«Mən sizi orada un şorbası və horra üçün oturtmamışam»
Rusiya prezidenti Vladimir Putin bu dəfə də məmurları sərt tənqid etməsilə gündəmə gəlib. “Anspress”in məlumatına görə, prezident Xabarovskdakı Birobica Yəhudi vilayətindəki çıxışı zamanı nazirləri daşqın vaxtı öz evlərini tərk etməli olan sakinlərin həyat şəraitini düşünməyə və bunlara laqeyd qalmamağa çağırıb. Əvvəlcə vertolyotdan təbii fəlakətdən zərər çəkmiş əraziləri seyr edən prezident daha sonra müvafiq nazirlik və qurumları öz işlərinə məsuliyyətlə yanaşmağa səsləyib.
Yerli bələdiyyə, təhsil işçiləri və digər idarə rəhbərlərilə birgə toplantı keçirən Rusiya lideri daşqın zamanı evlərindən didərgin düşmüş və zərər görmüş insanların həyat şəraitinin acınacaqlı durumundan danışıb. Prezident Əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Toplini isə sərt şəkildə tənqid edib.
“Vəziyyət yaxşı deyil. Insanlar mənə yazırlar ki, vəziyyətləri çox acınacaqlıdır. Uşaqlar üçün yemək yoxdur. Körpələrə horra verirlər, lakin onlar bunu yemirlər. Mən kimisə orada un şorbası və horra üçün oturtmamışam. Aydındır ki, bura yay düşərgəsi deyil. Amma yaxşı şərait qurulmalıdır. Insanlar elə yaşamalıdır ki, heç nəyə ehtiyac duymasınlar. Gedin, həmin ərazilərə və kimin nəyə ehtiyacı varsa, gözünüzlə görüb anlayın. Insanlar normal və mədəni şəraitdə yaşamalıdır. Məni eşidirsiniz, nazir Toplin? Siz bu gün orada olmalısınız. Siz sosial müdafiə nazirisiniz. Gedin, sosial problemləri dinləyin, mövcud məsələləri həll edin”, – deyə Rusiya prezidenti bildirib.
Putin evlərin paylanılması zamanı məmurları ədalət prisipinə riayət etməyə çağırıb. Vurğulayıb ki, bu evlər hansısa rəisin qohumları üçün deyil: “Yeni tikilən evlər yalnız fəlakətdən zərər çəkmiş insanlara verilməlidir, hansısa bir rəisin qohumlarına və yaxınlarına deyil! Ümid edirəm ki, prokurorluq da bu məsələləri yoluna qoyacaq və işin gedişatına nəzarət edəcək”.
Vladimir Putin Vladivostoka yollanmamışdan əvvəl administrasiyaya zərərçəkmiş ərazilərlə bağlı dövlət fərmanının layihəsinin hazırlanması göstərişini də verib.