“Siyasi sifariş olsa, cinayət işi açılacaq”

Eldar Namazov: “İttihamlardan biri EL hərəkatı və Milli Şuranın Soros Fondundan maliyyələşməsi haqdadır”

EL hərəkatının sədri, Milli Şuramım İcra Aparatının rəhbəri Eldar Namazov sentyabrın 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ikinci dəfə ifadə verib. Dindirmə başa çatandan sonra Eldar Namazov “Media forum” saytına danışıb: “Avqustun 29-da ifadə vermişdim. İfadənin ardını almaq üçün məni yenə dəvət etdilər. Bizdən açıq-aydın, bilərəkdən yalandan xəbərçilik edilib. Bizi mövcud olmayan, heç vaxt baş verməmiş bir cinayətdə ittiham edirlər. Cinayət Məcəlləsi bilə-bilə yalandan xəbərçilik etməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Yalandan xəbər verənlərə üç ildən səkkiz ilədək iş düşür. Həmin adam dələduzluğa görə bir dəfə məhkum olunub. Eyni zamanda nəzərə almaq lazımdır ki, onun özü ekstremist çıxışlar edib. Bunu sübut edən video da yayılıb. Bütün bunları nəzərə alaraq əminliklə deyirəm ki, EL hərəkatının rəhbərlərini istintaqa çağırıb dindirməyə heç bir əsas yoxdur.

İttihamlardan biri EL hərəkatı və Milli Şuranın Soros Fondundan maliyyələşməsi haqdadır. Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olanların hamısı bilir ki, Soros Fondu uzun illərdir ölkəmizdəki nümayəndəliyini bağlayıb, fəaliyyət göstərmir. On il bundan əvvəl MDB məkanında dəbdə olan ittihamları indi bizə qarşı sürürlər. Guya Soros Fondu çevriliş hazırlayır. Azərbaycan hakimiyyəti indi də bu şüarlardan istifadə edir. Amma nəzərə almır ki, fond Azərbaycanda fəaliyyət göstərmir. Buna bənzər əsassız ittihamlardır.

Bu ittihamları irəli sürən adam daim öz fikirlərini dəyişir. Özünü gah Milli Şuranın üzvü, şuranın təsisçisi, gah EL hərəkatının sədr müavini kimi təqdim edir. Bütün bunlar aşıq-aydın formada onu göstərir ki, olaylar siyasi sifarişdən başqa bir şey deyil. Bununla bizim diqqətimizi seçki prosesindən kənara yönəltmək, vaxtımızı almaq, EL hərəkatının əl-qolunu bağlayıb proseslərdən kənarlaşdırmaq istəyirlər. Bu, son beş ayda EL hərəkatına qarşı üçüncü təzyiq dalğasıdır. Amma bu da reallıqdan uzaq istəkdir. İstənilən halda fəaliyyətimizi davam etdirmək əzmindəyik. Əvvəlki iki təzyiq dalğası EL hərəkatının fəaliyyətinə mənfi təsir göstərmədi. İndi üçüncü dalğa başlayıb. Bu cəhdin nəticəsi də əvvəlkilər kimi olacaq və biz yolumuzdan dönməyəcəyik.

Müstəntiq dedi ki, bu, cinayət işi deyil, araşdırma aparılır. Ancaq hakimiyyət təzyiqləri davam etdirməyi qarşısına məqsəd qoysa, cinayət işi də aça bilərlər. Baxmayaraq ki, bunun üçün heç bir əsas yoxdur.

Müstəntiqin davranışından şikayətçi deyiləm. Ümumiyyətlə belə işlərlə bağlı qərarları müstəntiqlər vermir. Hamıya məlumdur ki, hüquq mühafizə orqanları siyasi qərarların həyata keçirilməsi ilə məşğul olurlar. Siyasi sifariş necə olacaqsa, ona uyğun hərəkət edəcəklər”.