ITV-nin fantastik efir qiymətləri

Ekspertlər bunu müxalifətə qarşı atılmış mürtəce addım kimi qiymətləndirir

Seçki dövründə ən mühüm amil təbliğat- təşviqat kompaniyasının  uğurla aparılması və bunun üçün maliyyə vəsaitinin olmasıdır. Bizim ölkədə qeyri-şəffaflıq təkcə seçki qutularının ətrafında deyil, həm də seçkiyə qədərki dövrdə namizədlərin öz təbliğatlarını aparması üçün sağlam rəqabət şəraitinin yaradılmamasıdır.

Belə ki, təbliğat kampaniyası üçün ən vacib amillərdən biri televiziya faktorudur. Hakimiyyət bütün il uzunu telekanallarda öz təbliğatını aparır, rəqiblərinə qarşı isə əks-təbliğatla məşğul olur. Müxalifət namizədləri isə, bu imkandan istifadə edə bilmirlər. Çünki, efir qiymətləri çox bahadır və dövlət namizədlərə maliyyə dəstəyi göstərmir.

Dövlət hesabına maliyyələşən ITV-də qiymətlər kosmik həddə çatır. Belə ki, ITV-nin efirində axşam saat 8 radələrində çıxış etmək üçün, 1 saniyənin qiyməti 50 manatdır. Yəni, prezidentliyə namizəd 10 dəqiqə çıxış etmək istəyirsə, 30 min manat xərcləməlidir. Səhər və günorta vaxtlarında 10 dəqiqə çıxış etmək istəyən şəxs 12-30 min manat civarında pul ödəməlidir. Ictimai radioda isə, 10 dəqiqəlik çıxış 4-24 min manat arasındadır. Onu da qeyd edək ki, bu qiymətlərə ƏDV daxil deyil. Yəni, ƏDV-i də üstünə gəlsək namizədlər daha çox pul ödəməlidilər.

Bəs, bu qiymətlər nə qədər ədalətlidir, Azərbaycan reallığında bu qiymətlər nəyə əsasən müəyyən olunur?

Ekspert Mahal Ismayıloğlu hesab edir ki, seçki xalqın, dövlətin taleyində mühüm hadisə olduğu üçün, istənilən televiziya kanalında təbliğatın pullu olmağı absurddur: “Hakimiyyət efir vaxtının şou proqramlara, lazımsız mövzulara dolmasında maraqlıdır. Çünki, əhalinin fərqli fikir eşitməsi, ölkədəki əsl mənzərəni görməsi hakimiyyətə lazım deyil. Qiymətlərin yüksək olması isə, müxalifətin efir vaxtı əldə edə bilməməsi üçündür. Televiziya ilə təbliğat aparmaq istəyənləri bu prosesdən kənarlaşdırmaq istəyirlər. Hkimiyyət digər tərəfdən iddia edir ki, onun təbliğata ehtiyacı yoxdur. Necə ola bilər ki, bu qədər yalan, talan, korrupsiya içində üzən hakimiyyətə təbliğat lazım olmasın. Hakimiyyət bütün telekanalları bütün dövrlərdə öz təsirində saxladığı üçün, öz xeyrinə olan istənilən təbliğatı, apara bilir”

Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, hər bir özəl şirkət müəyyənləşdirdiyi reklam qiymətini insanlara təklif edə bilər, Ictimai Televiziynın isə, bu addımı absurddur: “Ölkədə reklam bazarı yoxdur və bu da nəticə etibarilə qiymət həddinə təsir göstərə bilir. Özəl və dövlət telekanalları üçün qanunvericilik tələbləri olmalıdır. Ictimai Televiziyada isə, belə bir həddin müəyyənləşdirilməsi başa düşülən deyil. Çünki, Ictimai Televiziyanın vəsaitləri dövlət tərəfindən ödənilir. Belə bir qurumun kommersiya maraqlarına uyğun olaraq marketinq qiymətlərini müəyyənləşdirməsi hüququ yoxdur. Və bu halın seçkili orqanlara tətbiq edilməsi, Ictimai Televiziyanın siyasətə birbaşa müdaxiləsi kimi qiymətləndirilməlidir. Bu ondan xəbər verir ki, Ictimai Televiziya ictimai maraqların ifadəçisi olan bir tribuna deyil, hakimiyyətin sifarişin həyata keçirən institutdur”

AXCP Ali Məclisinin sədri Həsən Kərimov hesab edir ki, efir qiymətlərinin yüksək olması, müxalifətin seçki kampaniyasında iştirakını məhdudlaşdırmaq məqsədi güdür: “Hakimiyyət çoxsaylı süni alternativlər yaratmaqla, müxalifətin efir vaxtını azaltmaq məqsədi güdür. Hakimiyyət müxalifətin maliyyə imkanlarının məhdud olduğunu bilir.   Azərbaycan hakimiyyətinin seçki öncəsi belə bir efir siyasəti həyata keçirməsi, təbliğat kampaniyasına vurulan zərbədir. Hakmiyyət özünə rəqib bildiyi qüvvələrin xalqla birbaşa təmasını bacardığı qədər əngəlləmək istəyir. Çünki, real müxalifətin namizədi ölkədəki vəziyyəti, hakimiyyətin yalanlarını ifşa edə bilər”

Ilham