İranlı deputatlar Suriyada vuruşmağa hazır olduqlarını bəyan etdilər

İran parlamentinin 170 deputatı sentyabrın 4-də ABŞ və müttəfiqlərinin Suriyaya mümkün hərbi müdaxiləsi ilə bağlı birgə bəyanat yayıb.

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, hərbi hücum olarsa, İran deputatları Suriyaya gedib Bəşər Əsəd hökumətinə dəstək verməyə hazırdırlar: “Biz İran parlamentinin deputatları kimi Suriyadakı müqavimət cəbhəsini və İranın dini lideri ayətullah Əli Xamneyinin Suriya ilə bağlı mövqeyini dəstəkləyir, bildiririk ki, İrandakı hakim sistem iradə göstərərsə, biz suriyalı qardaşlarımızla çiyin-çiyinə zülm və küfr cəbhəsinə qarşı vuruşmağa hazırıq.

Biz həmçinin zülmkar Amerikaya və onun sionist rejimdəki başçılarına xəbərdarlıq edərək bildiririk ki, dünyanın məzlum xalqları illərdir  bölgədki zülm və zülmkarlar cəbhəsini aradan qaldıracaq anı gözləyir. Sizin Suriyaya hərbi hücumunuz həmin çöküşün başlanğıcı olacaq”.