Mövsüm Səmədovun sənədləri niyə itib?

Akif Heydərli: «MSK-nın yalançı bir qurum olduğu bir daha təsdiqləndi»

Natiq Kərimov: “Bu saxtakarlıqla bağlı bəyanat hazırlayıb bütün qurumlara təqdim edəcəyik”

Islam partiyasının həbsdə olan lideri Mövsüm Smədovun prezidentliyə namizəd kimi seçkilərdə iştirak edəcəyi haqda məlumat vermişdik. Bu məqsədlə Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim olunub. Partiya bir neçə müddətdir ki, MSK-dan xəbər gözləyir. MSK-nın cavabı isə çox qəribə olub. Belə ki, qurumdan bildiriblər ki, Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim olunmayıb.

Islam partiyasının sədr müavini, təşəbbüs qrupunun rəhbəri Akif Heydərli qəzetimizə açıqlamasında baş verənlərin növbəti ədalətsizlik olduğunu və hakimiyyətin Mövsüm Səmədova qarşı qərəzli münasibət göstərdiyini bildirdi: “Əvvəldən bizə qarşı münasibət necə olmuşdusa, bu cür də davam edib. Sənədi qəbul edən xanım yoxa çıxıb, telefonları cavab vermir. MSK-nın yalançı bir qurum olması üzə çıxdı və fəaliyyət istiqamətinin qeyri-ciddi olması göründü. Biz, imanlı insanlar kimi, hər kəsə düz olanı, həqiqəti söyləyirik. Çalışacağıq ki, MSK-nın hesabatlarının qondarma olmasını, bu qurumun saxtakarlıqla məşğul olduğunu faktlarla sübut edək”.

Islam partiyasının üzvü Natiq Kərimov da baş verənləri hakimiyyətin sonuncu əməli kimi qiymətləndirdi və bu saxtakarlığı ifşa edəcəklərini bildirdi: “Insanın sənədləri necə ola bilər ki, guya uçsun? Bu hakimiyyətin axırıncı aşağılığıdır. Sənədlərin hansı mərtəbədə, kimə verilməsi də məlumdur. Sadəcə olaraq sənədlər verilən zaman bizim nümayəndələrə qəbz verilməyib. Qəbz olmadığına görə də bildirirlər ki, Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim olunmayıb. Biz bu saxtakarlıqla bağlı bəyanat hazırlayırıq və bu bəyanatı bütün qurumlara göndərəcəyik”.

Ilham Hüseyn