ABŞ-da Suriya ilə bağlı məxfi müzakirə başlayır

Bəşər Əsəd: «Barıt çəlləyi partlayandan sonra hamı vəziyyətə nəzarəti itirəcək»

«Hizbullah» Suriyaya dəstək üçün səfərbərlik elan etdi

Dünən ABŞ Senatının xarici işlər komitəsində Suriyadakı münaqişəyə silahlı müdaxilənin məqsədəuyğunluğu müzakirə olunub. Senatorlar qarşısında dövlət katibi Con Kerri, Pentaqon rəhbəri Çak Heyqel və qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Martin Dempsi çıxış ediblər.
Çıxışlarda konkret hansı fikirlərin səsləndirildiyi hələlik məlum deyil. Məlum olan odur ki, senatorlar Ağ evin Suriyaya hərbi müdaxiləni nəzərdə tutan qətnamə layihəsinə dəyişikliklər etmək niyyətindədir. Onlar hesab edirlər ki, Obama administrasiyasının təklifində konkretlik çatışmır.
Məlumatlara görə, ABŞ Konqresinin üzvləri arasında Suriyaya zərbə məsələsində fikir ayrılığı olub. Ağ evdə prezident Barak Obama ilə görüşündən sonra senator Con Makkeyn jurnalistlərə bildirib ki, Suriyaya zərbənin əleyhinə olan səsvermənin ağır nəticələr yaradacağını hamı dəqiq bilməlidir. Lakin Makkeyndən fərqli olaraq Konqresin heç də bütün üzvləri Obamanın hərbi müdaxilə planlarını dəstəkləmir. Bəziləri belə hesab edir ki, Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi ilə bağlı sübutlar yetərli səviyyədə deyil. Onlar hərbi əməliyyatların ABŞ üçün nə dərəcədə əhəmiyyətli olması məsələsində də tərəddüd edirlər. Nümayəndələr Palatasının üzvü Adam Skiff bildirib ki, Ağ evin Suriyaya hərbi müdaxiləni nəzərdə tutan qətnamə layihəsi olduqca genişdir və orada əməliyyatın sonu ilə bağlı heç bir məlumat yoxdur: “Bu qətnamə Suriyada həyata keçiriləcək bütün əməliyyatlar üçün əsas yarada bilər”. 
Konqresin başqa bir üzvü Rik Nolan isə hərbi əməliyyatlara qəti şəkildə qarşı çıxdığını deyib: “Bu, faktiki olaraq Suriyaya müharibə elan etmək deməkdir. Halbuki kimyəvi silahdan kimin istifadə etdiyi ilə bağlı şübhələr var”.
ABŞ administrasiyasının mövqeyi isə onu göstərir ki, Obama Konqresdən “hə” cavabı almasa belə, hərbi əməliyyatların başlanması haqda göstəriş verəcək.
Məlumatlara görə, bu gün Senatın xarici işlər komitəsində Suriya məsələsi ilə bağlı məxfi dinləmələr keçiriləcək. Tam tərkibdə isə Senat və Nümayəndələr Palatası müzakirələrə sentyabrın 9-dan tez başlaya bilməyəcək.

Kimyəvi silahla bağlı yeni kəşfiyyat məlumatları

Almaniya və Fransa xüsusi xidmət orqanları Dəməşq yaxınlığında kimyəvi silah tətbiqinə görə məsuliyyəti Suriya hökumətinin daşıdığını isbatlayan yeni sübutlar açıqlayıb.
“Der Spiegel” nəşrinə açıqlama verən Almaniya xüsusi xidmət orqanlarının təmsilçisi bildirib ki, bir çox dəlillər kimyəvi silah tətbiqinə dair günahın Suriya prezidenti Bəşər Əsədin üzərində olduğunu isbatlasa da, bunu birbaşa təsdiqləyəcək sübut hələlik yoxdur.
BND rəhbəri Qerxard Şindlerin sözlərinə görə, texniki baxımdan yalnız hökumət qoşunları zarin qazı olan mərmiləri tətbiq etmək imkanına sahibdir. BND bir çox dolayı sübutlarla yanaşı, Suriya hökumətini dəstəkləyən “Hizbullah” təşkilatının təmsilçisinin telefon danışıqlarını təqdim edib. Danışıqlarda “Hizbullah” təşkilatçısı bildirir ki, Əsəd kimyəvi silah tətbiq etməklə səhvə yol verib.
Fransa kəşfiyyatı da Suriya ilə bağlı məlumatları açıqlayıb. Kəşfiyyatın məlumatlarına görə, peykdən çəkilən şəkillər kimyəvi hücumun Suriya hökumətinin nəzarətində olan ərazidən həyata keçirildiyini təsdiqləyir.

BMT ekspertləri Suriyaya qayıda bilər

BMT-nin kimyəvi silah üzrə ekspertləri Suriyaya qayıda bilər. Onlar ölkəyə qayıdacağı təqdirdə kimyəvi silahın istifadəsi ilə bağlı araşdırmanı yekunlaşdıracaq. BMT baş katibinin nümayəndəsi Martin Nesirki bildirib ki, missiyanın tarixi hələlik müəyyənləşdirilməyib.
“Suriyaya istənilən hərbi müdaxilə Orta Şərqə yayılacaq”. Bunu Iran Xarici Işlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib. Onun sözlərinə görə, bölgənin çıxılmaz böhrana salınmaması lazımdır: “Suriyaya hərbi müdaxilə mövcud vəziyyətin aradan qaldırılmasına yardımçı olmayacaq. Əksinə bu ölkədəki böhranın daha da artmasına gətirib çıxaracaq”.
M.Əfxəm deyib ki, mövcud böhranın həlli üçün siyasi həll yolu axtarmaq lazımdır: “Bəzi ölkələr tərəfindən bəslənən mütəşəkkil terrorçu qruplara qarşı hamılıqla mübarizə aparmaq zəruridir”.
“Bəşər Əsəd öz ölkəsinin vətəndaşlarına qarşı kimyəvi silahın işlədilməsinə göstəriş verə bilərdi”. Bu bəyanatla Iranın sabiq prezidenti Əli Əkbər Həşimi Rəfsancani çıxış edib. Qeyd edək ki, bundan öncə Iran rəsmiləri Dəməşq yaxınlığında kimyəvi silahdan üsyançıların istifadə etdiyini bildirirdi. BBC qeyd edir ki, ilk dəfədir ki, Iran siyasətçiləri Bəşər Əsədə dəstək məsələsində fərqli fikirlər səsləndirir.
“Hizbullah” hərəkatı tərəfdarlarının səfərbərliyini elan edib. Buna səbəb ABŞ-ın Suriyaya zərbə endirmək planları ilə bağlı yayılan məlumatlardır. “Hizbullah” döyüşçülərinin öz postlarını tərk etdikləri və mobil telefonlarını söndürdükləri bildirilir.

“Yaxın Şərq alovun yaxınlaşdığı barıt çəlləyinə bənzəyir”

“Suriyaya zərbənin endirilməsi ekstremizmin yayılmasına gətirib çıxaracaq. Həmçinin bu, Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola bilər. Yaxın Şərq alovun yaxınlaşdığı barıt çəlləyinə bənzəyir”. Bunu isə “Fiqaro” qəzetinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.
Kənardan hərbi müdaxilənin olacağı halda Suriyanın cavabının necə olacağına gəldikdə isə Əsəd bu halda müharibənin bütövlükdə bir bölgəni əhatə edəcəyini deyib: “Heç kim bilmir nə baş verəcək. Barıt çəlləyi partlayandan sonra hamı duruma nəzarəti itirəcək. Xaos və ekstremizm yayılacaq”.

İran yenə müxalifəti ittiham edir

“Iran 8 ay əvvəl müxaliflər və onları dəstəkləyən qüvvələr tərəfindən Suriyaya zarin qazı keçirildiyi barədə xəbərdarlıq edib”. Bu barədə Iranın müdafiə naziri Hüseyn Dehqan bildirib. Onun sözlərinə görə, ABŞ hazırda Suriyada hərbi balansı dəyişə biləcək gücə sahib deyil: “Ona görə də məhdud çərçivədə hücumla müxaliflərə mənəvi güc verməyə səy göstərir”. H.Dehqan deyib ki, ABŞ sülhün nə demək olduğunu anlamır və müharibə çığır-bağırı salmaqla məşğuldur: “ABŞ kimyəvi silah hücumunu bəhanə edərək Suriyaya hərbi müdaxilə etmək istəyir”.

Şeyx Suriyaya müdaxiləni pislədi

“Amerika Birləşmiş Ştatları tərəfindən Suriya ərazisində hərbi əməliyyatlara başlanılacağı barədə xəbərlər bütün dünya ictimaiyyətini, o cümlədən, Qafqaz Müsəlmanları Idarəsini narahat edir və diqqət mərkəzindədir. Bu hadisələrin gedişatı ümumən bəşəriyyətin taleyinə təsir edə bilər”. Bu barədə QMI-nin Suriya hadisələri ilə bağlı yaydığı bəyanatda qeyd olunur. Bəyanatda bildirilir ki, insanlıq əleyhinə cinayət törətmişlərin məhvi adı ilə günahsız insanların cəzalandırılması heç bir halda qəbul edilə bilməz: “Heç bir dövlətə demokratiyanı süngü uclarında gətirmək müyəssər olmadığı kimi, təcavüz və kənardan müdaxilə ilə də heç bir xalqı xoşbəxt etmək mümkün deyil. Bunun sonu görünməyən acı nəticə və gələcək fəsadlarını dünya Əfqanıstan və Iraqın nümunəsində görməkdə davam edir”.
QMI ümid edir ki, ABŞ vətəndaşlarının iradəsini ifadə edən Konqress bütün dünyadan səslənən “Müdaxiləyə yox” sədalarına biganə qalmayacaq və Suriyada hərbi əməliyyatlarla bağlı qərara “yox” deyəcək: “Bu, həm ABŞ-ın dünyadakı nüfuzunu artırar, həm də dünyamızı daha böyük fəlakətlərdən xilas edər. Dünya miqyasında sülh mükafatına layiq görülmüş ABŞ prezidentindən də gözləntimiz məhz bu yöndədir.
Biz dünya ictimaiyyətini, Birləşmiş Millətlər Təşkilatını, dünya dini liderlərini Suriyadakı qanlı münaqişənin tezliklə qarşısının alınması üçün səylərini qətiyyətlə səfərbər etməyə və problemin yalnız dialoq yolu ilə həllinə çalışmağa səsləyirik. Biz o bir olan Allaha dua edirik ki, Suriya torpağında hərbi əməliyyatlar barədə qərar tezliklə xətm olunsun, beynəlxalq hüququn gücü ilə həm bu torpaqlarda, həm də bütün dünyamızda sülh bərqərar olsun”(APA).
Bu arada Iranın Xarici Işlər Nazirliyi (XIN) bu ölkənin eks-prezidenti Rəfsəncaninin fikirlərinin təhrif olunması barədə məlumat yayıb. Xatırladaq ki, Rəfsəncaninin adından yayılan açıqlamada bildirilirdi ki, Suriyada Əsəd rejimi tərəfindən vətəndaşlara qarşı kimyəvi silahdan istifadəni istisna etmir. Iranın XIN-i isə bəyan edib ki, Rəfsəncani belə fikir səsləndirməyib, onun dedikləri təhrif olunub.