Tarix Respublikası

Əminliklə deyə bilərik ki, dünyanın ən uzun bayraq dirəyi, ən uzun tortu, ən böyük paxlavası kimi ən böyük Tarix Muzeyi də bizdədir. Bəli, bizim ölkəmiz hazırda başdan-ayağa bir Tarix Muzeyidir, hətta onu, Tarix Respublikası da adlandırmaq olar və lazımdır, 9 oktyabrda Respublikanın tarixə çevrilməsi tamamilə rəsmiləşə bilər.

Daha möcüzəli olan isə odur ki, bu Tarix Muzeyinin eksponatları – xanlar, kəndxudalar, saray təlxəkləri, yüzbaşılar, onbaşılar, Şeyx Nəsrullahlar, Xudayar ağalar, – bir sözlə, keçmişə aid nə varsa, hamısı canlıdır, yenə də iş başındadırlar.

Üstəlik, ibtidai icma dövrünün, quldarlıq quruluşunun bütün qayda-qanunları, həyat və düşüncə tərzi də qalır, yaşayır, bizim milli-mənəvi dəyərlərimiz kimi uca tutulur, toxunulmaz saxlanılır. Heç küçələrə quraşdırılan bahalı çilçıraqlar da sizi aldatmasın, onların hər birinin arxasında keçmişin dibsiz, zülmət qaranlığı dayanır.  

Dünənki bir xəbər bu dediklərimizdə nə qədər haqlı olduğumuzun yüzlərcə, minlərcə təsdiqindən sadəcə, biridir.    

Deməli, Azərbaycan Dəmir Yolları Idarəsinin rəisi Arif Əsgərov Tovuzda Dəmiryol Stansiyasının rəisi olan qardaşını işdən çıxarıb, onun vəzifəsinin icrasını isə… kirvəsinə tapşırıb!

Əslində burada təəccüblü heç nə yoxdur. Əksi baş versəydi, təəccüblənə bilərdik. Bizdə tayfa-klan, qohum-əqrəba hakimiyyətidir. Məsələn, elə həmin bu Tovuzun icra başçısı Dövlət Yol Polisi Idarəsi rəisinin qardaşıdır. Onun başqa bir qohumu – əmisioğlu isə Qazağın icra başçısıdır. 

Ölkənin hər yerində və hər sahədə eyni prinsip işləyir. Tayfabazlıq, qohumbazlıq idarəetmə normasıdır, hətta utanmadan bunun adını “dövlətçilik” də qoyanlar var. Mağara təfəkkürü ilə hansı dövlət qurmaq olar? Əgər bir ölkədə bütün vəzifələr və sahələr bir ovuc adama, onların xalauşaqlarına, əmioğlanlarına, yeznələrinə, qayınlarına, bacanaqlarına, kürəkənlərinə məxsusdursa, hansı dövlətçilikdən danışırıq? 

Təzəlikcə Xarici Işlər Nazirliyi (XIN) ilə bağlı “Yeni Müsavat” qəzeti maraqlı faktlar açıqladı. Sadalanan faktlardan belə məlum olurdu ki, diplomatiyadan, ingilis dilindən bixəbər məmur övladları XIN-də işə götürülür, səfirliklərdə yüksək vəzifələrə təyin olunurlar. Əlbəttə, 21-ci əsr üçün utancverici bir durumdur. Amma digər tərəfdən də düşünürsən ki, sanki digərlərində vəziyyət fərqlidirmi? XIN-i də belədir, DIN-i də, GIN-i də, KTN-i də. Başqa cür ola da bilməz. Çünki bu, normadır. Sistemin varlıq səbəbidir. Onun ayaqda qalma sirlərindən biridir. Ölkədə ancaq bir ovuc adam və onların qohum-əqrəbası hər şeyə layiqdir, hamıdan bacarıqlı, qabiliyyətlidir. Azərbaycanda ən yaxşı paltarları Fəxriyyə Xələfova tikir, ən yaxşı musiqiləri Kəmaləddin bəstələyir, ən yaxşı şeirləri Sona Vəliyeva yazır, ən yaxşı taxıl sortlarını Cəlal Əliyev yetişdirir, ən yaxşı mahnıları Emin Ağalarov oxuyur, turnikdə ən yaxşı Ilham Əliyev çəkinir, ən yaxşı filosof Ramiz Mehdiyevdir və s. Və i.a.

Xalqa gəlincə isə, biz düzələn millət deyilik. Sadə vətəndaşlar heç avtobusa, metroya minib-düşə bilmirlər. Demokratiyaya hazır deyillər. Rüşvət verən olmasa, rüşvət alan da tapılmaz. Ölkə gündən-günə abadlaşır, gözəlləşir, yeganə problem odur ki, xalqımız hələ də yeraltı keçidlərdən istifadə etməyi öyrənməmişdir.

Axırda nə olur? Axırda məcbur olur “Qaçqınkom” sədri Əli müəllim Həsənov bizim yerimizə utanmalı olur. Axı o niyə bizim yerimizə utanmalıdır? Bəzi antimilli ünsürlər, elementlər də Əli müəllimin alma kimi qırmızı yanaqlarına baxıb elə fikirləşir ki, bu, onun yağ-bal içində yaşadığına, kef-damaq sürdüyünə, korrupsiya dənizində üzdüyünə, qaçqın pulunu basıb yediyinə görədir. Əlbəttə yox! Sadəcə, o bizim yerimizə utanıb-qızardığı üçün belədir. Əli müəllim haqsızdırmı? 20 ildir bir ölkə layiq olmayan, oğru, əyri əllərə təslim edilib, amma müxalifətin, xalqın əlindən bir iş gəlmirsə, bu çirkin, çağdışı gedişatı durdura bilmirsə, onun yerinə utanmayasan, neyləyəsən?

Gəlin 9 oktyabrda əl-ələ verək, Əli Həsənovu bu əziyyətdən xilas edək!