Qələbə nə zaman qaçılmaz olur?

Bütün məğlubların qalib gəlmək şansı var

Biz 20 ildir xalq olaraq məğlubiyyətimizlə barışmışıq. Bizə qalib gələnlər isə, layiqli rəqiblər olmayıb. Həm 20 faiz torpağımızın itkisində, həm də 80 faiz torpağımızı mövcud sistemin zəbt etməsində layiqli rəqibə uduzmamışıq. Deməli, biz sıradan bir rəqibin deyil, şərin bizə qalib gəlməsini qəbul edəcək qədər cılızlıq nümayiş etdirmişik.

Bu qismətdirmi?

Biz bəzən qorxaqlığımızı, nəfsimizə tabe olmağı və bunun nəticəsində sahib olduqlarımızı itirməyi, “qiyamət” adlandırırıq. Və yaxud uğursuzluqlarımızı “Allah belə məsləhət görüb” arqumenti ilə təsəlliyə çeviririk. Çox maraqlıdır, Allahın məsləhət gördüklərini yerinə yetirməkdən imtina edirik, amma öz fəaliyyətsizliyimizi Allahın qisməti kimi qiymətləndiririk. Biz bütün yaxşı qismətlərə aparan yolları yandırırıq, sonra da bu “yanğın” zamanı yağış yağmadığı üçün bəxtimizdən gileylənirik. Bu ölkədə baş verənlər, insanların arzuyla yaşayıb, həsrətlə ölməsi qismət deyil, şərin qarşısında təzim etməyin “mükafat”ıdır.

Çatışmayan uğur faktı

Əslində son 20 ildə bu ölkədə ümuminin mənafeyini ifadə edən uğur göstəricisi olmayıb. Biz xalq olaraq uğura tamarzı qalmışıq. Ən pisi də budur ki, biz uğursuluğa vərdiş edərək, bunu milli ənənəmizə çevirmişik. Biz demokratiyanın, sosial ədalətin, hüquqi dövlətdə yaşamağın dadın bilmədiyimiz üçün bu nemətə doğru addım da atmırıq. Hakimiyyət isə, bütün illər boyu bizi bu “təam”dan uzaq saxlayıb. Çünki xalqın bu ləzzəti yaşadığı təqdirdə, bir daha bundan əl çəkməyəcəyini bilir. Ona görə də rejim bu təamın ətrafında “tələ” qurub. Ona doğru uzanan əllər isə qırılmağa məhkumdur. Biz 20 ildə onu da öyrənmədik ki, hakimiyyətin qurduğu “tələ” fərdlər üçün təhlükəlidir, xalqın qarşısında isə bu tələ öz funksiyasını itirir. Bu ölkədə xalqla uğur arasında həmişə kiçik cığır olub. Sadəcə bu cığırı aşmaq cəsarətini özümüzdə tapmamışıq. Biz uğur tarixçəsini yaratmağa məhkumuq. Yoxsa, məğlubiyyətə köklənmiş təfəkkürümüz, köləliyi həyatın özü kimi qəbul etməyə davam edəcək. 

Bizim qiymətimiz neçədir?

20 ildir hakimiyyət öz təsirində olan telekanallar vasitəsilə bizə “əlifba” öyrədir. Əsasən yaşlı nəslə “dərs” keçən bu kanallar, ona qulaq asanlara və inananlara “2″ qiymət yazır, bu qiyməti isə 5 kimi təqdim edir. Faciə o zaman baş verir ki, televiziya qarşısında yaltaqların ”dərs”in öyrənənlər, sabah məktəblərdə bizim övladlarımıza dərs keçirlər. Rejimin yetişdirdiyi müəllim saxtakarlıq etməyi, dövlətə xidmət kimi qəbul edəcək qədər zombiləşir. Biz özümüzü rejim kölələrinə təslim etməklə, özümüzə “2″ vermiş oluruq. Öz layiq olduğumuz qiymətimizi bilmədiyimiz üçün gündəliyimizə yazılan bütün qiymətləri məqbul sayırıq. Insanlıq dərsindən 2 qiyməti alanların xalqa qiymət yazması çox ağrılıdır.

“Ağ bayraq” yanlışlığı

Biz indiyə qədər olan bütün məğlubiyyətlərimizi, döyüşmədən reallaşdırmışıq. Bütün itkilərimiz də “qeyri-döyüş” şəraitində baş verib. Haqsızlığa susmaqla, saxtakarlığa göz yummaqla qalibiyyətdən üz döndərmişik. Biz ağ yalanları ifşa etməli olduğumuz halda, “ağ bayraq” qaldırmışıq. Və bu “ağ bayrağı” qaldırmaqla, müvəqqəti dinclik əldə etməyə çalışmışıq. Biz qeyri-bərabər döyüşdə olduğumuz halda yox, rəqibdən dəfələrlə üstün olduğumuz halda “ağ bayraq” qaldırmışıq. Ümumiyyətlə isə ağ bayraq faktı, xalqlar üçün  keçərli deyil. Ağ bayrağı xalqların iradəsi qarşısında hakimiyyətlər qaldırmalıdır. Çünki onların mövcudluğu bizdən asılıdır. Bəli, biz qalibiyyəti qaçılmaz edən bütün şərtləri özümüzdən qaçırmaqla, məğlubiyyətin qucağına sığınmışıq. Indiki halda biz, “xalqlar məğlubedilməzdir” şüarını təkzib etməklə məşğuluq. Xalqın ayaqda olması, xalqsız mövcud olanların diz çökməsi deməkdir.

Həlledici güc sənsən

Hakimiyyət tabeliyində olan bütün resurslarla rəqiblərinə qarşı mübarizə aparır. Müxalifət liderlərinə, fərqli fikir səsləndirən insanlara qarşı bütün iyrənc vasitələrdən istifadə edir. Əgər hakimiyyət bu qədər güclü, məğlubedilməzdirsə, niyə müxalifətin fəaliyyətindən narahat olub, onu hədəfədə saxlayır?

Bu gün müxalifət 20 ildir sadə vətəndaşın yaşadığı məhrumiyyətləri yaşayır. Bu gün ölkənin ən güclü müxalifət partiyasının sədri ən kasıb vətəndaşın sahib olduğuna sahibdir. Bundan başqa, xalq da, müxalifət kimi maaşların artmasını, rüşvətə son qoyulmasını, təhsilin, səhiyyənin keyfiyyətli olmasını, mülkiyyət hüququnun toxunulmazlığını istəyir. Deməli, xalqla müxalifət arasında ümumi tellər var və bu tellər ümumi arzulardan ibarətdir. Hakimiyyət də bu reallığı bilir və müxtəlif üsullarla müxalifəti xalqın gözündən salmağa çalışır. Hakimiyyət öz imicini xalqın qarşısında yüksəldə bilmir. Çünki bu onun idarəetmə prinsiplərinə ziddir. 

Hakimiyyətin öz istəyinə nail ola bilməməsi üçün, xalq yuxarıda qeyd etdiyim tellərdən möhkəm yapışmalıdır. Bu gün müxalifətin vahid namizədi olan şəxs, bütün parametrlər üzrə xalqın adamıdır. Xalq da, xalqın adamına dəstək olmaqla, xalqdan başqa hər kəsin adamı olanlara yerini göstərməlidir. Cəmil Həsənlinin qalibiyyəti oktyabrın 9-da Rusiyadan və Qərbdən yox, bütün güclərdən daha güclü olan xalqın qətiyyətindən asılı olacaq. Yalnız seçkidən-seçkiyə 10 faizlik maaş artımı ilə xalqı təhqir edənlərə, xalq da 100 faiz GET deməlidir. Bu, şərəf, vicdan, ləyaqət məsələsidir. Bizim xalq olaraq səsimizi seçki qutusunda boğanlara, xalq olaraq gur etiraz səsimizilə cavab verməliyik.

Və sonda 

Insan doğulduğu andan etibarən ölümə doğru addımlayır. Hər bir insanın müəyyən ömür müddəti var və bu müddəti xərclməklə məşğuldur. Əgər qorxaqlıq, yaltaqlıq, susmaq, mübarizə aparmamaq əbədi həyat nəsib etmirsə, niyə şərəflə yaşayıb, şərəflə ölməyək?

Hər gün ölümə doğru yol gedən ömrümüzü ölə-ölə yaşamayaq. Insanlıq adına yaraşan əməllərə imza ataraq yaşayaq. Unutmayaq ki, bizim doğulmağımızın məqsədi, susmağımız üçün deyil. Allah bizi qalib olmaq üçün yaradıb. Şərə məğlub olmağı qəbul etmək isə, ən böyük günahdır.