Azərbaycan AB-nin risk zonası oldu

Ermənistanın Gömrük Ittifaqına girmək qərarı Qərb üçün Bakının və demokratiyanın əhəmiyyətini artırdı

Ermənistan Rusiyanın təşkil etdiyi alternativ Gömrük Ittifaqına girmək barədə qərar verdi. Bu o deməkdir ki, rəsmi Irəvan Avropa Birliyi ilə noyabrda imzalamağa söz verdiyi assosasiya sazişindən imtina etdi. Rusiya uzun müddətdir ki, keçmiş sovet ölkələri hesabına Gömrük Ittifaqının çərçivəsini genişləndirmək işi aparırdı. Onun bu təşəbbüsünə hələ ki, ancaq Qazaxıstan və Belarus qoşulmuşdu.  Ermənistanın bu qərarı Kremlin AB-nin genişlənmə planına qarşı çox ciddi bir həmlə oldu və Moskva hazırkı drumda bir addım öndədir.
 Heç şübhəsiz ki, Irəvanın bu cür qərar verməsi üçün Rusiya ona ciddi təzyiqlər edib. Bunu demək üçün ciddi əsaslar mövcuddur. Başlıca arqument isə odur ki, Ermənistan üzümüzə gələn noyabr ayında AB ilə assosiativ sazişi imzalamağa razılıq vermişdi. Bu qərardan belə asanlıqla dönüş etməyin mümkünlüyü isə elə də asan təsəvvür olunmur. Çünki AB strukturları ilə danışıqlarda rəsmi Irəvan özünün Qərbə meyilli olduğunu dəfələrlə bəyan etmişdi. Rusiya isə bu vəziyyətdən xeyli narahat idi və açıq şəkildə regiondaki ölkələri hədələyirdi. Ermənistanın bu hədələr qarşısında duruş gətirmək imkanları real deyildi, başqa tərəfdən isə Ermənistandaki siyasi hakimiyyət həm də hərbi cinayətkar qruplaşmaların liderlərindən ibarət olduğu üçün onların sərt seçim anında Rusiyanı seçmələri də təbiidir.

Qafqaz uğrunda yeni savaş

Rusiyanın Ermənistanın qərarını bu cür dəyişə bilməsi, regionda yeni siyasi şəraitin yarandığını deməyə əsas verir. Bu şəraitin ümumi təsviri ondan ibarətdir ki, Rusiya AB-nin Cənubi Qafqaz ölkələrini Şərqi Avropa ölkəsi elan etməsi barədə qərarını rəsmən tanımır. Və onun fiziki-siyasi ərazilərinə iddia edir. Gürcüstanla bağlı vəziyyət aydındır. Rusiya ilə birbaşa hərbi münaqişə və siyasi hakimiyyətlər, eyni zamanda sistemlər arasındaki uyğunsuzluq Tiflisi AB-yə doğru itələyir. Eyni zamanda Rusiyanın bu ölkəyə dolayı təzyiq imkanlarını məhdudlaşdırır. Azərbaycan isə hələ ki, seçim etməmiş ölkədir və bu baxımdan risk zonası sayılır. Çünki rəsmi Bakının Moskvanın təzyiqlərinə nə qədər dözəcəyini və ya buna həvəsli olacağını proqnozlaşdırmaq doğru deyil. Ermənistanın qərarı faktiki olaraq Azərbaycan üçün yeni şərait yaradıb həm də ona görə ki, indi üç Cənub Qafqaz ölkəsindən ikisi müxtəlif seçimlər ediblər, bu mənada həm AB, həm də Rusiya balansı öz xeyrinə dəyişmək üçün Azərbaycana təzyiqlər edəcəklər. Azərbaycan hazırkı hakimiyyətlə Qərb üçün açıq riskli bölgədir. Ona görə ki, hətta üçüncü dəfə eyni şəxsin namizədliyində israr etməyən Ermənistan daha sərt addımlar atmağa məcbur oldu. Rəsmi Bakı isə öz legitimliyini bilə-bilə şübhə altında qoyaraq Qərbə müqavimət göstərə bilməz. Bu mənada Qərb üçün Bakı nə qədər önəmlidirsə, Azərbaycanda demokratiya da o qədər önəmlidir.

Azərbaycan üçün üstünlük nədir?

Təbii ki, söhbət hazırkı Əliyevlər hakimiyyətindən getmir. Azərbaycan dövləti üçün hazırkı şəraitdə bir çox üstünlüklər mövcuddur. Bunlar nədən ibarətdir? Ilk növbədə Azərbaycanda resursların işlənməsi məsələsi Qərb ölkələrinə aid olan şirkətlərin nəzarətindədir. Iqtisadi cəhətdən Azərbaycanın  Rusiyadan daha çox Qərblə əlaqələri var və hazırda bu balansı dəyişmək perspektivi görünmür. Bu barədə danışıqlar isə hələ də ciddi təəssürat yarada bilmir. Ermənistanda isə vəziyyət tamamən əksinə idi. Kremlin müxtəlif yollarla Irəvana etdiyi yardımlar hesabına ölkədə sosial mövcudluğu təmin etmək mümkün olub. Rusiya hərbi bazalarının yaratdığı lokal xidmət infrastrukturu da Ermənistan kimi balaca və imkansız dövlət üçün müəyyən mənada iqtisadi dəstək sayıla bilər. 
Ikinci məsələ budur ki, Ermənistandaki Rusiya hərbi bazaları bu ölkədə siyasətin təşkil olunmasına birbaşa təsiri olan faktordir. Burada aydın görünür ki, Rusiya məhz bu yolla Sərkisyana təzyiq edib. Ola bilsin ki, hətta qoşunları ölkədən çıxaracağı və Qarabağ məsləsində Azərbaycanmeyilli mövqe tutacağına dair təhdidlər də edib. Bunun üçün müəyyən əsaslar da yaradılmışdı. Qeyd edək ki, Putinin Bakı səfəri öncəsində Kremlə yaxın ekspertlər deyirdilər ki, Ermənistanın artıq regionda elə də ciddi əhəmiyyəti yoxdur. Azərbaycanda isə Rusiya qoşunları yoxdur və bu, Rəsmi Bakıya daha sərbəst davranmaq imkanları yaradır.

AB qəzəblidir

Avropa Parlamentinin üzvü və onun xarici əlaqələr komissiyasının sədri Elmar Brok isə açıq şəkildə Rusiyanın üstünə gedib: “Bilirik ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafındakı çətin duruma görə Rusiyanın inanılmaz təzyiqi altındadır. Ermənistan kimi kiçik ölkə belə bir qərar qəbul etmək üçün şantaj olunub. Ona görə məyusam ki, müəyyən şərtlərə görə, hüquqi baxımdan, eyni zamanda həm Gömrük Ittifaqının üzvü olmaq, həm də Avropa Birliyi ilə assosiasiya razılaşması və azad ticarət zonasına dair saziş bağlamaq mümkün deyil”. Bu münasibət açıq şəkildə Rusiyaya qarşı mövqe savaşının elanıdır. AB yetkilisi həm də ona işarə vurub ki, Sərkisyan daxili auditoriyanı sakit etmək üçün məsələlərin məsuliyyətini AB-nin üzərinə yıxmağa çalışıb.

Ermənistanda ilk aksiya

Bu xəbərin yayıldığı gün Ermənistanda ilk aksiya baş verdi. Bu, qəbul olunmuş qərara etiraz idi və Rusiyanın Irəvanda birmənalı və stabil mövqeyə sahib olmadığını göstərdi. Başqa tərəfdən isə bu etirazlar hazırki hakimiyyət üçün Qərblə birlikdə qurulmuş “yumşaq seçki oyunu”nun nəticələrini alt-üst elədi. Qərb başa düşməlidir ki, Rusiya ilə hər hansı konsorsium perespektivli ola bilməz. Ilk növbədə ona görə ki, bu regionda AB və Rusiya arasında mövqe yarışı gedir. Və Rusiyanın region ölkələrinə çirkli yollarla təzyiq imkanları var. Beləliklə, ikinci dalğanın mərkəzi Irəvan olmaqla dəyərlər qarşıdurması başladı. Azərbaycan isə bu vəziyyətdən istifadə edib Qərb strukturlarına inteqrasiyanı gücləndirə bilər. Təbii ki, bunu istəsə. Çünki hazırda AB Azərbaycanı Rusiyadan gələn təhdidlərdən daha yaxşı qorumaq istəyində olar.