Sahibkar icra başçısından şikayət edir

Qarabağın icra başçısı məhkəmə qərarına əməl etməməkdə ittiham olunur

“Rövşən” kiçik müəssisəsinin təsisçisi Sənan Ağayev və onun nümayəndəsi Ağahüseyn Ağayev dövlət başçısı Ilham Əliyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi Ülvi Mayılov, Prezident Administrasiyasının şöbə müdirləri Zeynal Nağdəliyev və Fuad Ələsgərova müraciət edib. Surəti “Azadlıq” qəzetinə də göndərilən müraciətdə Sənan Ağayev yazır:
“Apelyasiya məhkəməsində mənə dəyən maddi ziyanla bağlı işə baxılarkən tərəflər arasında 19 iyul 2012-ci il tarixli barışıq sazişi imzalanıb. Cavabdeh həmin sazişdə, eləcə də məhkəmə qərarında əksini tapan məsələləri icra etməliydi. Qaradağ Rayon Icra Hakimiyyəti başçısının 22 may 2012-ci il tarixli 59 saylı sərəncamına əsasən, rayonun Buta qəsəbəsi ərazisində 8 sot torpaq sahəsinin cizgisinin surətinin təsdiq edilməsi və daş sexinin tikintisinə icazə verilməlidir. Icra başçısının 22 oktyabr 1998-ci il tarixli sərəncamına əsasən, mənə fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi ərazisində yerləşən 600 kvadrat metr torpaq sahəsinə dair cizginin surətinin təsdiqlənməsini cavabdeh öz üzərinə götürür. Söküntü nəticəsində dəymiş maddi ziyan qismində 20 min manat vəsaitin qeyd olunan saziş imzalanandan sonra iddiaçıya, yəni, mənə ödənilməsi təmin edilməlidir.
Lakin Qaradağ Rayon Icra Hakimiyyətinin başçısı bu günə qədər məni aldadaraq süründürməçiliyə yol verib və məhkəmənin qərarını qismən icra edib. Torpaq sahəsinin sxemini təsdiq edib tikintiyə şifahi icazə versə də, yazılı sərəncam verməyib. Sonra isə məni və məhkəməni aldadaraq, fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisini başqa bir vətəndaşa məxsus olan, Dövlət Əmlak Komitəsində qeydiyyatdan keçirərək çıxarış verib. Dəfələrlə məhkəmə qərarını, məcburi icraat qaydalarını onun nəzərinə çatdırsam da, hər vasitə ilə məni aldatmaqda davam edir.
Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov vəzifəli şəxs kimi səlahiyyətlərindən sui-istifadə edərək mənə külli miqdarda maddi ziyan vurub. O, vəzifə səlahiyyətini aşaraq məhkəmə qəraıyla mənə çatası qismən vurulmuş maddi ziyanın ödənilməsindən yayınıb və saxta sənədlər verərək başqasının torpaq sahəsini sənədlə mənə verib. Seçki ərəfəsində belə hallara yol vermək əhalini narazı salmaq deməkdir və məmurların düşündüyü bir addımdır. Sənədlərin surəti məhkəmədə var və bu iş araşdırılaraq xüsusi qərar çıxarılmalıdır”.

Sosial şöbə