Cəmil Həsənlinin imza toplama kampaniyası başa çatır

Milli Şura namizədinin qərargah rəhbərləri görülən işlərin hesabatını verdi

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin təşəbbüsü ilə ötən gün Seçki Qərargahında iclas keçirilib. 3 saata yaxın davam edən iclasda partiya sədrləri və Seçki Qərargahının rəhbərləri iştirak edib.
Iclas barədə “Azadlıq”a AXCP Ali Məclisinin sədri, Cəmil Həsənlinin Seçki Qərargahının həmsədri Həsən Kərimov məlumat verib: “Iclasda Cəmil Həsənlinin Seçki Qərargahı Strateji Mərkəz kimi elan edildi. Bundan sonra seçki məsələləri əsasən burada müzakirə olunacaq. Milli Şuranın vahid namizədinin seçkiyə hansı şüarlarla gedəcək, platformanın müzakirəsi, ana xətti təşkil edən şüarımız nədən ibarət olacaq, bu ətrafda müzakirələrimiz getdi və bu müzakirələr davam edir. Eyni zamanda seçki qərargahının həmsədri kimi Arif Hacılının və mənim hesabatlarım dinlənildi, bu günə qədər olan imzaların toplanması ilə əlaqədar məlumat verdik, yerlərdə olan problemlərlə bağlı həm Cəmil Həsənlini, həm də digər partiya rəhbərlərini məlumatlandırdıq”.

Həsən Kərimov bildirdi ki, təqribən 35 minə yaxın imza toplanılıb. Əyalət rayonlarından doldurulmuş imza vərəqələri Seçki Qərargahına daxil olmağa başlayıb.
Həsən Kərimov onu da qeyd etdi ki, ilk aksiya sentyabrın 15-20-si arasında Bakıda təşkil olunacaq. Ondan sonra aksiyalar regionlarda təşkil oluncaq.
O, bu aksiyalar yerli icra hakimiyyətlərinin ayıracaqları qapalı və açıq yerlərdə keçiriləcəyini dedi: ?Təbii ki, biz daha çox açıq yerlərdə aksiyalar keçirmək niyyətindəyk. Ancaq bütün bunlar yerli icra hakimiyyətinin qərarından asılı olacaq. Biz respublikanın əsas regionlarında aksiyalar və görüşlər keçirməyi planlaşdırırıq”.
AXCP Ali Məclisinin sədri bizimlə söhbətində onu da bildirdi ki, dünən axşam saatlarına qədər regionlarda imza toplayan koordinatorlarından aldıqları məlumatlara görə, imza kampaniyası yekunlaşmaq üzrədir: “Artıq regionlara göndərilən imza vərəqələri Seçki Qərargahına daxil olur. Düşünürəm ki, sabah (bu gün – red.) günün sonuna qədər imza vərəqələrinin hamısı doldurulacaq və Cəmil bəyin imza kampaniyası yekunlaşdırılacaq”.
Müsavat başqanının müavini Gülağa Aslanlı bizimlə söhbətində bildirdi ki, Cəmil Həsənlinin Seçki Qərargahı imzaların toplanması işini davam etdirir: “Artıq qərargaha imza vərəqələri daxil olmaqdadır. Eyni zamanda imzaların yoxlanmasına başlamışıq. Hər şey normal gedir. Imzaların toplanmasında böyük təzyiqlər olmayıb. Kiçik təzyiqlər işimizi dayandırmayıb. Sentyabrın 5-nə imzaların yoxlanılması prosesi bitəcək və biz imzaları MSK-ya təqdim edəcəyik”.

Ramin