mehman-aliyev-yeni1

“Seçicilərin 70 faizi hökumətin dəyişməsini istəyir”

«Xalqın ortaya qoyduğu mövqe qəbul olunacaq, bu, qaçılmazdır»

Mehman Əliyev: «İlham Əliyev toplumun qarşısında çıxış etməkdən qorxur» 

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyası başladığı kimi uğurla yekunlaşmaqdadır. Ilkin mərhələdə müxalifət namizədinə cəmiyyətdə olan maraq da diqqətçəkən məqamlardandır. Seçki kampaniyası dövründə ölkədə baş verən və gözlənilən hadisələrlə bağlı Milli Şura üzvü, Turan agentliyinin direktoru Mehman Əliyevin fikirlərini öyrəndik.   

– Milli Şuranın namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatmaq üzrədir. Cəmil Həsənlinin namizədliyi cəmiyyətdə gözlənilən effekti verdimi?
– Milli Şurada vahid namizədlə, onun qeydiyyata alınması ilə bağlı az qala böhran vəziyyəti yaranmışdı. Yəni Rüstəm Ibrahimbəyovun qeydiyyata alınmasında çox ciddi problemlər yarandı. Bu az qala Milli Şuranın dağılmasına gətirib çıxaran bir faktora çevriləcəkdi. Növbəti ehtiyat namizədin irəli sürülməsi məsələsi ilə bağlı çox ciddi müzakirələr getdi. Çox çətin bir anda belə bir namizədin irəli sürülməsi qərarı verildi. Rüstəm Ibrahimbəyov özü də bu prosesi dəstəklədi. Nəticədə Cəmil Həsənli ehtiyat namizəd kimi irəli sürüldü və bü gün də əsas namizəd kimi seçkilərə qatılır. Bu çox önəmli bir durumdur. Çünki birincisi, Milli Şuranın vahidliyi saxlanıldı. Milli Şura seçkilərdə iştiraka davam edir və onun öz vahid namizədi var. Bu namizədi də kifayət qədər uğurlu hesab edirəm. Cəmil Həsənli cəmiyyətdə tanınan adamdır, öz mövqeyi var. Siyasi həyatda yeni adam deyil. Iki dəfə parlamentin deputatı olub və kifayət qədər prinsipial şəxs kimi, ziyalı kimi tanınır. Bu nöqteyi nəzərdən cəmiyyətə yeni bir impuls verdi. Çünki cəmiyyətdə artıq belə bir əhval ruhiyyə var idi ki, Milli Şura seçkilərə qədər yaşaya bilməyəcək. Ikincisi, imzatoplama prosesi kifayət qədər operativ, normal axarda gedir, problem olmayıb. Cəmi iki dəfə siqnal gəlib ki, müəyyən cüzi problemlər yaranıb, imzatoplamada iştirak edən şəxslərdən kiməsə təzyiq ediblər. Amma bütövlükdə, hətta keçən illərə baxanda bu kampaniya nisbətən normal gedir, məhdudiyyətlər olmayıb. Artıq imzatoplama kampaniyası bitir və indi imzaların ekspertizası prosesi gedir.

“Seçicilərin 70 faizi hökumətin dəyişməsini istəyir”

– Namizədlərin sayı kifayət qədər çoxdur. Ancaq onların fəallığı hiss olunmur, bəzilərinin qərargahı da yoxdur. Namizədlərin sayının çox olmasının səbəbi də bəllidir, bu eyni zamanda efir vaxtının azalmasına hesablanmış bir addımdır. Böyük ehtimalla bu şəxslərə seçkilərdə müəyyən qədər səs də yazılacaq. Bu şəxslər müxalifət namizədinə mane olub onun səslərini parçalaya biləcəkmi?
– Hesab edirəm ki, yox. Iş ondadır ki, seçici siyasi vəziyyəti kifayət qədər gözəl anlayır, başa düşür. Bu iyirmi ildə kifayət qədər böyük siyasi məktəb keçib. Cəmiyyət kimin kim olduğunu çox yaxşı bilir. Kimin əsas, kimin ikinci dərəcəli namizəd olduğunu görür. “Adam” sorğu mərkəzinin keçirdiyi son sorğu da göstərdi ki, sorğuda iştirak edən min nəfərdən 70 faizi seçkilərə getməyə hazırdır. Bu çox böyük rəqəmdir. Bu da cəmiyyətdə vətəndaşların, seçicilərin fəallağının göstəricisidir. Ikinci çox mühüm məsələ ondan ibarətdir ki, sorğuda iştirak edənlərin böyük əksəriyyəti, 70 faizi hökumətin dəyişməsini istəyirlər. Seçicilərin 70 faizi seçkilərə məhz hakimiyyətin dəyişməsi üçün gedir. Üçüncü məsələ ondan ibarətdir ki, sorğuda iştirak edənlərin 60 faizdən çoxu səslərini müxalifətin namizədinə vercəyini deyib. Bu sorğu keçiriləndə hələ vahid namizəd qeydə alınmamışdı. Bu gün artıq o proses gedir. Ayrı-ayrılıqda Əli Kərimli, Isa Qəmbər, Rüstəm Ibrahimbəyov toplam olaraq 60 faizdən yuxarı səs yığmışdı. Bu gün bütün bu səslər Cəmil Həsənlinin üzərində cəmləşib. Bu o deməkdir ki, artıq indidən Cəmil Həsənlinin ən aşağısı seçicilərin 60 faizinin  səsini alacağnı demək olar. Yəni bu qədər adam ona səs verməyə hazırdı. Mehriban Əliyeva ilə Ilham Əliyev bir yerdə 30 faizə yaxın səs toplamışdı. Biz hələ demirik ki, sabah seçki kampaniyası başlayacaq, yeni informasiyalar, yeni fikirlər topluma çatdırılacaq. Yeni mövqelər olacaq. Hesab edirəm ki, bundan sonra müxalifətin, Milli Şuranın mövqeləri kifayət qədər möhkəmlənəcək. Daha çox insan Milli Şuranın namizədinə səs verməyə hazır olacaq və bunu edəcək.

“Human Rights Watch”ın hesabatı ciddi siqnaldır”

– “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı 100 səhifəlik hesabatı açıqlanandan dərhal sonra xarici mətbuatın diqqətini özünə cəlb etdi. BBC, Euronews, Əl-Cəzirə bu hesabata diqqət ayırıb. Bu hesabatı necə qiymətləndirirsiniz və onun nəticəsi nə ola bilər?
– Seçkiqabağı bu çox ciddi siqnaldır. “Human Rights Watch”ın hesabatı kifayət qədər obyektiv, vəziyyəti dəqiq işıqlandıran bir hesabatdır. Seçki prosesinə də artıq təsir edir. Düzdür, bu gün bir sıra siyasi məhbuslar bəyanatlarla çıxış edirlər ki, onlar prezidentə dəstək verirlər. Bəziləri bəyanat verdi ki. bunu milli birlik naminə edirlər. Deyirlər gəlib bizimlə görüşüblər, nə isə danışıblar, başa salıblar. Bu o deməkdir ki, hakimiyyət seçkiqabağı bir sıra addımlar atmağa hazırdır. Yəni bəzi məhbusların buraxılmasını, müəyyən şəraitin yaradılmasını istəyir. Parlament seçkilərində televiziya kanallarında çıxış demək olar məhdudlaşdırılmışdı və reklam vaxtı ümumiyyətlə verilməmişdi. Indi reklam vaxtı ayrılır. Bunun üçün artıq şərait yaradılır. Son informasiya belədir ki, başqa şəraitlər də yaradılacaq. Mitinqlərin keçirilməsinə, seçicilərlə görüşlərə imkan veriləcək. Amma bunu yetərli hesab etmirik. Seçki kampaniyasının daha efektiv keçirilməsi üçün bir sıra addımlar atılmalıdır. Hesab edirəm ki, “Human Rights Watch”ın hesabatı və ATƏT-in, Avropa Birliyinin, ABŞ-ın səyləri nəticəsində seçki qabağı vəziyyətin dəyişilməsinə təpkilərin olduğunu demək olar.

“Əsas sözü xalq deməlidir”

 – Bu arada ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu aralıq hesabatını açıqlayıb. Hesabatda seçkiqabağı durum, həmçinin Ilham Əliyevin üçüncü dəfə namizəd olması tənqid edilib. Hakimiyyət hesabatda əks olunan məqamlarla bağlı tənqidlərdən nəticə çıxarmasa, bu seçkinin legitimliyini şübhə altına ala bilərmi?
– Birincisi, müəyyən addımlar atılır və bundan sonra da atılacaq. Hər şey əlbəttə ki, bütövlükdə Milli Şuranın mövqeyindən və hərəkətlərindən, o cümlədən də seçicilərin mövqeyindən asılıdır. Bu çox vacib faktordur. Əsas məsələ seçkidən öncə və seçki günü həll olunur. Hər şey əlbəttə ki, Azərbaycan xalqının rəyindən və sonrakı mövqeyindən asılı olacaq. Yəni xalq, toplum ortalığa hansı mövqeyi qoyacaqsa, o mövqe də qəbul olunacaq, bu qaçılmazdır. Burda beynəlxalq qurumların, ATƏT-in və digər təşkilatların da mövqeyi bizim üçün vacibdir. Ancaq əsas sözü xalq deməlidir. Bütün seçkilərdə görmüşük ki, xalq səs verir, ancaq son olaraq öz seçimini müdafiə edə bilmir. Bu da problem yaradır. Bunun da səbəbləri var. Bu seçkilərdə ən vacib məsələ ondan ibarətdir ki, vətəndaşlar, yəni seçkiyə qatılmaq istəyən 70 faiz seçici özlərinin seçimlərinin nəticəsini müdafiə etməlidir. Bu çox vacib faktordur və biz daha çox bunun üstündə durmalıyıq.

“Seçkiyə beynəlxalq diqqət artacaq”

– “Avroviziya” ərəfəsində Azərbaycana həm xarici mətbuatda, həm də beynəlxalq təşkilatlardan böyük diqqət var idi. Prezident seçkisi daha mühüm hadisədir. Bu diqqəti yenidən gözləmək olar?
– Bəli, seçki kampaniyasına start veriləndən sonra Azərbaycana diqqət xeyli artacaq və getdikcə, seçki günü yaxınlaşdqca bu diqqət daha çox olacaq. Hesab edirəm ki, bu seçkilərə münasibət, seçkilərin işıqlandırılması Azərbaycanda demokratik seçkilərin keçirilməsinə kifayət qədər təsir edə biləcək bir amilə çevriləcək.

“Suriyada diktatura rejiminin çökməsi proseslərə psixoloji təsir edə bilər”

– Ərəb inqilabları başlayanda Azərbaycan cəmiyyətində də müəyən fəallığın müşahidə olunduğu deyilirdi. Artıq Suriyanın vurulacağı ilə bağlı qərar verilib. Iranlı general isə Suriya vurulandan sonra diqqətin Qafqaza yönələcəyini deyib. Seçkilərə qədər Əsəd rejimi devrilsə, Qafqaza, o cümlədən Azərbaycana diqqətin artacağını gözləmək olar?
– Suriya ilə Qafqazı, Azərbaycanı bağlamaq düzgün deyil. ABŞ-ın bir sıra istiqamətlərdə paralel olaraq öz xarici siyasətini aparmağa kifayət qədər gücü var. Biz bilirik ki, Qərb ölkələri, NATO ölkələrinin böyük bir hissəsi Suriyaya qarşı kampaniyada iştirakdan imtina edir. Bu daha çox onunla bağlıdır ki, Amerika kifayət qədər güclü dövlətdir və Suriya problemini təkbaşına həll edə bilər. Bu da normaldır. Yəni Azərbaycan kimi ölkələr, Qafqaz elə çətin məsələ deyil ki, əvvəl Suriyanı həll edib sonra ora keçsinlər. Hər istiqamətdə paralel siyasət aparılır. Bunların bir biri ilə hər hansı bağlılığı yoxdur. Düzdür, müəyyən dərəcədə psixoloji təsir ola bilər ki, Suriyada diktatura rejimi çökür. Bu seçkilər prosesinə də psixoloji təsir edə bilər. Yəni Azərbaycanda müəyyən insanları ruhlandıra bilər. Amma Azərbaycanla bağlı hansısa siyasəti aparmaq üçün nə Suriyanı gözləmək lazım deyil, nə də məsələləri Suriya effektinə bağlamaq düzgün deyil.    

“Toplumun arasında çox böyük narazılıq var”

 – YAP rəsmiləri Ilham Əliyevin seçki kampaniyası aparmayacağını bildiriblər. Amma bununla belə dövlət başçısının rayonlara səfərləri intensivləşib. Bir məqam da müşahidə olunur ki, ölkə başçısı ilə görüşdə 30-40 adamdan artıq heç kim olmur. Əliyev niyə böyük kütlənin qarşısına çıxmaqdan çəkinir?
– Ilham Əliyevin addımlarında daha çox iki məsələ müşahidə olunur. Bir tərəfdən bütün maaş, pensiya artımları seçkiqabağı dövrə saxlanılıb. Əlbəttə, bu əks effekt verir. Çünki maaşların və pensiyaların artımı cəmi 10 faiz təşkil edir. Keçən illə müqayisədə bu il 10 faiz inflyasiya olub. Demək olar artım inflyasiyanın tamamlanması oldu. Bu əhalinin durumuna ciddi şəkildə təsir göstərmir. Müəllim 200 dollar alırdı, indi alacaq 210-220 dollar. Onun nə fərqi var. Bu artım heç nəyi həll etmir. Bu barədə artıq cəmiyyətdə müxtəlif söhbətlər qoşurlar. Ikinci istiqamət isə müəyyən obyektlərin açılmasıdır. Bu obyektlərin açılmasını hakimiyyətin uğurlu siyasəti kimi təqdim olunur. Bunların da hamısı məhz seçkiqabağı prosesə saxlanılıb. Əlbəttə ki, bu seçkiyə hesablanır və piar xarakteri daşıyır. Nəzərə almaq lazımdır ki, bundan öncə də bu tipli obyektlərin açılmasınında həmişə məhdud qruplar, təxminən 20-30 nəfər iştirak edib, bundan çox olmayıb. Bunlar da həmişə formal seçilmiş adamlardır. Bunların vəzifəsi, borcu ancaq ondan ibarətdir ki, prezidentin açıqlamalarına qulaq assınlar, arada kimsə çıxıb nəsə tərif səsləndirir. Bu kifayət qədər oturuşmuş və təkrar olunan metoddur. Artıq uzun illərdir ki, bundan istifadə olunur. Ilham Əliyev sadəcə bu böyük toplumun, cəmiyyətin qarşısında çıxış etmək praktikasından qaçır. Çünki toplumun arasında çox böyük narazılıq var. 20-30 adamı televiziya qabağına çıxarmaq olar. Min adamı seçib çıxarmaq olmur. Kim qarantiya verə bilər ki, onlar nəsə başqa şüarlarla çıxış etməyəcəklər. Hakimiyyət bundan çox narahatdır. Ona görə də bu tip tədbirlər keçirmir, bundan qaçır, qorxur.

Fizzə