Kəmaləddin Heydərov özünü necə sığortalayır?

«Fövqəlnazir» prezidentlik iddiasını İlham Əliyevin təbliğatı ilə ört-basdır edir

Ölkə başçısı Ilham Əliyevin 10 illik fəaliyyətini əks etdirən sayt fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsi tərəfindən hazırlanıb. Bu barədə məlumatı virtualaz.org saytı yayıb. Məlumatda deyilir ki, saytın müəllifi iş adamı Ilham Abduyev Kəmaləddin Heydərovun qaynıdır. Onun fövqəladə hallar nazirinin intellektual komandasına rəhbərlik edən şəxs olduğu deyilir.
Kəmaləddin Heydərovun seçkinin maliyyə yükünü çəkdiyi barədə ötən saylarımızda məlumat vermişdik. Lakin görünür ki, “fövqəlnazir” üzərinə düşən öhdəlikdən daha artığını etmək niyyətindədir. Niyə?
Məsələ burasındadır ki, Kəmaləddin Heydərov hakimiyyətdə faktiki olaraq ikinci şəxs sayılır və son illər “fövqəlnazir” birincilik statusu əldə etmək iddiasında görünür. Komandasının Kəmaləddin Heydərovun cəmiyyətdə müsbət imicini formalaşdırmaq üçün ciddi iş aparması, “fövqəlnazir” haqqında “xeyirxah”, “işini bilən” obraz yaradılması da buna xidmət edir. Yeri gəlmişkən, Kəmaləddin Heydərovun fasebook-da səhifəsi də yaradılıb və qısa müddə səhifəyə xeyli üzvlər toplanıb. Artıq üzvlərin sayı 30 mini ötüb. Bəzi məlumatlara görə, bütün bunlar hökumətdə ciddi narahatlıq yaradıb. Kəmaləddin Heydərovun rəqibləri də onun iddialarıònı əsas gətirərək “vurulmasına” çalışırlar.
Digər tərəfdən ən çox narazılıq məhz Kəmaləddin Heydərovun nəzarətində olan (xüsusilə Zaqatala və Sabirabad) rayonlardadır. Rəqibləri bundan da onun əleyhinə istifadə edir. Bu baxımdan “fövqəlnazir” özünü sığortalamaq üçün müəyyən addımlar məcburiyyətindədir. Ilham Əliyevin 10 illik fəaliyyətini əks etdirən saytın yaradılması da bu qəbildən hesab edilə bilər.

Hikmət