu da qeyd etdi ki, MSK Rüstəm Ibrahimbəyovun başqa ölkə qarşısında öhdəliyini deyəndə konkret sübut ortaya qoymur: “Biz bilmirik ki, öhdəlik deyəndə nəyi nəzərdə tuturlar? Vətəndaş ölkə qarşısında öhdəliyi vergi, hərbi mükəlləfiyyətlə bağlı olar. Vergi ilə bağlı Rüstəm bəyin Rusiyaya borcu yoxdur. Göndərilən sorğuya cavab verilib. 74 yaşlı kinorejissor Rusiyada hərbi xidmətə getməsi ilə bağlı öhdəliyi də ola bilməz. Başqa hansı öhdəlik qaldı? Biz dünyanın bütün ölkələrindən məktub almalıyıq ki, Rüstəm Ibrahimbəyovun sizin ölkə qarşısında öhdəliyi varmı, yoxmu? Apelyasiya Məhkəməsində MSK-nın digər namizədləri qeydə alan zaman sənədlərinin təqdim edilməsi barədə vəsatət qaldırdıq. Ancaq məhkəmə təmin etmədi”.
Iki saata yaxın davam edən prosesdə hakimlər müşavirə otağına getdilər. Müşavirədən sonra hakim Apelyasiya Məhkəməsinin qərarının qüvvədə saxladığını elan etdi.
Fuad Ağayev bununla bağlı BMT-nin Insan Hüquqları Komitəsinə müraciət edəcəklərini bildirdi.

Ramin DEKO