Ey SEÇICI, özünü, ailəni vəsf etməyin, tənbəlliyin zamanı deyil!

Son iki-üç ayda üzrlü səbəblərdən qəzet oxumaq, internetdə “gəzib-dolanmaq” imkanlarım olmadığından ölkədəki vəziyyətdən xəbərim yoxdur. Həftədə yarım saat internetdə oluram, onda da ancaq tanıyıb-tanımadıqlarımın “facebook” səhifələrinə baxmaq mümkündür. Cəmi yarım saat, bir saniyə də artıq imkanım olmur. Amma buna görə heç üzülmürəm də…

Onsuz da sosial şəbəkələrdə ürəkaçan, qan coşduran, qürur yaşadan heç nə yoxdur. Prezident seçkisinə hardasa bir ay vaxt qalıb, amma ölkə əhli özünü, ailəsini, ev-eşiyini, yeyib-içməyini reklam etməklə məşğuldur. Adamlar şəxsi həyatı nümayiş etdirmək azarına elə mübtəla olublar ki, özündən, ailəsindən danışmağı sevməyənlərə təzyiq, təhqir etməkdən çəkinmirlər. Həyasızcasına tələb edirlər ki, niyə ərini qucaqlayan yerdə, qayınananı çimdirdiyin vəziyyətdə, uşaqlarını öpdüyün anda… şəkillər çəkdirib yaymırsan? Bəlkə, qayınananın başına su tökəndə onu yandırmısan? Bəlkə, təzə ərə getmisən? Bəlkə, uşaqlarının buynuzu, quyruğu, 25 barmağı var, utandığından onları gizlədirsən?..

Çox dəyərli psixoloq dostum bir cümlə ilə elələri haqqında həmişə belə deyir: “Öz şəxsi həyatı olmayanlar həmişə başqalarının şəxsi həyatına burnunu soxmaqla təsəlli tapırlar, elələrinin şəxsi həyatında dəhşətli zədələr olduğu üçün müalicələri mümkün deyil…”. Nə etmək olar, zədəli ölkədə “zədəli”lərin çoxalması təbii haldır, birtəhər yola verməkdən başqa çarə yoxdur. Faciəvi olan odur ki, özünə vurğun olanlar, “xoşbəxtlik şəkilləri”ni yaymaqla təsəlli tapanlar təkcə “zədəli”lər deyil, 1987-1990-cı illərdəki mitinqlərdə bir şəkil də çəkdirməyənlərin indi “Mitinq şəkilləri” albomu var. Onlar da “facebook” səhifəsini şəxsi həyatlarında baş verən hadisələrlə, şəkillərlə zəbt ediblər. Kəsəsi, Azərbaycanda hamı özünə, ailəsinə aşiq olub. Indi çoxu ev-eşiyindən, oğul-uşağından, arvadının ona vaxtlı-vaxtında çay-çörək… verməsindən şaddır. Ayıbdır, vallah!

Azadlıq, torpaqlarımız uğrunda şəhid olanları unutduq, heç olmasa gənc etirazçıların zindandan yazdıqları məktublardan, şeirlərdən utanaq! Harda ölüb adını şair qoyanlar?! Axı  Zaur Qurbanlının və onunla bərabər haqq-ədalət uğrunda zindana düşən etirazçıların qəhrəman, mərd Analarına təkcə oğulları yox, adını şair, yazıçı, insan qoyan hər kəs şeir, məqalə, məktub həsr etməli idi. Amma ölkənin qan qusduğu bir vaxtda da saç-saqqalı ağarmış şairlər utanıb-qızarmadan nazlı gözəllərin qaş-gözünü vəsf etməkdə davam edirlər. Axı kimdir o “zir-zibili” oxuyan?! 

Yeri gəlmişkən, “Nəsimi” filmində indiki şairlərin, yazıçıların üzünə şapalaq kimi dəyən kadrlardan biri də, dahi, cəsur şairin pərəstişkarı Şəmslə olan kiçik dialoqdur: “Bir söz de mənə, Nəsimi, vəsf elə məni şair” deyən gözələ Nəsimi çox sərt halda “vəsf zamanı deyil, afət!” cavabını verir. Indiki şairlər isə hətta onları tanımayanların qarşısını kəsib deyirlər ki, “gəl səni vəsf edim, afət, əsl zamanıdır”…

Ey SEÇICI, özünü, ailəni vəsf etməyin, həsrətini çəkdiyin sevgilinə görə ruhdan düşməyin zamanı deyil! Axı harda qaldı ruhu yerindən oynadan mahnılar, şəkillər, şeirlər? Niyə Azərbaycan Dövlət Himni, Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası mitinqdən-mitinqə səslənməlidir? Əgər sosial şəbəkələrdə seçki, inqilab havası yoxdursa, ölkədə necə ola bilər?! Kimin necə ölkə arzusunda olduğunu bilmək üçün “facebook”dakı “kapak fotoqrafı”na baxmaq yetər. Hətta eləsi var ki, “kapak fotoqrafı” yeri boş “divar”dan ibarətdir. Böyük dəyişikliklər, inqilablar istəyirik, amma əlimizin altındakı boş “divara” bir kəlmə cəsur söz yazmağa, inqilaba səsləyən bir şəkil yerləşdirməyə tənbəllik edirik. Unutmayaq ki, könlü cənnət ölkə istəyənin, evinin divarında, telefonunda, səhifəsində hətta qəhrəman olsa belə özünün yox, bu ölkənin azadlığı uğrunda şəhid olanların, zindana düşənlərin şəkilləri olmalıdır. Axı dərya boyda inqilablar damla-damla etirazlardan yaranır. Heç olmasa seçkiyə bir ay qalmış ölkədə ETIRAZ ayı keçirilsin: etirazçılar yaxasından şəhidlərin, vicdan məhbuslarının şəkillərini assın. Boynumuzdakı medalyonun içinə atamızın, qardaşımızın, oğlumuzun, qızımızın… yox, Tofiq Yaqublunun, Nigar Yaqublunun, Yadigar Sadıqovun, Ilkin Rüstəmzadənin, Zaur Qurbanlının… şəkillərini qoyaq. Eh, kimdir özünüreklamdan vaz keçən? Ona görə də, BIZim kimi etirazçıların başına Allah daş töksün! Arzu edirəm ki, o daşların ən yekəsi “facebook” səhifəsi olmayan, ayda-ildə bir köşə yazısı yazan mənim başıma düşsün…