“Mənə qarşı sui-qəsd olmasını da istisna etmirəm”

Əmlakına həbs qoyulan Gültəkin Hacıbəyli hakimiyyətin ona qarşı iyrənc addımlarından danışdı

“Biz doğrudanmı belə bir əxlaq sahibləri tərəfindən idarə olunmağa layiqik?!”

“Bakı Apelyasiya Məhkəməsi bu gün (dünən-red) keçirilən prosesdə sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin əmlakına həbs qoyub”. Bu məlumatı virtualaz.org saytına açıqlamasında Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovanın vəkili Ziyad Abbaszadə verib.

Sabiq deputatın qayınanası Nəhayət Məmmədova keçmiş gəlinindən 50 min ABŞ dolları təzminat tələb etmişdi. İşə baxan Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib. Bu qərarla razılaşmayan G.Hacıbəyli Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Bunlar hakimiyyətin mənə qarşı olan təzyiqidir

Gültəkin Hacıbəyli “deyerler.org”a baş verənlər barədə danışıb. Sabiq deputat bütün bunları ona qarşı hakimiyyət tərəfindən edilən təzyiq kimi qiymətlənidirib: “Mən çox təəssüf edirəm ki, Azərbaycanda özünün mənəviyyatsızlığı ilə ad çıxaran saytların saxta informasiyalarını başqa saytlar da tirajlayıb. Söhbət iki ay bundan öncə başlayan məhkəmə prosesindən gedir. Yeni iddiadan söhbət getmir. Azərbaycan məhkəmə sistemi də özünün davranış kodeksinə uyğun olaraq, saxta qərarlarını çıxartmaqda davam edir.

İyunun 28-i Nəsimi rayon məhkəməsində mənim və həyat yoldaşımın maşınına, bir də üçotaqlı mənzilimə həbs oyuldu. Mənim əmlakım bundan ibarətdir. Bu iyrənc kampaniyanın arxasında quranlar kimi onlarla villam, yüzlərlə mənzilim, min hektarlarla torpağım, qəsbkarlıqla əldə etdiyim zavodlarım yoxdur. Təbii ki, qarşı tərəfin qaldırdığı 50 min dollarlıq iddia tam əsassızdır və böhtan xarakterlidir. Guya mənim keçmiş qaynanam, 10 il bundan əvvəl maddi imkanım olmadığı üçün mənə 50 min dollar pul verib. Çox qəribədir ki, təqaüdçü və övladına belə ev verə bilməyən bir xanımın birdən-birə belə bir xeyriyyəçiliklə məşğul olmasının səbəbi də araşdırılmır. Məhkəmədə ortada bir dənə də olsun fakt, sübut yoxdur. İddia müddəti səkkiz il əvvəl keçib. Sadəcə, bunlar hakimiyyətin mənə qarşı olan təzyiqidir. Mənim Milli Şuradakı fəaliyyətimə qarşı yönəlik bir siyası repressiyadır. Ədalət naminə, etiraf edim ki, bu təzyiqlərə görə mən hakimiyyətə kifayət qədər əsas vermişəm. Belə ki, Milli Şuranın çətin böhrandan daha da gücləmiş bir şəkildə çıxmasında və hörmətli professor Cəmil Həsənlinin vahid namizəd seçilməsində mənim kifayət qədər iştirakım olub və bununla şərəf duyuram.

Bu repressiya 9 yaşlı övladıma qarşı da davam edir. Keçmiş həyat yoldaşım iki ay müddətinə itmişdi. Görüşlərə gəlmir, uşaqla maraqlanmırdı. Milli Şuranın yeni vahid namizədi seçiləndən sonra və Milli Şuranın ciddi fəaliyyətə qoşulandan sonra yenidən “atalıq hisləri” baş qaldırdı. Bu günədək Səbayil Rayon Himayəçilik və Qəyyumluq Komissiyası 3 ay keçməsinə baxmayaraq görüşlərlə bağlı  rəy vermir. Halbuku, bu, ciddi qanun pozuntusudur.

Biz doğrudanmı belə bir əxlaq sahibləri tərəfindən idarə olunmağa layiqik?!

50 min dollarlıq iddiaya hələ aidiyyatı üzrə baxılmayıb, məhkəmə iddianın təminetmə tədbiri kimi  əmlakıma həbs qoyub. Vəkilimin “39 min manatlıq iddianı təmin etmək üçün niyə ondan on dəfə çox dəyərdə üç əmlaka həbs qoyulur” sualına isə qarşı tərəfin vəkilinin cavabı çox maraqlı olub: “Biz hələ başqa iddialarla da çıxış edəcəyik, ona görə böyük həcmdə əmlaka həbs qoymuşuq”. Bu oyunun hakimiyyətin çirkli sifarişi olduğunu sübut etmək üçün elə bu cümlə kifayətdir! Təsəvvür edin, məhkəmə Azərbaycan dövləti adından “avans” həbslər tətbiq edir! Azərbaycan hakimiyyəti mənim 9 il öncə ayrıldığım və bu 9 il ərzində övladı ilə bircə dəfə maraqlanmamış, bir neçə dəfə nişanlanmış, evlənib-boşanmış,  bugünədək övladına bir manat qıymamış, az qala mövcudluğunu belə unutduğum keçmiş həyat yoldaşımı tapıb mənim indiki həyat düzənimi, ailəmi pozmağa yönəlik davranış nümayış etdirəcək qədər aşağı əyarlılıq sərgilədi. Onun əliylə həyat yoldaşımın maşınına həbs qoyacaq qədər, 9 yaşlı uşağın taleyi ilə oynayacaq, onu əsəb xəstəsi edəcək qədər əxlaq nümayiş etdirdi! Mən hər bir vətəndaşımızı 9 oktyabrda seçki məntəqəsinə gedib, səs verməmişdən əvvəl bu barədə düşünməyə dəvət edirəm. Biz doğrudanmı belə bir əxlaq sahibləri tərəfindən idarə olunmağa layiqik?!

Qarşı tərəfin bu günədək mənə verəcəkləri böyük məbləğdə vəsait var

Bir milyon dollarlıq sübuta yetirilmiş dələduzluq faktı ilə yeddi aydır həbsdə olan Gülər Əhmədovanın əmlakına həbs qoyulmadığı halda, iddia müddəti səkkiz il öncə keçmiş və heç bir maddi sübutla təsdiqlənməyən iş üzrə “bərayi-ehtiyat” mənim bütün əmlakıma həbs qoyulması məgər Gülər Əhmədovanın aldığı pulun gerçək ünvanına işarə deyilmi? Üç uşaq anası olan bir qadının əliylə milyonlar qazanıb, ən çirkli işləri gördürüb (şəxsi təcrübəmə əsasən deyirəm) çətinə düşəndə o qadını ayaq altına atıb üstündən keçən insanlara taleyimizi etibar edə bilərikmi?

İyunun 28 də keçirilən məhkəmədə həbslə bağlı iddia rədd olunmuşdu. Amma sonradan köhnə tarixində bu qərar saxtalaşdırıldı. Çox böyük vəzifə cinayəti həyat keçirildi.  Bu günədək bu şikayətlə bağlı bir sübut belə təqdim olunmayıb. Qarşı tərəf nəinki mənə 50 min dollar ödəməyib, əksinə qarşı tərəfin bu günədək mənə verəcəkləri böyük məbləğdə vəsait var ki, mən bugünədək onu ala bilmirəm. Əslində onlar mənə borcludurlar.

Keçən ay Nərimanov Rayon Məhkəməsi 9 ildən sonra, nəhayət ki, qarşı tərəfə aliment kəsib. Keçmiş həyat yoldaşımın maddi imkanının yaxşı olmamasını, işləməməsini  əsas gətirərək, 200 manat aliment məbləği təyin ediblər. Bütün digər məhkəmə iclaslarına sevincək qaçan və “indi hakmiyyət bizdədir, görün nələr edəcəyik, Əli Kərimlinin evini əlindən aldıqları kimi sizin də evinizi əlinizdən alacağıq” deyərək, bir manat xeyri dəymədiyi, ancaq əsəb xəstəsi etdiyi övladının evsiz qalacağına sevinən “ata” alimentlə bağlı prosesdə, ümumiyyətlə, qeybə çəkilmişdi. Dəfələrlə, bildiriş göndərilməsinə baxmayaraq, prosesdə iştirak etmədi. Azərbaycan hakimiyyətinin mənəviyyat ortağı bax belə bir məxluqdur. Övladına 9 il biganə olan, onu 9 ildə heç yadına salmayan birinin  hakimiyyətin əlində oyuncağa çevriliməsi və Azərbaycan hakimiyyətinin bunu özünə yaraşdırması mən elə gəlir ki, hər bir seçicini, ən azından, övladı olan hər bir seçicini ciddi düşündürməlidir. 

Aynur Mehdiyeva  hansı əsasla azadlığa buraxıldı?

“Ata”nın bacısı Aynur Lətif qızı Mehdiyeva bu ilin iyun ayının 13-də Daxili İşlər Nazirliyinin  İnsan Alveri üzrə İdarəsi və Miqrasiya İdarəsinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılıb. Bu barədə DİN-in rəsmi məlumatı var. Onun evində uzun müddət Filippin vətəndaşı olan bir qadın qul kimi işlədilirdi. Bu cinayətdən, əslində, bütün ailə üzvləri xəbərdar olub. Belə bir ailəyə hökumətin dəstək çıxması, faktiki olara Aynur Mehdiyevanı cinayətdən yayındırmaq məqsədilə mənə qarşı addımlara təhrik etməsi çox düşündürücdür. Amma bu cinayətə görə bu ailənin heç bir üzvünün məsuliyyətə cəlb olunmaması ortada çox böyük bir razılaşmanın olduğunu üzə çıxardır. Necə ola bilər ki, bir ildən artıq bir müddətdə bir qadına işgəncə verilsin, onun sənədləri əlindən alınaraq ev dustağı edilsin, fiziki və mənəvi zorakılığa məruz qalsın, ancaq digər ailə üzvlərinin bundan xəbəri olmasın? Əgər o qadına qarşı edilən zorakılıq faktları qonşulara belə bəllidirsə, bu faktlardan ailə üzvlərinin məlumatsız olması mümkündürmü? Bəs digər ailə üzvləri niyə məsuliyyətə cəlb olunmur? Niyə Aynur Mehdiyevanın cinayət işi ilə bağlı ictimaiyyətə məlumat verilmir və onunla bağlı informasiya dövlət sirri olaraq qorunur?  Nigar Yaqublunun, Qurban Məmmədovun  barəsində  tərəddüd etmədən həbs qəti-imkan tədbiri seçən hakimiyyəti onlardan qat-qat ağır cinayətdə ittiham olunan Aynur Mehdiyevanı  hansı əsasla azadlığa buraxdı?

Təbii ki, mənə müəyyən mesaclar verilir. Amma bu kimi mesajlar məni əqidəmdən döndərə bilməz. Ölüm haqdır. Bu dünyadan kimisi tez, kimisi gec hamı gedəcək. Bu önəmli deyil. Əsas məsələ bu dünyadan şərəflə getməkdir. Allaha çox şükür ki, Allah bu həyatı mənə şərəflə, ləyaqətlə və vicdanla yaşamaq üçün yetəri qədər güc və iradə verib. Bu addımı atan insanlar daha iyrənc addımlar da ata bilərlər. Mənə qarşı sui-qəsd olmasını da istisna etmirəm. Övladımla bağlı da başqa hərəkətləri istisna etmirəm. Mən istənilən halda, öz yolumdayam və bu yolun haqq yolu olduğuna əminəm.  Bu şərəfsiz sifarişin arxasında duran adamdan fərqli olaraq ateist deyiləm və Allaha inanıram. Əminəm ki, Uca Tanrı bu millətə hidayət bəxş edəcək və o, öz hüquqları uğrunda şərəfli mübarizəyə qoşulacaqdır. Azərbaycanda demokratiya mütləq və mütləq qələbə çalacaq. Və inanın ki, o gün çox yaxındadır”.