Gənclər Binəqədi prokurorluğunda ifadə veriblər

Binəqədi Rayon Prokurorluğu AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, “NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsində pis rəftar və işgəncəyə məruz qalması ilə bağlı araşdırmalara başlayıb.
Dövlət Neft Akademiyasında terrorun dördüncü ildönümünü anmaq üçün aprelin 30-da Bakıda “Terrora yox!” şüarı ilə aksiya keçirilib. Aksiya zamanı Ə.Qurbanlı, T.Qəmbər və İ.Rüstəmzadə həbs olunublar. Nəsimi Rayon Məhkəməsi Ə.Qurbanlı və T.Qəmbəri 10, İ.Rüstəmzadəni isə 15 sutkalığa azadlıqdan məhrum edib. Onlar Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsində saxlanıblar. Gənclər həbsdən çıxandan sonra saxlandıqları məntəqədə pis rəftar və işgəncəyə məruz qalmaları ilə bağlı Baş Prokurorluğa şikayət ediblər. Şikayət araşdırılması üçün Binəqədi Rayon Prokurorluğuna göndərilib.

Sentyabrın 4-də Ə.Qurbanlı və T.Qəmbər rayon prokurorluğuna çağırılıblar (İ.Rüstəmzadə həbsdədir. Mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ona xuliqanlıq ittihamı irəli sürüb). “Media forum” saytına açıqlamasında Ə.Qurbanlı deyib ki, prokurorluğa Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin hüquqşünası Tural Hacıbəyli ilə birlikdə gediblər: “Müstəntiq Asif Allahverdiyevə ifadə verdik, hadisəni danışdıq. Araşdırmalar davam edir”.

Ə.Qurbanlı qeyd edib ki, Binəqədidəki məntəqədə saxlanılan zaman hüquqları pozulub, qeyri-insani münasibətlə üzləşiblər: “Məcburi şəkildə saçımızı qırxmışdılar, vəkillə, ailəmizlə əlaqə saxlamağa imkan vermirdilər, evdən bizə göndərilən yeməyi, qəzetləri, zəruri əşyaları içəri buraxmırdılar. Orada saxlandığımız müddətdə qaldığımız kamerada təmizlik işləri görmüşdük. Bunlar da özümüz, sağlamlığımız üçün zəruri idi. Həbsdən çıxandan sonra bildik ki, hökumət təmizlik işləri ilə məşğul olduğumuz vaxt gizlicə şəkillərimizi çəkib, bəzi saytlar da o şəkilləri yayıblar. Orada olduğumuz müddətdə bizə qarşı qeyri-insani rəftar göstərilməsində Bakı Şəhər Baş Polis İdarəsi həlledici rol oynayırdı. İdarənin İctimai Təhlükəsizlik İdarəsinin rəisi tez-tez saxlanma məntəqəsinə gəlirdi, bizə qarşı qəddarlığa rəhbərlik edirdi. Saçımızın qırxılmasını da o tapşırmışdı”.