Qəti qorxusu yoxdur, Şeyx həzrətləri…

Qafqaz müsəlmanları idarəsinin başçısı, bütün Qafqazın şeyxi, möhtərəm Hacı Allahşükür Paşazadə, Amerika prezidenti Barak Obama başda olmaqla bütün dünya liderlərinə və dini xadimlərə müraciət ünvanlayıb. Ilk baxışda humanist görünən bu müraciətdə, o Suriyaya hucum planını pisləyir, oradakı müqəddəs ziyarətgahların islam aləminin ortaq malı olduğunu xatırladır, müsəlman qardaş və bacıların günahsız yerə həlak olmasını istəmədiyini vurğulayır.

Şeyxin məntiqindən belə çıxır ki, Suriyada bu günə qədər qırılan müsəlmanlar deyilmiş, dağıdılan ziyarətgahlar isə islam aləminə aid deyilmiş. Obamaya müraciət etməyə özündə cəsarət tapan şeyx, analoji addımı niyə Bəşər Əsəd qurbanlarının sayı 150 mini keçənədək atmadı. Əsədə dayan demək, Obamaya gəlmə deməkdən dahamı çətin idi”.

Hələ mən hazırda dəvəsi ölmüş digər ərəb diktatorlara ünvanlanmayan başqa müraciətləri demirəm. Son 2 il yarım ərzində həmin diktatorlar yarım milyona qədər müsəlmanı qanına qəltan etdilər. Onların eləcə də Bəşər Əsədin ən “sevimli” günü olan Cümə günləri içində ibadət edən nə qədər müsəlmanın qətlə yetirildiyini yəqin ki, Şeyx həzrətləri də bilməmiş deyil… 

Başda Ərdoğan olmaqla, dünyanın bütün müsəlman liderləri və dini xadimlər Uyğur türklərinin soyqırımına adəta üsyan edəndə, möhtərəm şeyximiz müəmmalı şəkildə susdu. Ən azı bu soyqurımı pisləmək olardı. Nə isə… 

Bəli, obrazlı (loru – X.Ə) şəkildə desək, Əsədin iynəsi qızdırılıb, vurulması isə, an məsələsinə çevrilib. Beləcə dünya daha bir diktatorla vidalaşacaq. Əlbəttə, bu vidalaşma, itkisiz olmayacaq, ölənlər də olacaq, dağıdılan məscidlər də olacaq, ziyarətgahlar da. Tək təsəlli isə, Suriya xalqının tezliklə bu bəladan qurtarılması olacaq. Əslində Şeyx də gözəl bilir ki, Suriyada məscid və ziyarətgahların 90 faizi dağıdılıb. ABŞ raketlərinin də bir hədəfi var, o da Əsədin strateji obyektləri və silah arsenalının cəmləşdiyi bazalar. Vurulacaq obyektlərin siyahısında heç bir dini kompleks və ziyarətgah(o cümlədən pullu – X.Ə) yoxdur. Dolayı yolla desək, Obama Allahşükür Paşazadənin bütün “tələb”lərinə cavab verir, deyir ki, narahat olma Şeyx həzrətləri, hər şey qaydasındadır, bir az səbr et, hər şeyi öz gözlərinlə görəcəksən…

Fikrimcə, şeyxin narahatçılığı Obamanın Əsədlə bağlı açıqlamalarında tez-tez işlətdiyi bir bir cümlə ilə bağlıdır – “Oxşar rejimlər bundan dərs almalıdırlar”. Nə gizlədək, allahdan gizli deyil ki, bəndədən də gizli ola, Barak oxşar rejimlər deyəndə möhtərəm şeyximizin də, elə bu sətirlərin müəllifi də ağlına “eyni şey” gəlir. Narahatçılıq da elə bundan yaranır, çünki bu “eyni şeyə” görə bu gün Azərbaycanda “müxtəlif hisslər” keçirən insanların sayı bir-birinə dəhşətli dərəcədə tərs mütənasibdir… 

Mən Əliyev rejimi ilə Əsəd rejimi arasında müqayisə aparmaq niyyətində deyiləm. Silahlı qarşıdurmaya qədər, bu ərəb ölkəsi istər vətəndaşların sosial rifahı, istərsə də qanunun aliliyi baxımından Azərbaycandan qat-qat üstün idi. Ölkədə bir ailə hökmran idi, Əsəd ailəsi. Qalanları loru dildə desək, maaşa işləyirdi. Suriyanın 3 milyona yaxın vətəndaşı da bir qarın çörək dalınca xarici ölkələrə üz tutmamaşıdı. Üçüncü uşağa verilən aylıq müavinət isə, təxminən Azərbaycandakı orta əmək haqqına bərabər idi. Bir sözlə, Suriya haradasa bir mini SRRI idi…

Hakimiyyətin atadan oğula ötürülməsi, demokratiya və söz azadlıqlarının məhdudlaşdırılması, bir sözlə, avtoritar rejim üsul-idarəsi isə, Suriya ilə Azərbaycanı birləşdirən ümumi cəhətlərdir. 

Ərəblər demokratiya və azadlıq istədilər və nəyin bahasına olur-olsun bu yoldan geri çəkilməyəcəklərini bütün dünyaya sübut etdilər. Dünya bu dəhşətli mübarizəni demək olar ki, sonunadək izlədi və nəhayət, soydaşlarının qanına susamış diktatoru durdurmağa qərar verdi.

Əsəd Tunis prezidenti Bin Əlinin yolunu getmədiyi üçün çox peşimandır, amma bunu büruzə vermir, çünki bütün dayaqları çoxdan itirib, son günlərə qədər onu himayə edən Rusiya belə yaxasını kənara çəkib. Dünənə qədər, Əsədin arxasındayam deyən Putin, bu gün Suriya məsələsində Allahşükür Paşazadədən(!) də geri qalır… 

Daha bir ölkədə müsəlman qıêrğınına son veriləcək, daha bir müsəlman ölkəsi demokratiya yoluna qədəm qoyacaq, nəhayət daha bir müsəlman ölkəsində bir tayfanın hökmranlığına son qoyulacaq. Bu yol çətin olacaq, lakin bir gün hər kəs dərk edəcək ki, azad, ədalətli seçki, demokratiya çox şirin bir nemətdir. Silah səsləri də unudulacaq, yaralar da sarılacaq…