ABŞ-ın keçmiş səfiri Əliyevləri yenə tənqid atəşinə tutdu

“Hökumətin öz xalqına qarşı əməlləri daha da repressiv olub”

Riçard Kozlariç: “Hakimiyyətin davranışı yolverilməzdir və Qərb bu vəziyyətə diqqəti gücləndirməlidir”

Bu günlərdə ABŞ və Aİ-nin Avropa ölkələrində dörd keçmiş səfiri “Nyu York Times” qəzetində dərc etdirdikləri məqalədə Qərbi Cənubi Qafqazda və xüsusən Azərbaycanda azadlığı əlindən alınanların adından danışmağa çağırıblar.
Müəlliflər – ABŞ-ın keçmiş dövlət katibinin köməkçisinin müavini və Bakıda keçmiş səfiri (1994-1997) Riçard Kozlariç, ABŞ-ın Gürcüstanda keçmiş səfirləri Uilyam Kortni və Kennet Yalovits, habelə Avropa Komissiyasının Gürcüstanda keçmiş səfiri Denis Korboy Qərbin “islahatlar və azadlıq uğrunda çıxış edənlərin inamını qoruyub saxlamalı olduğu haqqında” ümumi fikir bildiriblər.
Səfir Kozlariç Dövlət Departamentindən təqaüdə çıxdıqdan sonra Corc Meyson Universitetində işləyir. “Turan”ın müxbiri ilə müsahibəsində o, regiondakı vəziyyətə, habelə Azərbaycanda seçkiqabağı vəziyyətə baxışlarını paylaşıb.
Keçmiş səfirlərin birgə məqalə ilə çıxış etməsinə nəyin səbəb olduğu haqqında suala cavabda Kozlariç deyib ki, onların regionda peşəkar və şəxsi maraqları ortaqdı: “Biz hesab edirik ki, məsuliyyət daşıyırıq və fikirlərimizi ictimaiyyətlə paylaşmalıyıq. Bizim ilk məqaləmiz Cənubi Qafqazda “dondurulmuş münaqişələrə” (o cümlədən Dağlıq Qarabağ) aid idi, ikincisi regionda açıq-aşkar insan hüquqları pozuntularına, habelə siyasi və iqtisadi islahatlara həsr olunmuşdu.
Azərbaycana gəlincə, mən azərbaycanlıların insan hüquqlarından məhrum olmasına, onların və ailələrinin fikri ifadəyə görə təqiblərə məruz qalmasına qəzəblənirəm. Hakimiyyətin davranışı yolverilməzdir və Qərb bu vəziyyətə diqqəti gücləndirməlidir”.
Keçmiş səfir bildirib ki, 11 sentyabr 2011-ci il terror aktından sonra Amerikanın strateji və enerji maraqları yerini dəyişib. Nəticədə, ABŞ-ın Azərbaycana qarşı demokratiyaya və insan hüquqlarına dəstək maraqları da yerini dəyişdi. Dövr dəyişdi, qlobal təhlükəsizlik və enerji vəziyyəti kimi. Dəyişməyən tək şey Bakının demokratiya, söz və dini etiqad azadlığı haqqında ritorikasıdır. Hökumətin öz xalqına qarşı əməlləri daha da repressiv olub.
“Bakı Azərbaycan xalqına demokratiyanın və Qərb insan hüquqları dəyərlərinin, o cümlədən fikri ifadə azadlığının onun üçün əhəmiyyətli olduğunu göstərmək üçün konkret addımlar atmalıdır. Nə qədər ki, bu dəyişikliklər baş verməyib, Bakı Vaşinqton tərəfindən yeni yanaşmaya ümid edə bilməz”, deyə Kozlariç qeyd edib.
Kozlariç ABŞ-Azərbaycan münasibətlərinə dair fikirlərini də bölüşüb: “Azərbaycan müstəqillik əldə etdikdən sonra Vaşinqtonda energetika və təhlükəsizlik məsələləri də daxil olmaqla (İraq və Əfqanıstanda müharibələrə görə) geniş münasibətlər spektri işlənib hazırlandı.
İkitərəfli diplomatiya qarşılıqlı əhəmiyyət daşıyan bu mühüm məsələlər üzərində cəmləndi. Bununla belə, Bakıda hakimiyyət hesab edir ki, ABŞ-ın Azərbaycana daha çox ehtiyacı var, nəinki Azərbaycanın ABŞ-a. Bu fikir ona əsaslanır ki, indi ABŞ-ın Azərbaycanla qarşılıqlı münasibətləri, demək olar, müstəsna dərəcədə energetika və təhlükəsizlik üzərində qurulub. Yəni nə qədər ki, bu, belədir, ümumi demokratik və iqtisadi dəyərlərə əsaslanan münasibətlər olmayacaq”.
Azərbaycanda seçkiqabağı vəziyyəti necə qiyətləndirmək olar, iradənin azad şəkildə bildirilməsi üçün real imkanlar və namizədlərin real mübarizəsi üçün şərait varmı?
Bu suala cavabda Kozlariç bildirib ki, yaxşıya doğru heç bir dəyişiklik əlaməti görmür. “Seçkilər hakimiyyətə demokratiya və insan hüquqlarına riayət olunması sahəsində real addımlar atmaq üçün gözəl imkan verir. Təəssüf ki, atılan addımlar əks istiqamətdə atılıb”, deyə o qeyd edib.
Prezident İlham Əliyev üçüncü müddət üçün prezident olmaq və bu zaman demokratik dünyadan heç bir tənqid eşitməmək istəyir. Belə ki, Azərbaycan hökumətinin müxalifətin əsas namizədi Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakının qarşısının alınması üzrə tədbirlərinə beynəlxalq reaksiya, demək olar ki, eşidilmədi. Son vaxtlar ATƏT də Bakıdakı ofisinin səlahiyyətlər dairəsini, Azərbaycan hökumətinin istədiyi kimi, layihə koordinatoru səviyyəsinə qədər azaltmaq qərarı qəbul etdi. Eyni zamanda, Bakı Amerikanın bir sıra QHT-lərinə, o cümlədən NDİ-yə təzyiq göstərməkdə davam edir. Bütün bunları necə qiymətləndirirsiniz?
Bu suala cavabda Kozlariç qeyd edib ki, Vaşinqtonun açıq-aşkar müqavimətinə baxmayaraq, Bakıya qarşı əhəmiyyətli bir tənqid olmayıb.
“Əgər hökumət digər maraqların ABŞ və Qərb üçün demokratik islahatlardan və insan hüquqlarına riayət olunmasından daha mühüm olduğunu hesab edirsə, o, demokratik islahatlar həyata keçirməyəcək. Hakimiyyət başqalarının nə düşündüyünə və nə dediyinə məhəl qoymaya bilər. Özü də dünyanın başı Suriyadakı hadisələrə qarışıb”.
Azərbaycan prokurorluğu Milli Şura liderlərinin iğtişaşlar hazırladığını iddia edərək, onlar barəsində təhqiqata başlayıb. Bundan sonra nə gözləmək olar?
Bu suala cavabda Kozlariç belə deyib: “Bu davranışı gözləmək olardı. Bu, insanlarda qorxu yaratmaq üçün edilir. Mən bu insanların və onların ailə üzvlərinin təhlükəsizliyinə görə narahatam”.
Kozlariçin müsahibəsini daha ətraflı “Azadlıq” qəzetinin 4 sentyabr sayında oxuya biləcəksiniz.