Ingiltərədə hətta şahzadə valideynləri də kollec direktoruna söz deyə bilməz
Britaniyada kral nəslinin XXI əsrdə doğulmuş ilk davamçısının necə böyüyəcəyi, onun tərbiyəsində kral ailəsinin hansı ənənələrdən imtina edəcəyi, həmçinin tətbiq olunacaq yeniliklər əhalinin maraqla müzakirə etdiyi məsələlərdəndir. Bu suallara ilkin cavablar var.
Vilyam və Keytin körpə ilə bağlı planları
Kral ailəsində uşağın tərbiyəsində inqilabi dəyişikliklər gözlənilir. Uşağın valideynləri Vilyam və Keyt çoxsaylı dayələrin xidmətindən imtina ediblər, onların evində bir, amma “universal” köməkçisi var.
Uşaq anadan olandan sonra onu kral sarayına aparmayıblar. Qərara alınıb ki, ilk üç ayda o, ana nənəsinin sadə evində saxlanılsın. Adətən kral ailələrində uşaqların tərbiyəsilə tərbiyəçilər məşğul olur. Amma gənc valideynlər fərqli olaraq, uşağın tərbiyəsilə özləri məşğul olmaq niyyətindədir.
Şahzadə Çarlz məktəbdə gülüş hədəfi olurmuş…
Yeri gəlmişkən, Britaniya kraliçası Yelizavetanın böyük oğlu, taxt-taca yiyələnmək növbəsində bir nömrəli namizəd Çarlz kral ailəsi tarixində ilk dəfə olaraq, evdə rahat təhsil almaq imkanından məhrum edilərək, məktəbə göndərilmişdi. Şahzadə Çarlz başqa məktəblilərlə birlikdə təhsil almış, yeri gələndə öz ünvanına onların “iynəli” sözlərini, kinayəli gülüşlərini də eşitmişdi. O, daha çox köklüyünə görə gülüş hədəfi olurmuş.
Çarlz üçün daha çətin günlər Şotlandiyada Qordonstoun pansionunda başlayıb: hava açılmamış idman və qaçış, havanın soyuqluğuna baxmayaraq, heç bir halda bağlanmayan nəfəsliklər…
“Bura əsl cəhənnəmdir!”, – deyə gənc Çarlz valideynlərinə yazdığı məktublarda şikayətlənirmiş.
Keçmişdə dənizçi olmuş atası isə ona belə cavab verirmiş: “Şikayətlənmə, kişi ol!”
Çarlzın həyat yoldaşı Kamilla da Dambrells pansionunda ağır intizam qaydalarından keçib. Təsadüfi deyil ki, pansionda onunla bağlı belə bir fikir səslənirdi: “Əgər Dambrellsdə tab gətirə bilmisənsə, istənilən yerdə baş çıxara biləcəksən”.
Diana uşaqlarından bilet növbəsinə durmağı tələb edirdi
Kral ailəsi şahzadə Vilyam və Harrini isə daha demokratik böyüdüblər. Vilyam kral nəslinin ilk nümayəndəsi idi ki, onu uşaq bağçasına göndərmişdilər. Bunun bağça olması da bir o qədər əhəmiyyətli deyil. Çünki orada ümumiyyətlə, dövlət bağçası yoxdur. Diana oğullarını sadə böyüdüb. Hamı ilə bərabər kinoya gedən Diana uşaqlarını da özü ilə aparıb, hətta onları bilet növbəsinə dayanmağa məcbur edib. Adi ailələrin uşaqları kimi, onlara da beysbol papaqları geyinməyə, mağazalardan alış-veriş etməyə icazə verib.
Vilyam və Harri məşhur Iton kollecində təhsil alıb. O zaman kollecin direktoru olmuş Con Luis deyir ki, Vilyamı digər şagirdlərdən fərqləndirməyib, bərabərliyi pozmamağa çalışıb.
Onun valideynləri, nənə-babasının nəzarətinə gəlincə, kollec direktoru bildirib ki, doğrusu, kollec və ya öz üzərində ciddi nəzarət hiss eləməyib: “Bizim kollecdəki uşaqların valideynləri direktora müraciət etmirdi. Onların bütün sualları tərbiyəçilərə ünvanlanırdı. Başqa cür ola da bilməzdi”.
Görün, Ingiltərə krallığında demokratiya hansı həddə çatıb… Hətta kraliça da nəvələrinin işilə bağlı onların təhsil aldığı kollecin rəhbərinə söz deyə bilməz. Çünki orada qayda belədir: burada şahzadələr yoxdur, burada tələbələr var!
Desant olmaq arzusu
Təəccüblü deyil ki, Çarlz və Diananın oğulları ərköyün böyüməyib. Hərbi sahəni seçən şahzadə Harri hərbi xidmətin ağırlığından qorxmayaraq, Əfqanıstana getdi. Hərçənd, məlumdur ki, orada şahzadəni xüsusi qoruyublar. Amma müharibədə heç kim heç nədən sığortalanmayıb.
Şahzadə Vilyam isə kollecdən sonra universitetə girməyi təxirə salaraq, bütün dünyada məşhur olan SAS adlı hava-desant qoşunlarında ən azı, beş il xidmət etməyi arzulayırdı. Ümumiyyətlə, desant olmaq onun uşaqlıq arzusu idi. Kral ailəsinin iki nömrəli varisi bu arzusuna çatmadı.
Tələbəlik illərində Vilyam tikinti sahəsində fəaliyyət göstərərək, xeyriyyə ekspedisiyasının tərkibində Çiliyə gedib. O, digər tələbələrlə bərabər istənilən ağır işi görürdü.
Sonradan evsiz gənclərə yardım üzrə xeyriyyə təşkilatının rəhbəri olan şahzadə hətta bir dəfə evsizlərlə birgə soyuq qış günündə körpünün altında da gecələyib, ertəsi gün isə uşaq evinə gedərək, oradakı uşaqlar üçün səhər yeməyi hazırlayıb.
Bu gün Vilyam, başqa sözlə, Uels leytenantı təyyarəçi-xilasedici kimi xidmətdədir. O, digər zabitlərlə eyni məişət şəraitində yaşayır.
Bütün bunlar düşünməyə əsas verir ki, o, bu yaxınlarda dünyaya gəlmiş övladı üçün yaxşı ata olacaq. Istisna deyil ki, onnun oğlu gələcəkdə desant olmaq istəsə, taxt-tac sahibi olan atası buna razılıq verəcək.
Aytən