«Kölə olmaq xoşunuza gəlir? Ürəyinizi qoyun ortaya, ürəyinizlə düşünün, beyninizlə yox!»
İlkin Rüstəmzadə təcridxanadan “Azadlıq”a məktub göndərdi
Hakimiyyətin bu ilin əvvəlindən bəri başlatdığı repressiyaların qurbanlarından biri olan “Azad Gənclik” təşkilatının üzvü Ilkin Rüstəmzadə “Azadlıq”a məktub göndərib. Vicdan məhbusu Kürdəxanıda saxlanıldığı Bakı istintaq təcridxanasından yazır:
“Artıq vahid namizəd məsələsi həll olundu. Irəlidə çox az vaxt var, həm də yetərli. Baxır kim necə yanaşır. Indi bütün olanları unudub gələcəyə baxmaq lazımdı. ”Rəsul onu dedi, o gəlmədi, bu getmədi” söhbətlərinin yeri deyil indi. Indi işləmək vaxtıdır. Kimisə ittiham etmək məsələsini sonraya da saxlamaq olar. Hər kəs papağını qarşısına qoyub bu sualı özünə verməlidir: mən nə edə bilərəm? “Incil”də deyildiyi kimi, əlinlə mübarizə apara bilmirsənsə, gözünlə et, gözünlə mübarizə apara bilmirsənsə, ruhunla et.
Rüstəm müəllim seçki kampaniyası üçün gözəl bir təklif verib. Dəyərləndirmək lazımdır. Onu çox ittiham etdilər, ağızlarına gələni dedilər. Amma mən 73 yaşlı bir adamın öz şəxsi ambisiyalarını düşünəcəyini ağlıma belə gətirmirəm.
Mətləbə keçək. Bəllidir ki, seçki kampaniyası pul tələb edir. Normal seçki kampaniyası… “1 manat” kampaniyası bu dərdə dərman ola bilər. Soruşacaqsınız ki, necə?
Cavab verim: çox sadə. Mən heç məsələnin riyazi tərəfinə də baxmıram. 1 milyon adamın 1 manatıyla Azərbaycanın demokratikləşməsini də demirəm. Bu, niyyət məsələsdir. Önəmli olan qəlblərin birliyidir.
Bu gün Azərbaycanda problemləri yazmaq üçün bir yazı çox azdır. Heç elə bir niyyətim də yoxdur. Mənim yazmaq istədiyim şeylər çox sadədir. Müəllimə ot yoldururlar, həkimə küçə təmizlətdirirlər, təqaüdçülərə 100 manat pul verib deyirlər ki, yaşa… Insanları insanlıqdan çıxarıblar, şəxsiyyətlərini sındırıb, vicdanlarını susdurublar, kölə halına salıblar. Bunları hamı bilir, hamı narazıdır, hərəkətə gəldikdə isə hamı yaxasını kənara çəkir.
Soruşuram: sən deyilsənsə, bəs kim? Kim sənə azadlıq verəcək? Kim sənə insan kimi yaşamaq haqqını verəcək? Bunu yalnız sən edə bilərsən. Sən, biz, hamımız. Başqasından azadlıq gözləyənlər yalnız kölələrdir. Kölə olmaq xoşunuza gəlir?
Populistlik etmək fikrim yoxdur. 1 manatla vəziyyətin dəyişəcəyinə inanacaq qədər sadəlövh də deyiləm. Sizdən tək istəyim budur: ürəyinizi qoyun ortaya, ürəyinizlə istəyin, ürəyinizlə düşünün, beyninizlə yox!
Serblər 30 min insanla demokratiya qurdular. Bizdə bu qədər azad insan yoxdurmu? Var! Sadəcə, o insanların zəncirlərini qırmaq lazımdır. Bu zəncirlər bir gün mütləq qırılacaq. Ancaq bu özü-özünə olmayacaq. Bunu sən edəcəksən, mən edəcəm, biz edəcəyik.
Sizin bir manatlarınız hər şey demək deyil. Ancaq bunu öz ürəyinizlə, azadlıq duyğusu ilə etməyiniz artıq başlanğıc deməkdir. Milyon insanın eyni arzuyla yaşaması zəncirlərin qırılması deməkdir.
Zəncirlərimizi birlikdə qıraq!”