Hər seçkiqabağı olduğu kimi, yenə camaatımız arasında ənənəvi söhbətlər dəbdədir. Çoxluqda seçki ilə bağlı heç bir müsbət gözlənti yoxdur. Söhbət yalnız illərdir davam edən total saxtalaşdırmadan, seçkinin sadəcə, bir şouya çevrilməsindən bezib səsverməyə getməyi artıq iş sayanlardan getmir. Hətta hər bir halda, hər nə olursa olsun, səs verməyi vətəndaşlıq borcu sayanlar belə, güvənsizdirlər, nəticəyə inanmırlar.
Mən fikir vermişəm, bu cür güvənsizliyin, inamsızlığın kökündə həm də xalqla bağlı dəhşətli güvənsizlik, inamsızlıq dayanır. Az qala hamı bu fikirdədir ki, bizim xalqdan bir şey olan deyil, birləşə bilmirik, ümumiyyətlə, xalq özü heç kimdir, onun taleyi başqalarının əlindədir, həmin bu “başqaları” necə istəsələr, elə də olacaq.
Bu fikirlərdə həqiqət payı yoxdurmu? Əlbəttə, var. Kimsənin Rusiyanın və yaxud Qərbin Azərbaycanla bağlı öz maraqlarının olduğuna, onlara məhz həmin maraqlara cavab verən işbirlikçilərin lazım gəldiyinə, son 20 ildə Əliyevlər rejiminin timsalında belə bir işbirlikçi tapdıqları və ondan ikiəlli yapışdıqlarına şübhəsi yoxdur. Amma gəlin unutmayaq: elə xalqda öz gücünə, potensialına inamsızlıq yaratmaq da məhz Əliyevçi rejiminin və onun ölkədən kənardakı qaranlıq müttəfiqlərinin işinə yarayır. Azərbaycan üzərindən hər kəsin öz çirkli bazarlığını həyata keçirmək imkanını daha da asanlaşdırır.
Toplumun altşüurunda xalqın “heç kim” olduğu, onun taleyi ilə bağlı qərarları yalnız başqalarının verdiyi barədə qənaət yaratmaq, fikir formalaşdırmaq “KQB”sayağı hiylələrdən biridir.
Qarabağı işğaldan azad edə bilərikmi?
Rusiya istəsə!
Demokratik ölkə qura bilərikmi?
Qərb icazə versə!
Bu rejimin sonu nə vaxt gələcək?
Neft qurtaranda!
Azərbaycan insanının beyninə yeridilən, şüurlarına oturdulan bu cür fikirlərin siyahısını uzatdıqca uzatmaq mümkündür. Məqsəd: xalqı aqibəti ilə barışmağa…
Onun iradəsinin və istəklərinin qara qəpik qiyməti olmadığına…
Taleyimizin Kremldən, Vaşinqtondan, neftdən, qazdan, bir sözlə, xalqın özündən başqa hər kəsdən və hər şeydən asılı olduğuna inandırmaq. Beləcə, onu passivləşdirmək, taleyüklü məsələlərdə fəal iştirakdan soyutmaq, siyasi, ictimai, sosial həyatdan uzaqlaşdırmaq, onu sadəcə, “məişət xalqı”na çevirmək.
Xalqı əmin etmək ki, o yalnız doğub-törəməkdən ötrüdür. Onun yeganə məşğuliyyəti oğul-qız böyütmək, gəlin gətirib qız köçürməkdir, aradabir isə dolmanın, “Sarı gəlin”in kimin olduğunu müzakirə etsə bəsidir, bundan başqa heç bir iş onluq deyil.
Siz elə bilirsiniz, Xalq Cümhuriyyətinin unutdurulma səbəbi yalnız Azərbaycan tarixini 1993-dən hesablatmaq üçündür? Əlbəttə, yox. Xalq Cümhuriyyəti həm də ona görə unutdurulur ki, xalqda öz potensialına, gücünə inam yaranmasın. Xalq Cümhuriyyəti bizə əksər xalqlar kimi çağdaş, modern, sivil bir cəmiyyət qurmağa qadir olduğumuz düşüncəsini aşılaya, bunu bacaracaq qabiliyyətimizin olduğunu xatırlada bilər. Ona görə də üstündən xətt çəkilir, Üzeyir bəylər, Axundovlar, Mirzə Cəlillər, Xoyskilər, Rəsulzadələr, Ağaoğlular, Haqverdiyevlər, Nemanzadələr, Zərdabilər arxa plana keçirilir, əvəzində sadəcə Nadir Qafarzadələr, Səməd Səmədovlar, Üzeyir Mehdizadələr, Yunus Oğuzlar, Hüseynbalalar, Kəmaləddinlər yetirən bir xalq olduğumuz təsəvvürü və görüntüsü yaradılır.
Hər fürsətdə “qədim insan məskəni” olduğumuz qabardılır, amma niyə müasir insan məskəni olmadığımız, ola bilmədiyimiz sualına cavab verilmir, bu sualı verənlər, bunun üçün çalışanlar düşmən kimi qələmə verilir, əzilir, sıradan çıxarılır. Şərlənir, dar ağacına çəkilir.
Bütün bu oyunların, hoqqaların, hiylələrin isə “bir armudun başında” olduğunu demək artıqdır. Azərbaycanda bir tayfadan, bir ovuc adamdan başqa heç kimin ölkəni idarə etmək qabiliyyətinə, bacarığına sahib olmadığı düşüncəsini möhkəmlətmək, onlar olmasa, ölkənin batıb gedəcəyi qənaətini gücləndirmək və çağdışı, geriçi sistemin qurdla qiyamətə qalmasını təmin etmək!
Belə vəziyyətdə bizim edəcəyimiz tək şey var: tariximizin işıqlı səhifələrinə üz tutmaq. Işıqlı adamlarını önə çıxarmaq. Beləcə, xalqı o səhifələri yenidən yazmaq, o adamları yenidən yetişdirmək, bir sözlə, taleyini dəyişdirmək gücünə inandırmaq!