Bidzina İvanişvili istefaya gedəcəyi günü açıqlamadı – o bu barədə ayrıca məlumat verəcək
Gürcüstanın baş naziri Bidzina İvanişvili gürcü cəmiyyətinə geniş məktubla müraciət edərək oktyabrın 27-də keçiriləcək prezident seçkilərindən sonra hökumət başçısı vəzifəsindən gedəcəyini, ümumiyyətlə siyasi fəaliyyətinə son qoymaq niyyətində olduğunu təsdiqləyib.
İvanişvili xatırladıb ki, o siyasi karyerasına başlayanda bu sahədə fəaliyyət müddətinin 2-3 il olacağını deyib. Bu vaxt ərzində isə Gürcüstan üçün həyatı əhəmiyyətli bir sıra məsələlərin həllini qarşısına məqsəd qoyub. Onların arasında baş nazir hakimiyyətin yüksək eşalonlarında korrupsiyanın kökünün kəsilməsini, müstəqil məhkəmə sisteminin yaradılmasını, ölkədə biznes mühitinin bərpasını, Rusiya ilə münasibətlərin qaydaya salınmasını, Qərblə əlaqələrin dərinləşməsini göstərib.
Baş nazir 2012-ci ilin oktyabr seçilərində «Gürcü arzusu» koalisiyasının qələbəsindən sonra yaratdığı hökumətin bu problemlərin həlli istiqamətində effektiv çalışacağına əminliyini ifadə edib. Bidzina İvanişvilinin sözlərinə görə, «cəmiyyət daima xilaskar gözləntisi ilə yaşamamalıdır».
Hökumət başçısı ölkədə «emosional patriotizmin» geniş yayıldığını deyib. Bu səbəbdən də əhali onun partiyasına təqdim etdiyi proqramından xəbərsiz, sadəcə prezident Mixail Saakaşviliyə nifrətdən səs veriblər.
Baş nazir bildirib ki, o təkcə hökumət başçısı postundan deyil, eyni zamanda «Gürcü arzusu» koalisiyasının rəhbərliyindən gedəcək və sadə «fəal vətəndaş» olacaq.
Baş nazir istefaya gedəcəyi günü açıqlamayıb və prezident seçkilərinin uğurla keçdiyinə əmin olandan sonra bu barədə ayrıca məlumat verəcəyini deyib.
Baş nazir həmçinin «Gürcü arzusu»nun namizədi Giorgiy Marqvelaşvilinin qələbəsinə şübhə etmədiyini də dilə gətirib. 5 mlrd dollardan artıq sərvətlə Gürcüstanın ən varlı adamı olan Bidzina İvanişvili 2011-ci ilin oktyabrından siyasətə gəldiyini bəyan edib və Mixail Saakaşviliyə müxalifətdə olub. Bir il sonra isə İvanişvilinin rəhbərliyi etdiyi «Gürcü arzusu» koalisiyası parlament seçkilərində qalib gəldi, milyarder özü isə baş nazir oldu.
azadlıq.info