Naxçıvandakı özbaşınalıqlar “BBC”də

BBC Vasif Talıbovun əcaib qadağalarından material hazırlayıb

Naxçıvanda baş verən özbaşınalıqlar dünyaca nüfuzlu BBC-nin də diqqətini çəkib. “Azərbaycan: Kiçik “xan” kolqotka və internetə qadağa qoyub” sərlövhəli materialda Muxtar Respublikada cərəyan edən biabırçılıqlardan bəhs olunur.
Bildirilir ki, Azərbaycanın təcrid olunmuş regionu olan Naxçıvanın rəhbəri yaxşı idarəetmədən daha çox, yeni dəblər barədə qanunlar qoymaqla məşğuldur.
“Vasif Talıbov qadın dövlət qulluqçularına naxışlı kolqotka geyinməyi qadağan edib. Müəllimlər deyir ki, onlara həmçinin saçlarını açıq rəngə boyamaq və qısa ətək geyinmək qadağan olunub.
Azərbaycan mətbuatında Naxçıvan rəhbəri Talıbov adətən “Xan” adlandırılır. O, eyni zamanda, Naxçıvanda eyvanlarda paltar asılmasını da qadağan edib. Naxçıvana getmək jurnalistlərin özləri üçün də çox çətindir.
“Azadlıq” qəzeti 1993-cü ildən Talıbovun idarəçiliyi altında olan Naxçıvanı “Azərbaycanın Şimali Koreyası” adlandırır. Naxçıvandakı mənbələr bildirir ki, Talıbovun göstərişilə bir müddət əvvəl internet-klublar bağlanıb. Prezident seçkisi öncəsi insanların toplaşmasının qarşısını almaq üçün hətta kafelər də bağlanıb. Hərçənd, rəsmilər bu məlumatları təkzib edir.
Azərbaycanın dövlət başçısı Ilham Əliyev də Naxçıvandandır. Onların Talıbovla qohum olduğu bildirilir”, – deyə BBC-nin materialında qeyd olunur.

Siyasət şöbəsi