“El” Milli Şuranın iclasına niyə qatılmadı?

AXCP yetkilisi səbəbin inciklik olmasına inanmır

Eldəniz Quliyev isə bunu eyni vaxtda öz toplantılarının olması ilə izah edib

Milli Şuranın 3 sentyabr sessiyasına qurumun “El” Hərəkatından olan üzvlərinin heç biri qatılmayıb. Bəzi xəbər portalları bunu “El”in Milli Şuranı boykot etməsi kimi təqdim edib.

Bu arada “musavat.com” EL hərəkatı təmsilçilərinin Milli Şuranın sessiyasına qatılmamasını incikliklə izah edib. Saytın iddiasına görə, onların Milli Şurada təşəbbüsə sahiblənmiş Müsavat və AXCP-dən küskünlükləri yaranıb. Sayın yazdığına görə, EL rəhbərliyi iddia edir ki, bu təşkilatlar istintaq altında olan EL-çiləri müdafiə etməyib, bəyanatlar verməyib, yetərincə diqqəti göstərməyib.

Bu iddianın nə dərəcədə real olduğunu aydınlaşdırmaq üçün Milli Şura üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlı ilə əlaqə saxladıq. G.Bayramlı El Hərəkatı üzvlərinin Milli Şuranın iclasında iştirak etməmələrinin incikliklə bağlı olduğuna inanmadığını dedi. Çünki sesiyadan bir gün əvvəl, sentyabrın 2-də Cəmil Həsənlinin Seçki Strateji Planlaşdırma Mərkəzinin iclasında qurumda təmsil olunan partiyaların rəhbərliyi, o cümlədən El Hərəkatının sədri Eldar Namazov və sədr müavini Zəfər Quliyev də iştirak ediblər. G.Bayramlı özünün də qatıldığı iclasda Milli Şuranın sesiyası ilə bağlı müzakirələrin aparıldığını və El Hərəkatı ilə bağlı bəyanatın qəbul olunması təşəbbüsünün irəli sürüldüyünü bildirdi:  “AXCP sədri Əli Kərimli Milli Şuranın sesiyasında El Hərəkatının üzləşdiyi təqiblərrlə bağlı bəyanatın qəbul olunmasının təklif etdi. Bəyanatın hazırlanması El Hərəkatı sədrinin müavini Zəfər Quliyevə və Milli Şuranın mətbuat xidmətinə tapşırıldı. Həmin iclasda Eldar Namazov da iştirak edirdi. Ona görə  də El üzvlərinin Milli Şuranın sesiyasına qatılmamasının səbəbinin inciklik olmasına inanmıram”.  

“El”in Ali Məclis sədri Eldəniz Quliyev isə “Modern.az”a açıqlamasında Milli Şuranın sessiyasına qatılmamalarını eyni vaxtda özlərinin iclasının olması ilə izah edib. O bildirib ki, keçirdikləri toplantı “El”ə qarşı son günlər vüsət alan təzyiqlərlə bağlı olub.