«Human Rights Watch»un Azərbaycanla bağlı hesabatının planetin ən nüfuzlu KIV-lərində yayılması nəyin görsənişidir?
“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı “Azərbaycanda vintlərin bərkidilməsi dövrü: vətəndaş cəmiyyəti və müxaliflərə qarşı hücumlar” adlı 100 səhifəlik hesabat yayıb. Sənədin Azərbaycanda prezident seçkisinə təxminən bir ay qalmış ortaya çıxması diqqət çəkir. Üstəlik, BBC, “Euronews”, “Əl-Cəzirə”, “Reuters”, “The Economist” kimi dünyaca məşhur media orqanlarının dərhal bu hesabatı ayrıca xəbər kimi yayması da maraqlıdır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı təşkilatın yaydığı hesabatı obyektiv hesab edir: “Cəmiyyətin bütün sahələrində baş verən qanun pozuntuları, avtoritarizmin genişlənməsi, demokratik proseslərin boğulması, insan haqlarının getdikcə daha çox açıq şəkildə tapdanması, azad mətbuatın sıxışdırılması, məhkəmələrin müstəqil olmaması obyektiv şəkildə əks olunub. Bu baxımdan hesabat obyektiv sayılmalıdır. ”Human Rights Watch”un hər il Azərbaycanla bağlı hesabatları açqılanır və hakimiyyət bir qayda olaraq ənənəvi reaksiyanı göstərir. Göstərilən faktlar sadəcə olaraq inkar edilir. Bu da hakimiyyətin islah olunmadığını, şüurlu surətdə ölkənin demokratik proseslərinin məhdudlaşdırdığını, avtoritarizm yolunun tutduğunu göstərir. Hesabata dünya mediasının diqqət yetirməsi qarşıdakı prezident seçkiləri ilə bağlıdır. Prezident seçkisi ilə bağlı Azərbaycana beynəlxalq diqqət artır. Bu baxımdan təşkilatın açıqladığı hesabat əslində, Azərbaycanda seçki mühitinin olmadığını, real vəziyyəti əks etdirdiyinə görə seçkilərə münasibəti şərtləndirən bir faktor kimi dünya mediasının diqqətini cəlb edib. “Human Rights Watch”un hesabatı dünya ictimaiyyətinə Azərbaycanda keçiriləcək seçkilərə və bu seçkilərdə gözlənilən qanun pozuntularına adekvat münasibətin bildirilməsi üçün zəmin yaradır”.
Ramin