Gözəl Bayramlı: «Bu şəxslərin heç biri müxalifətin səsini parçalamaq iqtidarında deyil»
Vidadi Mirkamal: «Namizədlərin çoxluğu saxtakarlıq imkanlarını genişləndirir»
Prezident seçkilərinə qatılmaq istəyən namizədlərin sayı 21-ə çatsa da, əsas mübarizənin Ilham Əliyev və müxalifətin vahid namizədi olan Cəmil Həsənli arasında gedəcəyi heç kimdə şübhə doğurmur.
Lakin böyük ehtimalla qalan namizədlərin əksəriyyəti qeydə alınaraq seçkilərə qatılacaq. Çünki bu şəxslərin çoxunun namizədliyi məhz hakimiyyətin təşəbbüsü ilə, seçkilərə demokratik don geyindirmək üçün irəli sürülüb. Onların bəziləri özlərini müxalifət təmsilçisi kimi təqdim edir, lakin kampaniya müddətində əsas müxalifət namizədini hədəfə alır.
Əslində bu şəxslər seçki yarışında hansı namizədə mane olmaq və onun səslərini parçalamaq iqtidarındadır?
AXCP sədrinin müavini, Milli Şura üzvü Gözəl Bayramlı digər namizədlərin müxalifət namizədinin səsini parçalamağa qadir olmadığına əmin olduğunu deyir. Çünki onların hamısı hakimiyyətin dəstəyi və razılığı ilə namizədliyini irəli sürən adamlardır. Hakimiyyət onlara səs yazmağı əvvəlcədən vəd verməsəydi, YAP yerli təşkilatlarının vasitəsilə imzatoplama kampaniyasına köməklik etməsəydi, bu şəxslər seçkilərə qatılmazdılar.
G.Bayramlının sözlərinə görə, hakimiyyət oğurladığı səslərdən onlara da yazacaq. Ancaq bununla belə bu şəxslərin heç biri müxalifətin səsini parçalamaq iqtidarında deyillər. Çünki müxalifətin elektoratı kifayət qədər çoxdur və bu elektorat yalnız müxalifətin namizədinə səs verəcək. Bu ölkədəki durumu bilən Azərbaycan seçicisi nə hakimiyyət təmsilçisinə, nə də hakimiyyətin kömək etdiyi digər namizədlərə səs verəcək.
Seçki prosedurlarının hakimiyyətin nəzarətində olduğunu deyən Milli Şura üzvü Vidadi Mirkamal namizədliyini irəli sürən digər namizədlərin də iqtidarın dəstəyi ilə bu addımı atdığını qeyd etdi. Bu şəxslərin, demək olar, hamısı hakimiyyətə yaxın adamlardır. Əgər cəsarət edib namizədliklərini irəli sürüblərsə, deməli, bunu hakimiyyətin ssenarisilə ediblər. Bu şəxslərə seçkidə iştirakla bağlı göstəriş verilib.
V.Mirkamalın sözlərinə görə, namizədlərin çoxluğu saxtakarlıq imkanlarını genişləndirir: “Əsas mübarizə hakimiyyətlə Milli Şura namizədi arasında gedəcək. Ancaq seçkidən sonra digər namizədlər seçkinin normal keçdiyini deyəcək. Hakimiyyət də dünyaya bəyan edəcək ki, hamı seçkidən razı qalıb, müxalifət də uduzduğuna görə cığallıq edir. Bu, avtoritar, despot rejimlərdə adi prosedur qaydadır. Bu mənada namizədlərin çoxluğu ölkəmizə fayda gətirməyəcək”.
Fizzə