“AXCP Milli Şurada gərginlik mənbəyi deyil”

“Bəzi qüvvələr aramızda ziddiyyət yaratmağa çalışırlar, ancaq, bizim Əli Kərimli və AXCP ilə çox normal münasibətlərimiz var”

Əvəz Temirxan: “Sessiyada iştirak etməməyimiz Cəmil Həsənliyə dəstək verməməyimiz anlamına gəlməməlidir”

Milli Şuranın sonuncu sessiyasında qurumun ALP-dən və “El” Hərəkatından olan üzvləri iştirak etməyiblər. Bəzi media orqanları bunu hər iki qurumun incik düşməsi kimi təqdim ediblər.
“El” Hərəkatının Ali Məclis sədri artıq mətbuata açıqlamasında Milli Şuranın son sessiyasına qatıla bilməmələrinə aydınlıq gətirərək deyib ki, səbəb inciklik yox, sessiya ilə eyni vaxtda öz toplantılarının keçirilməsi olub.
ALP üzvlərinin sessiyaya qatılmamasına aydınlıq gətirmək üçün isə partiyanın sədri Əvəz Temirxanla əlaqə saxladıq. O, siyasətdə inciklik kimi hisslərlə hərəkət etmədiklərini dedi və ALP ilə AXCP arasında guya narazılığın yarandığı haqda bəzi media orqanlarının yaydığı xəbəri təkzib etdi.
Xatırladaq ki, xəbər portallarından biri ALP üzvlərinin Milli Şuranın sessiyasında iştirak etməməsini AXCP ilə əlaqələndirən məlumat yayıb və sonradan bəzi başqa media orqanları bunu tirajlayıb. Hər hansı rəsmi və ya açıq mənbəyə istinad olunmayan məlumatda iddia edilir ki, guya AXCP sədri Əli Kərimli Milli Şuranın sessiyasına ALP sədri Əvəz Temirxanın rəhbərlik etməsinə imkan verməyib, bu da narazılığa səbəb olub.
ALP sədri isə bu məlumatın tamamilə yalan olduğunu, Əli Kərimli və AXCP ilə çox səmimi münasibətdə olduqlarını deyir: “Əvvəla, biz siyasətdə incilklik nümayiş etdirmirik. Sadəcə, Milli Şurada bəziləri qərəzli mövqe tuturlar, bizim də haqqımız var ki, buna etirazımızı bildirək. AXCP ilə münasibətlərə gəlincə, bəzi qüvvələr  bizim aramızda ziddiyyət yaratmağa çalışırlar. Ancaq, bizim Əli Kərimli və AXCP ilə çox normal münasibətlərimiz var. Əli Kərimli Milli Şura daxilində ziddiyyətlərin yaranmasına, konfliktlərin meydana çıxmasına heç zaman imkan verməyib, bu birliyin səmimi prinsiplər əsasında formalaşması üçün əlindən gələni edib. AXCP Milli Şurada gərginlik mənbəyi deyil, əksinə gərginliyi yatıran qüvvədir. Qaldı ki, Milli Şuranın sessiyasına sədrlik məsələsinə, Əli Kərimli bizim bu vəzifəni yerinə yetirməyimizə heç bir halda etiraz etməyib. Əksinə, sessiyaya Əli Kərimlinin sədrlik etməsi təklifini biz vermişik. Demişik ki, ALP-nin növbəsi çatanda, biz iştirak edə bilməsək, sessiyaya Əli Kərimli rəhbərlik etsin”.
Əvəz Temirxan onu da əlavə etdi ki, bəzi qüvvələr belə saxta məlumatlarla ALP-AXCP münasibətlərini pozmaqla yanaşı, həm də Milli Şurada ziddiyətlər yaratmaq, onun vahid namizədi Cəmil Həsənlinin imicini zədələmək istəyirlər: “Bəzi adamlar əsas gərgin məsələləri bir tərəfə qoyub, lazımsız məsələlərə diqqət çəkmək istəyirlər. Cəmiyyətə o mesajı vermək istəyirlər ki, guya Milli Şura daxilində konfliktlər var, bu quruma daxil olan qüvvələr öz aralarında mübarizə aparırlar. Biz əvvəl gündən Cəmil Həsənlinin namizədliyini dəstəkləmişik və sona qədər də, bu dəstəyə sadiq qalacağıq. Bizim sessiyada iştirak etməməyimiz Cəmil Həsənliyə dəstək verməməyimiz anlamına gəlməməlidir. Əksinə, bəzi qüvvələr var ki, Cəmil Həsənlinin nüfuzuna xələl gətirmək istəyir və biz onlara qarşı  münasibət sərgiləyirik. Düşünürəm ki, bütün qaranlıq məsələlər öz həllini tapacaq və Milli Şura öz fəliyyətini sona qədər uğurla davam edəcək”.

İlham