Hakimiyyəti necə dəyişəcəyik?

Dərdi yad dildə demirik, dərmanı yad yerlərdə axtarmırıq

Xalq üçün xalqla birgə…

O deyir ki, biz bütün millətlərdən ədalətimizlə seçilirdik, onu (ədalətimizi) itirincə, ortalıqda itdik. Bizi bir də ədalətimizi bərpa edə bilməyimiz dirildə bilər. Biz solçuluğa meylliyik, çünki ehtiyacı olana yardım etməyi sevirik. Biz sağçılığımızı da sevirik, çünki özümüzə sayqımız böyük və sonsuz. Biz özümüzə hörmət etməyi bacardıqca faşizmdən arınma gücümüzü qoruyacağıq. Biz Tanrının varlığında görürük hər şeyi, çünki dünyanı bir bütün kimi sevirik. Bunu anladıqca isə güclü oluruq. Türkük, müsəlmanıq və ədalətliyik…
Bütün bunları Cəmil Meriç deyib. Türk dünyasının böyük fikir adamı, sosioloqu və şairi. Əslində, onun bu fikirləri həm də ona görə maraqlıdır ki, Cəmil Meriç fəlsəfi düşüncələr tarixinin əslində, siyasi düşüncələr tarixini təqib elədiyini aydın ortaya qoyur. Onun konsepsiyasına görə, millətlər savaşanda deyil, hədəflərini müəyyən edəndə qalib və ya məğlub olurlar. Doğru yol seçən yolda qalmaz.

Dəyişmək, yoxsa dəyişilmək?

Dəyişmək, yoxsa dəyişilmək? Ikinci anlayışı daha çox (özünü də dəyişmək) kimi işlədirlər. “Indiki cavanlar çox korlanıblar” xəbərinin 3 min yaşı qeyd edilən bu günlərdə Azərbaycan da dəyişikliklər ərəfəsindədir. Təbiət özünü dəyişdirməklə başlayır həmişə, fəsilləri dəyişir, yeni həyata qədəm qoyur, təzədən başlayır. Cəmiyyət də bunu bioloji mənada edir. Daha doğrusu etməyə bilmir. Amma fikri mənada özünü dəyişdirmək təbii iradə deyil, həm də əqli iradədir. Biz hakimiyyəti dəyişdirmək iddiasındayıq. Nədir bu hakimiyyətin mahiyyəti? Onu dəyişmək nə deməkdir? Zahiri və mahiyyət anlamında bu necə baş verəcək?

Ramizlə Ramizin fərqi – soyadlarımı?

Görünüşdə hakimiyyəti dəyişmək budur ki, Ilham Əliyev gedir, Cəmil Həsənli gəlir. Birincinin komandası gedir, ikincinin komandası gəlir. Bu əlbəttə ki, hakimiyyət dəyişikliyidir. Amma mahiyyəcə dəyişiklik deyil. Ilham Əliyevin siyasi hakimiyyəti kəndlinin yaddaşında onu torpağını satmağa məcbur edən feodal kimi, fəhlənin yaddaşında onu 12 saat əmək müqaviləsi olmadan işlədib, 6 saatın maaşını verən mülkədar kimi, alimin, ziyalının yaddaşında 120 manat maaş verib rüşvətə sürüklənməyə məcbur edən cinayətkar kimi, gəncliyin yaddaşında universitetləri korrupsiya və bilgisizlik yuvasına döndərən biriləri kimi qalıb. Yeni hakimimiyyət bu mahiyyəti dəyişdiyi halda, hakimiyyət dəyişmiş olacaq. Və bu, hakimiyyətin mahiyyətcə dəyişməsi olacaq.

Özünü dəyişmək

Əslində, özünü dəyişməkdir bütün bunları həyata keçirə bilmək. Şərdən mədət ummamaq, hər şeyi mənafelər tərəzisi ilə ölçməmək, böyük varlığın bir parçası olduğuna, bu mahiyyətdə xeyri təmsil etdiyinə inanmaq və qaranlığa təslim olmamaq, bilgini enerjiyə çevirməyi bacarmaq. Bunları edə bildikcə topluma xeyir vermək gücü də artır. Özünü dəyişdirmək başqasını özün kimi sevməyi bacarmaqdır. Özünü dəyişdirmək ictimai yükü öz yükün saymaqdır. Özünü dəyişdirmək bilginin mənbəyinə inamı daim saxlamaq, onu başqalarının faydasına işlətməkdir. Bütün bunları etmək, şər dediyin, üz-üzə durduğun qüvvə ilə fərqlənməyin ən sadə və bariz yollarıdır. Pisi arxada qoymaq lazım deyil, onu yana itələmək lazımdır.

Siz nəyə inanmalısız?

Cəmil Meriç deyir ki, sən fərqinə inanmalısan. Biz başqa dildə deyilmiş gözəl sözləri öz həyatımıza tərcümə etməliyik, dilimizə yox. Düşüncəmizi həyatımızdan ayıra bilmərik. Biz yaşadığımız barədə düşünməliyik. Onu sevmək üçün də, dəyişmək üçün də. Oxuya bilmədiyimiz mətnləri anlaya, anlaya bilmədiyimiz həqiqətləri yaşaya bilmərik. Ya da ki, belə, biz ən yaxşı yaşadığımız həqiqətləri anlaya, sevə, dəyişə bilərik.

Nədir bizim həqiqətimiz?

Biz gözümüzü uzaqlara dikmişik, sanki… Insanlarımız gücün öz daxilimizdə olduğuğunu qəbul etmək istəmirlər. Onlara elə gəlir ki, nəsə uzaqlarda baş verən bir hadisə onların həyatını dəyişə bilər. Bunu rəhmətlik Axundov “Parisi partlatmaq”la bizə aydın göstərdi. Bəzən də talesizlikdən bu bu fallar düz çıxırmış kimi təsadüflər bir milləti yüz illərlə aldatmağa bəs edir. Özünə inanmayan kimə desən inanar. Yalnız özünə inananlar çıxış yolunu özündə görür, taleyi üçün özünün narahat olmalı, bir şeylər etməli olduğuna inanır. Bu bizim həqiqətimizdir ki, biz özümüzə özümüz üçün də inanmırıq. Çox təəssüf ki, bunu daha çox elə gedib o qüdrətini tapmış toplumlarda yaşayıb, oxuyub gəlmişlərimiz dərinləşdirir. Gücün mənbəyini tapmaqda yardımçı olmaq əvəzinə, başqalarına inama kökləyirlər. Biz isə bu həqiqəti görürük, anlayırıq, amma sevmirik. Deməli, dəyişmək istəyirik!

Nəcə dəyişək, bəs?

Əslində, həyatı çətinləşdirənlər onunla özgə dildə danışanlardır. Biz hər şeyi öz dilimizdə, öz həyatımızın dilində deməyi, tələb etməyi, arzulamağı, yaşamağı seçirik!  Biz istəyirik ki, əli qabarlı insanlarımız zəhmətləri müqabilində yaşaya bilsinlər, bir qarın yemək uğrunda mübarizə aparan qula çevrilməsinlər. Bunu daha sadə necə demək olar? Biz istəyirik ki, həkimlərimiz ölüm, müəllimlərimiz xəstəlik kabusuna çevrilməsin, elm və sağlamlıq üçün çalışsınlar, şagirdə, tələbəyə, xəstəyə dolanışıq mənbəyi kimi baxmasınlar. Bu çoxmu çətin bir işdir? Bunu necə ifadə edək ki, “ağıllı” desinlər bizə?
Biz istəyirik ki, sahibkarın başının üstündə dövlət orqanları yadelli yağmaçılar kimi durmasın, onu karvanbasanlar kimi soymasın. Çoxmu qəliz şeylər istəyirik? Bunu latın dilindəmi yazaq?
Biz istəyirik ki, Ordumuz ölüm maşını kimi gənc insanlarımızı yeməsin. Polisimiz insanlarımızın qorxu deyil, güvən yerinə çevrilsin. Xüsusi xidmət orqanları düşmən dövlətlərlə mübarizə aparsın. Biz istəmirik ki, dindarlarımız Allaha hansısa ölkənin vasitəsilə inansınlar. Biz istəmirik ki, dövlətimiz insanlarımızın inancı üçün təhlükə olsun. Biz istəyirik ki, hər kəs məhz bizim ölkəmizdə rahat yaşayıb, ibadət edib, xoşbəxt olacağını anlasın.
Bunları təmin etmək məhz bizim vəzifəmizdir, biz bu həqiqətə inanmalıyıq. “Qonşuya ümid olan şamsız qalar” deyən müdriklər indiki dildə belə deyiblər, “qazanmadığınız heç nə sizin deyil”, sizin olmayanla da uzun müddət xoşbəxt ola bilməzsiz. Bunları həyata keçirmək üçün elə bu cür sadə şəkildə də anlamaq lazımdır. Mürəkkəbliyə varmadan dərdi bilmək lazımdır ki, dərmanı tapmaq da asan olsun.

Əllərinizi qaldırın!

Əllərinizi qaldırın, görün ki, nə qədər çoxsuz. Əllərinizi bir-birinizin kürəyinə qoyun, görün ki, nə qədər arxayınsız. Əl-ələ verin, görün ki, necə də güclüsüz. Bunları mütləq edin, sınayın. Gücünüzə, tək olmadığınıza inanmaq üçün! Dəyişikliyin ən başlıca yolu olan özünü dəyişməyin məhz belə baş verəcəyini duymaq üçün!