Azərbaycanın media azadlığı indeksi

«Yeni Nəsil» hər üç aydan bir hesabat hazırlayacaq

Arif Əliyev: «Müxtəlif təşkilatların qiymətləri üst-üstə düşürsə, deməli, bunun bir əsası var»

“Avropa qonşuluq siyasətinin Şərq regionunda söz azadlığının monitorinqi” layihəsi çərçivəsində “Yeni Nəsil” Azərbaycanın ilk media azadlığı indeksini açıqlayıb. “Yeni Nəsil” Jurnalistlər Birliyinin məlumatına görə, ekspert sorğusu əsasında tərtib olunan media indeksi hər üç aydan bir təzələnəcək, yerli ictimaiyyətə, beynəlxalq təşkilatlara, o cümlədən ümumavropa təsisatlarına təqdim olunacaq. Media Azadlığı Indeksinə görə Azərbaycan 6 ölkə arasında 5-ci yerdə qərarlaşıb və bu siyahıda yalnız Belarus Azərbaycandan geridədir.
Azərbaycanın növbəti bir hesabatda acınacaqlı nəticə göstərməsi təbii ki, hakimiyyət tərəfindən süngü ilə qarşılanacaq. Bu günlərdə 100 səhifəlik hesabat hazırlayan “Human Rights Watch” da növbəti dəfə hakimiyyətin sərt münasibəti ilə qarşılaşıb. 
Böyük ehtimalla ilk media azadlığı indeksini hazlayan “Yeni Nəsil” Jurnalistlər Birliyi də eyni münasibətlə üzləşəcək.

Belə bir kampaniyanın gözlənilən olduğunu deyən “Yeni Nəsil” Jurnalistlər Birliyin rəbhəri Arif Əliyev hökumətin reaksiyasının dialoq şəklidə olmasının arzuolunan olduğunu da qeyd etdi. Çünki hesabatdan əlavə növbəti sorğuda Azərbaycanın daha yaxşı mövqedə qərarlaşması üçün görüləcək tədbirlərlə bağlı təkliflər irəli sürülüb. Söyməklə, inkar etməklə isə vəziyyəti dəyişmək mümkün deyil. Çünki müxtəlif təşkilatların qiymətləri üst-üstə düşürsə, deməli, bunun bir əsası var.
A.Əliyev Azərbaycanın sondan ikinci yer tutmasını da təsadüfi saymır. Çünki qanunvericilik sahəsini müzakirə edəndə Azərbaycanın son illər geridə qaldığı açıq şəkildə görünür: “Gürcüstan artıq maliyyə mənbələrinin şəffaflığına dair qanunvericilik hazırlayıb. Diffamasiyanı çoxdan ləğv edib. Məhdudiyyətlər yavaş-yavaş aradan qaldırılır. Belarusu çıxmaq şərti ilə diffamasiyanın dekriminallaşdırılmasına müqavimət göstərən yeganə ölkəyik. Internetlə bağlı bir neçə ay bundan əvvəl parlamentdə deputatların ardıcıl səsləndirdiyi çağırışlar da hesabata təsir edib.  Jurnalistlərlə məmurlar, dövlət orqanları arasında insidentlərin, jurnalistlərin döyülmə sayı ilə bağlı monitorinqlər keçirilir. Kəmiyyət göstəricilərini də müqayisə edəndə görürsən ki, Azərbaycanda bu sahədə problemlər xeyli dərəcədə artıb”.

Fizzə