Qədim insan seçkiyə gedir

Dünən facebook dostlarımdan biri Məzahir Pənahovun idarəsinin – MSK-nın seçki şüarlarından biri haqda yazmışdı. Həmin şüar belə idi: “Sizin səsiniz – bizim taleyimiz”.

Bəli, çox dəqiqdir! Siz səs verirsiniz, amma əlbəttə, bu boş şeydir, əvəzində tale məhz onların üzünə gülür.

Yadıma ANS-in devizi düşür: “Döyüş alnınıza yazılıb!” Hə, “alnımıza” yox, məhz alnınıza! Evdə yeməyə makaron yoxdur, onlarınsa makaron fabrikləri var, həyata və həqiqətlərə elə bu makaron deşiyindən baxırlar, əvəzində isə siz döyüşməlisiniz. Lap Təbrizin məşhur imam-camaatı Mələkütinin dediyi kimi: “Gəlin yığışaq, gedin müharibəyə”.

Nə isə, söz sözü çəkdi, mövzudan uzaqlaşdıq. Yaptokratların bizim səsimizi öz taleləri ilə eyniləşdirməsinə optimist də yanaşmaq olar. Bəlkə elə Məzahir Pənahov “Sizin səsiniz – bizim taleyimiz” şüarı ilə seçki yolu ilə rejimin dəyişə biləcəyinə də işarə edir, bu oğru, talançı sistemin taleyinin artıq seçicilərin əlində olduğuna işarə edir? Hər şey ola bilər. Əlbəttə, biz indi gərək daha çox optimist olaq. Adamların dəyişiklik ümidlərini tamamilə qırmaq olmaz. 

Amma bu optimizm səfehcəsinə müdriklik eləməyə gətirib çıxarmamalıdır. Məsələn, bizdə son vaxtlar “fərqli və intellektual” görünmək istəyən xeyli çoxbilmiş meydana çıxıb, belələrinin camaata Qərbin, Avropanın seçki təcrübəsini öyrənmək, ondan yararlanmaq barədə öyüd-nəsihətlərinin biri bir qəpikdir.

Gülməli vəziyyətdir. Təsəvvür edin ki, siz qeyri-bərabər bir döyüşə girişmisiniz, düşmən ən yeni silahlarla silahlanıb, sizin isə ən yaxşı halda yabanız, baltanız, dəhrəniz var. Bu zaman kimsə çıxıb sizə təklif edir ki, əsgərlərinizə topdan, qırıcı təyyarələrdən, sualtı gəmilərdən necə istifadə etməyi öyrədəsiniz. Bəyəm bişmiş toyuğun gülməyi gəlməzmi? O silah-sursatın heç biri sizdə yoxdursa, bu nəyə lazım ola bilər? Sadəcə, həmin adamın özünü sizə dəhşət ağıllı, çoxbilmiş göstərməyinə. Vəssalam.

Azərbaycanda siyasi meydan ləğv olunub. Bütün resurslar, imkanlar sadəcə, hakim gücün əlində cəmləşib. Belə bir vəziyyətdə seçkiyə getmək təxminən ibtidai icma quruluşunda ən qədim insanların sivri daşla, itiuclu ağaca ova getməsi kimi bir şeydir. Yeri gəlsə, biz hələ heç Azıx mağarasından çıxmamışıq. 

Belə vəziyyətdə durub müdriklik eləməyin, özünü ta nətəhər ağıllı, çoxbilmiş göstərməyin yeri varmı? Bəyəm bilmirsinizmi, necə bir sistemlə qarşı-qarşıyayıq? Onun demokratiyanın “d”sindən xəbərsiz olduğunu, bütün azadlıqlara nifrət etdiyini, ona qarşı çıxanları düşmən hesab etdiyini və sıradan çıxarmaq üçün bütün dəyərləri asanlıqla əzib keçə bildiyini, hüquq və əxlaqın sərhədlərini zorlayaraq ən amansız yollara baş vurduğunu görmək üçün sizə neçə göz lazımdır axı? 

Biz son 10 ildə nə qədər yeni mübarizə üsulları, intellektual mübarizə-zad təklif edənlərin özlərinin axırda pis vəziyyətə düşdüklərini gördük. Bu rejimi daha yaxşı tanımaq, çağdaş, intellektual, sivil mübarizədən bir şey anlamadığının fərqinə varmaq üçün gərək illah ki, onun tərs silləsini yeyib, şər, böhtan, iftira, repressiyasınımı dadasınız? Hər şey göz önündə deyilmi? Bəyəm aydın görünmürmü ki, biz hansı qeyri-bərabər döyüşə girmişik, hansı xislətdə bir qüvvəylə qarşı-qarşıyayıq? Aydın görünmürmü ki, o sizin bilginizi, müdrikliyinizi, Harvard diplomunuzu, Kembric sertifikatınızı, Umberto Eko ilə fotonuzu, oxuduğunuz kitabları-zadı hərləmir. O sadəcə, əzir və ləkələyir. 

Soruşa bilərsiniz: elə isə belə vəziyyətdə biz nə edə, nəyə nail ola bilərik? Heç nəyə. 

Sadəcə, göstərə bilərik ki, bu cür idarəetmənin sonu yoxdur, o hamını məğlub edə bilməz, əvvəl-axır qalib gələcək dəyərlər qarşısında bütün dəyənəklər gücsüzdür. Biz iynə ilə gor qaza bilərik, dişimizlə-dırnağımızla da olsa həqiqətin, azadlığın qarşısında dayanan bu Bisütun dağını yara bilərik. Bu gün olmasa da, sabah bacararıq bunu. Bu yol heç vaxt yolçusuz qala bilməz, onu daim yürüyənlər və enində-sonunda mənzil başına çatdıranlar tapılacaq.

Hər şey bu qədər sadə və bəsitdir. Nöqtə.