Ramiz Rzayev Avropa Məhkəməsinin sabiq nazirlə bağlı qərarını niyə icra etmək istəmir
“Ali Məhkəmə Əli İnsanovun işinə baxılmasını məqsədli şəkildə yubadır”. Bu barədə “Azadlıq”a sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toqğrul Babayev bildirib. Vəkilin sözlərinə görə, sentyabrın 2-də Ali Məhkəmənin hakimi Vəfaddin İbayevin imzası ilə məktub alıb. Həmin məktubda Əli İnsanovun işi ilə bağlı Avropa Məhkəməsinin çıxardığı qərarın Ali Məhkəməyə daxil olmadığı bildirilib. “Halbuki biz qərarı aprel ayında Ali Məhkəməyə təqdim etmişik. Bundan əlavə Avropa İnan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndə Çingiz Əsgərov gec də olsa qərarı Ali Məhkəməyə göndərib”, – deyə Toğrul Babayev bildirib.
Məlumat üçün deyək ki, Avropa Məhkəməsi bu il martın 14-də Əli İnsanovun işi ilə bağlı qərar çıxarıb. Həmin qərar iyunun 14-də qüvvəyə minib. Azərbaycan qanunvericiliyinə görə Avropa Məhkəməsinin qərarı daxil olduqdan 3 aydan gec olmayaraq, yəni sentyabrın 14-dək Ali Məhkəmənin plenumu çağırılmalı və Əli İnsanovla bağlı işə yenidən baxılması üçün aşaği instansiyaya göndərilməsi barədə qərar çıxarılmalıdır.
Yeri gəlmişkən, mediaforum saytı sentyabrın 2-də məlumat yaymışdı ki, yaxın 15 gün ərzində Əli İnsanovun işi Ali Məhkəmənin plenumuna çıxarılacaq. Bu o deməkdir ki, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə təqdim olunub. Sayt xəbərin Ali Məhkəmədən verildiyini yazmışdı.
Lakin Toğrul Babayevə göndərilən məktubda bunun əksi göstərilir. Ali Məhkəmənin belə zidiyyətli mövqe tutması Əli İnsanovun işinin məqsədli şəkildə yubadıldığının bariz nümunəsi sayıla bilər.
Xatırladaq ki, Ali Məhkəmə Əli İnsanovun işini yubatdığına görə sabiq naziri məhkəmənin sədri Ramiz Rzayevi və Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu məhkəməyə verib.