“Namizədinizə arxa durun! Doğru adamlara sahib çıxın ki, oğrular qalan sərvətinizi də talaya bilməsinlər!”
“Vahid namizədin hesabına toplanılacaq pul ölkəmizin sabahına yatırılan investisiyadır”
AXCP sədri Əli Kərimli cəmiyyəti Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyasında fəal iştiraka, o cümlədən onun bank hesabına müəyyən vəsait köçürməklə bu kampaniyanın maliyyəşməsinə yardımçı olmağa çağırıb. Kərimlinin rəsmi Facebook səhifəsində paylaşdığı çağırışı təqdim edirik:
“Uğurlu başlanğıc qələbənin yarısıdır. Müxalifətin birləşməsi və professor Cəmil Həsənlini vahid namizəd seçməsi dəyişiklik tərəfdarlarını xeyli ruhlandırıb. İmza toplanması kampaniyası yüksək əhval-ruhiyyədə keçir və yekunlaşmaqdadır. Amma qarşıda bizi çətin və qeyri-bərabər seçki kampaniyası gözləyir. Cəmi 21 günlük seçki kampaniyası ərzində vahid namizədi, onun seçki platformasını və komandasını milyonlarla seçiciyə təqdim etməliyik. Hakimiyyət hər şeyi edəcək ki, İctimai Televiziyanın ayıracağı pulsuz efir vaxtı minimum həddə olsun. Biz də çalışmalıyıq ki, efir vaxtının azlığını və digər məhdudiyyətləri başqa təbliğat vasitələri hesabına kompensasiya edək.
İlk növbədə seçki könüllülərinin qapı-qapı gəzərək seçicilərlə ünsiyyət qurmasını, namizədimizi şəxsən tanıtmasını təmin edəcəyik. Bakıda, rayonların əksəriyyətində seçki mitinqləri, Cəmil bəyin vaxt azlığından gedə bilməyəcəyi yerlərdə isə onun vəkillərinin görüşlərini təşkil edəcəyik. Seçki kampaniyasının əsas ağırlığını minlərlə könüllü öz üzərinə götürəcək. Bu insanlar seçki kampaniyasında pulsuz çalışacaqlar. Müxalifətin əsas resursu da bu fədakar insanlardır.
Amma fədakarlıq öz yerində, seçkidə bir çox işlər də var ki, onları pulsuz görmək mümkün deyil. Vahid namizədin təşviqat materiallarının hazırlanması, platformasının xalqa çatdırılması, sosial şəbəkələrdən tutmuş televiziyalara qədər hər yerdə onun təbliği üçün xeyli pula ehtiyac olacaq. Qanuna uyğun olaraq Cəmil Həsənlinin adına artıq hesab açılıb. Unutmayaq ki, birləşmiş müxalifətin vahid namizədinin hesabına toplanılacaq pul nə Cəmil müəllim, nə də Milli Şura üçündür. Toplanılacaq vəsait özümüzün, ailəmizin, ölkəmizin sabahına yatırılan investisiyadır.
Qərara gəlmişik ki, müvafiq hesaba pul köçürmək kampaniyasına ilk növbədə Milli Şura üzvləri, Milli Şuraya qoşulmuş partiyaların fəalları başlasınlar. Amma əziz həmvətənlər, bu işə sizlərin elliklə qoşulmağınıza ehtiyac var. Siz müxtəlif üsullarla, o cümlədən hesaba şəxsən pul köçürməklə, başqalarını da bu prosesə cəlb etməklə, ən azı Cəmil Həsənlinin bank hesabını yayıb, pul toplanmasını təbliğ etməklə bu prosesə dəstək verə bilərsiniz. Xalqın namizədinə arxa olun! Doğru adamlara sahib çıxın ki, oğrular qalan sərvətlərimizi də talan edə bilməsinlər!
Azərbaycan Beynəlxalq Bankı Binəqədi filialı
Kod: 805584
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Vöen: 9900001881
S.W.I.F.T.: İBAZAZ2X
Müştərinin adı HASANLI CAMIL POLADXAN OGLU
Hesab AZ29IBAZ33801019443102498202
Telefon: 012 562 99 41″