Müxalifət namizədinə əlavə problemlər yaratmaq məqsədi güdür
Türkmənistan prezidenti sonuncu seçkidə namizədlər üçün ayrılan efir vaxtından öz payını digər namizədlərə verib
Prezident seçkisi yaxınlaşdıqca hakimiyyət əsas rəqibi olan müxalifət namizədinə müxtəlif maneələr yaratmaq variantları üzərində çalışır. Bunlardan biri kimi namizədlər üçün nəzərdə tutulan efir vaxtını göstərmək olar. Belə ki, Seçki Məcəlləsinin 80-ci maddəsinə (Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir vaxtının verilməsi şərtləri) əsasən, prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda).
Pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür. Bu o da deməkdir ki, namizədlərin sayı artdıqca onlara ayrılacaq pulsuz efir vaxtı da azalır. Mübarizənin əsas Ilham Əliyevlə müxalifət namizədi arasında gedəcəyini və ölkə başçısı üçün efir məhdudiyyətinin olmadığını nəzərə aldıqda, hakimiyyətin məhz müxalifət namizədinə əlavə problemlər yaratmaq məqsədi güddüyünü demək mümkündür.
Hakimiyyət rəsmiləri heç yerdə namizədlərə pulsuz efir vaxtının verilmədiyi ilə bağlı dedikləri isə həqiqəti əks etdirmir.
Bu il prezident seçkilərinin keçiriləcəyi qonşu Gürcüstanda Seçki Məcəlləsinə əsasən, Ictimai Teleradio 30 günlük seçkiqabağı təşviqat kampaniyası ərzində namizədlərə hər gün 4 saat (2 saat televiziyada, 2 saat radioda) ödənişsiz efir verilir. Pulsuz efir vaxtı namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.
Fransada prezidentlik iddiasında olan hər bir namizədə 43 dəqiqə efir vaxtı ayrılır. Bu vaxt ərzində o bütün yerli telekanallar və radiolarda çıxış edə, 1,5-3,5 dəqiqə davam edən videoroliklər təqdim edə bilər.
Rusiya qanunvericiliyinə əsasən, prezidentliyə namizədlərin hər birinə üç yerli telekanalda bir saat efir vaxtı ayrılır. Bundan əlavə, namizədlər arasında debatlar üçün imkan yaradılır.
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov sonuncu prezident seçkilərində namizədlər üçün ayrılan efir vaxtından öz payını digər namizədlərə verib.
Ermənistanda seçki kampaniyasının ilk dövründə hər bir namizədə Ictimai Televiziya efirində iki dəqiqə, son beş gündə isə üç dəqiqə pulsuz efir vaxtı ayrılır. Eyni zamanda Ictimai radio kampaniyanın ilk dövründə gündə iki dəfə hər biri iki dəqiqə, son beş gündə isə iki dəfə hər biri üç dəqiqə olmaqla pulsuz vaxt ayırır. Ümumilikdə hər bir namizədin bir saat pulsuz efir vaxtında istifadə etmək imkanı var.
Göründüyü kimi, rəsmilər dediklərinin əksinə olaraq bir çox ölkələrdə namizədlərə pulsuz efir vaxtı ayrılır və bu vaxt namizədlərin sayından asılı deyil.
Fizzə