Avropa Parlamenti də Azərbaycandakı seçkini izləyəcək

Bu qurumun ölkəmizə müşahidəçi göndərməyəcəyi haqda deputat Elxan Süleymanovun xəbəri yalan çıxdı

Dünən Avropa Parlamentinin Prezidentlər konfransında Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkisinin müşahidəçilər vasitəsilə izlənməsi haqda qərar qəbul edilib.
Qeyd edək ki, Prezidentlər konfransı Avropa Parlamentinin prezidenti və parlamentdə təmsil olunan siyasi qrupların sədrlərinin toplantısıdır.
Amma bir müddət əvvəl deputat Elxan Süleymanov xəbər yaymışdı ki, Avropa Parlamenti Azərbaycandakı seçkilərə müşahidəçi göndərməməyə qərar verib. Guya, “Avropa Parlamenti müşahidəçilərinin izlədiyi əvvəlki seçkilərdə irəliləyiş qeydə alındığından bundan sonra izləməyə ehtiyac duyulmayıb”. Elxan Süleymanovÿonu da əlavə etmişdi ki, “bu qərar Azərbaycanın müstəqillik tarixində mühüm məqamdır və ölkəmizə Avropada yeni və təkmilləşmiş demokratik obraz verir”.
Hələ o zaman Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirmişdi ki, deputatın söylədikləri inandırıcı deyil. Çünki Avropa Parlamenti bu haqda qərarı sentyabrda verəcək.
Beləliklə, məlum olur ki, deputat Elxan Süleymanov vaxtından əvvəl sevincək olub.
Informasiya şöbəsi