İrandan Azərbaycana qarşı kəşfiyyat iddiası

“Azərbaycan İsraillə Tehrana qarşı kəşfiyyat aparmaq üçün yeni məxfi müqavilə imzalayıb”

İran kəşfiyyatı Azərbaycana qarşı sensasion iddia irəli sürüb. MOSSAD-a yaxınlığı ilə tanınan “Debka” saytı xəbər verir ki, İranın kəşfiyyat mənbələri sentyabrın 5-də İsrail və Azərbaycanın Tehrana qarşı kəşfiyyat əməkdaşlığı üçün yeni məxfi müqavilə imzaladığını iddia ediblər.
“İki ölkə Təl-Əviv və Bakıda ticarət büroları açmağa qərar verib. İranlılar iddia edir ki, ticarət əlaqələri elektron rabitə vasitələrinin alqı-satqısına köklənəcək. Lakin faktiki olaraq bu razılaşma İrana qarşı kəşfiyyat aparmaq üçün Azərbaycana müasir dinləmə qurğuları yerləşdirməyə xidmət edəcək” – deyə xəbərdə bildirilir.
Bundan əvvəl İranın İnqilab Keşikçiləri Korpusuna bağlı “Fars” agentliyi Azərbaycanla İsrail arasında kənd təsərrüfatı əməkdaşlığına dair imzalanmış sazişin də kəşfiyyat məqsədli olduğunu iddia etmişdi. Bildirilirdi ki, İsrail Azərbaycandan kənd təsərrüfatı məqsədli torpaq icarəyə götürərək əslində orada İrana qarşı kəşfiyyat aparmaq üçün qurğular yerləşdirməyə hazırlaşır (virtualaz.org).