Con Kerri: «Suriya ilə bağlı qərarımıza 44 ölkə dəstək verir»
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner Barak Obamanın Suriyaya zərbə endirmək təklifini dəstəklədiyini bəyan edib və həmkarları tərəfindən eyni addımın atılmasının zəruri olduğunu deyib. Beyner həm Konqresin liderləri ilə, həm də prezident Obama ilə görüşdüyünü bildirib:
“Mən prezidentin çağırışını dəstəkləmək niyyətindəyəm”. Konqresdə azlıq təşkil edən Demokratlar fraksiyasının lideri Nensi Pelosi də prezident Obamanın Suriyaya zərbə endirmək təklifini dəstəkləyib: “Suriyada kimyəvi silahdan istifadə faktını diqqətsiz qoymaq olmaz. ABŞ bunu cavabsız qoymamalıdır”.
ABŞ Senatının xarici əlaqələr komitəsi isə Suriyada hərbi əməliyyatın müddətini 1 ay artırmaq imkanı ilə 60 günlə məhdudlaşdırılmağı təklif edir. Senatorların təklif etdiyi qətnamə layihəsində yerüstü əməliyyatların aparılmasına qadağa qoyulub. Komitə qətnaməni dünən səsverməyə çıxarıb.
Nümayəndələr Palatası isə məsələ ilə bağlı müzakirələrə tam heyətlə sentyabrın 9-dan sonra başlayacaq. Senatdakı dinləmələr zamanı ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Suriyada kimyəvi silahın istifadəsinə cavab tədbirlərinin zəruriliyi ilə bağlı ABŞ-ın mövqeyini 40-dan çox ölkə dəstəkləyir. Onun sözlərinə görə, burada söhbət birgə addımlarda iştirakın müxtəlif variantlarından gedir. Qeyd edək ki, ABŞ-ın əsas müttəfiqi olan Böyük Britaniya parlamentdə keçirilmiş səsvermədən sonra hərbi əməliyyatlarda iştirakdan imtina edib.
Ərdoğan: “Suriya əleyhinə istənilən koalisiyada iştiraka hazırıq”
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan isə bəyan edib ki, Suriyaya qarşı hərbi əməliyyatları keçirəcək istənilən koalisiyada iştirak etməyə hazırdılar. Onun sözlərinə görə, Türkiyə bununla bağlı müvafiq addımlar atır və bütün mümkün ssenarilərə hazırdır. Qeyd edək ki, Türkiyə Suriyaya qarşı hərbi əməliyyatların keçirilməsi üçün öz ərazisindən istifadəyə razılıq verib.
Putin: “Sübutlar olsa, hərbi müdaxiləyə etiraz etməyəcəyik”
“Kimyəvi silahın Suriya hakimiyyəti tərəfindən tətbiq olunması sübuta yetirilərsə, hərbi müdaxiləyə etiraz etməyəcəyik”. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Suriyada hərbi əməliyyatların başlanmasına BMT qərar verməlidir: “Kimyəvi silahın kim tərəfindən tətbiq olunduğu sübuta yetirilməlidir. Yalnız bundan sonra Moskva qərarlı bir şəkildə hərəkət edə bilər. Beynəlxalq hüquqa əsasən hər hansı ölkəyə qarşı silahlı gücdən istifadəyə yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilə bilər. Əks halda, bunu ancaq hücum kimi xarakterizə etmək olar”. Rusiya prezidenti Suriyada kimyəvi silahın tətbiq edilməsi ilə bağlı yayılan görüntüləri dəyərləndirib: “Uşaqların kimyəvi silah tətbiqi nəticəsində öldürüldükləri iddia edilən görüntülər çox qorxuncdur. Ancaq görüntülər silahın kim tərəfindən tətbiq edildiyinin cavabını verimir. Bu görüntünün ”Əl-Qaidə” terror təşkilatının montajı olduğu ilə bağlı fikirlər səslənir. ABŞ hökumətinin də yaxından tanıdığı bu terrorçular olduqca qəddardılar. Biz görüntülərə çox diqqətlə baxdıq. Orada valideyn, ailə və həkimlərin olmaması şübhəlidir. Biz Suriyada hər hansı bir münaqişənin tərəfi olmadıq, bundan sonra da olmayacağıq”.
Iran parlamenti Suriyaya dəstək bəyanatı qəbul etdi
Iran parlamentinin deputatları Suriyaya dəstək bəyanatı qəbul ediblər. Sənədi 170 millət vəkili imzalayıb. Iran parlamentində səsləndirilən bəyanatda dünya ictimaiyyətinin Suriya xalqının müxalif qüvvələr tərəfindən qətlə yetirilməsinə səssiz qalması pislənilib. Sənəddə həmçinin iranlı deputatlar ölkənin siyasi iradəsi istiqamətində hərəkət edərək, suriyalı qardaşları ilə bərabər zülmə qarşı canlarını fəda etməyə və dünyanı imperialist zülmündən təmizləməyə hazır olduqlarını vurğulayıblar.
“Suriyaya zərbə yalnız BMT-nin razılığı ilə endirilə bilər”
BMT müfəttişləri kimyəvi silahın istifadəsi ehtimal olunan ərazilərdə yoxlamaları yekunlaşdırmaq məqsədi ilə Suriyaya qayıdacaqlar. Bu barədə Pan Gi Mun mətbuat konfransında bildirib. Baş katib əlavə edib ki, araşdırmalar yekunlaşdıqda BMT ekspertləri ətraflı hesabat hazırlayacaqlar: “Kimyəvi silahın istifadəsi faktı təsdiqlənərsə, günahkar kim olursa olsun, bu beynəlxalq hüquq normalarının ciddi pozuntusu kimi qiymətləndiriləcək”.
Pan Gi Mun onu da bildirib ki, Suriyada hərbi əməliyyat yalnız BMT Təhlükəsizlik Şurası sanksiya verdikdən sonra həyata keçirilə bilər: “Suriyada güc tətbiq edilməsi yalnız özünümüdafiə halı olduqda ya da BMT Təhlükəsizlik Şurasının sanksiyasından sonra mümkündür”. O əlavə edib ki, əgər Suriyada kimyəvi silah həqiqətən tətbiq edilibsə, onda BMT Təhlükəsizlik Şurası birləşərək adekvat tədbirlər görməlidir.
ABŞ ordusu hərbi müdaxiləyə hazırdır
Öz növbəsində ABŞ ordusu Suriya rejiminə qarşı əməliyyat keçirməyə hazırdır. Bu barədə ABŞ-ın müdafiə naziri Çak Heygel Senatın xarici əlaqələr komitəsində çıxışı zamanı bəyan edib: “Biz qüvvələrimizi bölgədə ona görə cəmləmişik ki, bu cür əməliyyatı həyata keçirmək üçün imkanımız olsun. Biz general Dempsi ilə (ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin sədri general Martin Dempsi) prezidentə onun əmrini icra etməyə hazır olduğumuz barədə raport vermişik”. ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin sədri general Martin Dempsi isə Senatın xarici əlaqələr komitəsində keçirilmiş dinləmələrdə bildirib ki, ABŞ Suriyada hərbi əməliyyat həyata keçirsə, Rusiya bu ölkəyə silah tədarükünü artıracaq: “Bu mümkündür. Biz dağıda biləcəyimizi Rusiya bərpa edəcəyinə söz verib”.
Suriyanı 2 milyon insan tərk edib
Suriyada davam edən münaqişə səbəbindən 2 milyon insan ölkəni tərk etməyə məcbur olub. Bunu BMT-nin Qaçqınlarla Iş üzrə Ali Komissarlığı açıqlayıb. Təşkilatın hesablamalarına görə, qaçqınların sayı hər gün 5000 nəfər artır. Bir il əvvəl qaçqınların sayı 230 670 nəfər təşkil edirdi.
BMT-nin qaçqınlarla iş üzrə ali komissarı Antonio Qutyereşin sözlərinə görə, Suriya bu gün humanitar fəlakət bölgəsinə çevrilib. Belə ki, qaçqınların 97%-i qonşu ölkələrdə sığınacaq tapıb. Onlardan 110 min nəfəri Misirə, 168 min nəfəri Iraqa, 515 min nəfəri Iordaniyaya, 716 min nəfəri Livana, 460 min nəfəri isə Türkiyəyə üz tutub. Qaçqınların yarısı 17 yaşına çatmayanlardır(APA).